Kontentə keç

GƏNCLƏRİN SUALLARI

İkili həyat sürməyə necə son qoya bilərəm?

İkili həyat sürməyə necə son qoya bilərəm?

 Bəzən Yehovaya xidmət edən kəslər düşünür ki, Müqəddəs Kitab prinsipləri ilə yaşamaq insanın vaxtını və gücünü əlindən alır (Zəbur 73:2, 3). Onlar hətta Yehovanın qanunlarına zidd olan iş tuturlar və başqalarının gözündən pərdə asmaq üçün bunu ört-basdır edirlər.

 Bu məqalə qədəm qoyduqları səhv yoldan dönmək istəyən insanlar üçün nəzərdə tutulub.

Bu məqalədə

 İkili həyat sürmək nə deməkdir?

 İkili həyat sürmək o deməkdir ki, sən Yehovaya xidmət etməyən həmyaşıdlarının yanında olanda Onun bəyənmədiyi işlər görürsən. Bacı-qardaşların yanında olanda isə özünü elə aparırsan ki, guya Yehovaya xidmət etmək istəyirsən. Bununla da ikiüzlülük etmiş olursan.

 «İkili həyat sürəndə hamıdan nəyisə gizlədirsən, heç kəs sənin əslində necə bir insan olduğunu bilmir. Bu, nadürüstlükdür» (Erin).

 Bilirsən? İkili həyat sürməyə təklikdə Yehovanın sevmədiyi işlərlə məşğul olmaq da daxildir.

 «14 yaşım olanda internetdə əxlaqsız şəkillərə və videolara baxırdım. Başqalarının yanında özümü elə aparırdım ki, guya pornoqrafiyaya nifrət edirəm. Amma ürəyimdə bilirdim ki, bu belə deyil» (Nolan).

 Müqəddəs Kitab prinsipi: «Heç kim iki ağaya qulluq edə bilməz. Ya birinə nifrət edib digərini sevəcək, ya da birinə sədaqət göstərib, digərini saymayacaq» (Mətta 6:24).

 İkili həyat sürürəmsə, deməli mən pis insanam?

 Əslində yox. Düzdür, bəzi insanlar Müqəddəs Kitab normalarına uyğun yaşamaq istəmirlər. Amma ola bilsin, səni ikili həyat sürməyə sövq edən başqa səbəblər var. Məsələn:

  •   Yaşıdlarının yanında onlardan fərqli davranmaqdan qorxursan.

  •   Düşünürsən ki, səninki məktəb yoldaşlarınla daha yaxşı tutur, nəinki yığıncaqdakılarla.

  •   Sənə elə gəlir ki, Allahın qoyduğu bütün qanunlara əməl edə bilməzsən.

 «Bütün gənclər istəyir ki, həmyaşıdları onları qəbul etsin. Amma ikili həyat sürən gənclər özlərini məsihi olmayanların yanında daha rahat hiss edirlər, çünki onlara belələri ilə ayaqlaşmaq asandır» (Deyvid).

 Təbii ki, bu səbəblərin heç biri ikili həyat sürməyə haqq qazandırmır. Amma bunlar hətta yaxşı insanların da bu tələyə düşməsinə gətirib çıxara bilər. Əgər ikili həyat sürürsənsə, buna necə son qoya bilərsən?

 İkili həyat sürməyə necə son qoya bilərəm?

  1.  1. Necə həyat sürdüyünü götür-qoy et. Özündən soruş: «Mən həqiqətən belə yaşamaq istəyirəm? Bu cür yaşamağa davam etsəm, nəticəsi necə olacaq?»

     Müqəddəs Kitab prinsipi: «Uzaqgörən bəlanı [duyar]... cahil isə qabağa gedib ziyan tapar» (Məsəllər 27:12).

  2.  2. Dürüst ol. Vəziyyəti valideynlərinə və ya Yehovaya ibadət edən yetkin dostuna danış. Onlar məmnuniyyətlə sənin köməyinə çatacaqlar. Həmçinin dəyişmək istədiyinə görə səninlə fəxr edəcəklər!

    İkili həyat tələsinə düşmüsənsə, kömək istə

     «Səhvlərimi dilə gətirməyə çətinlik çəkirdim. Amma bunu edəndən sonra elə bil çiynimdən yük götürüldü» (Nolan).

     Müqəddəs Kitab prinsipi: «Günahlarını ört-basdır edən xeyir tapmaz, günahını boynuna alıb ondan əl çəkənə rəhm edilər» (Məsəllər 28:13).

  3.  3. Əməllərinin nəticəsinə qatlaş. Unutma ki, əgər valideynlərindən və ya yığıncaq ağsaqqallarından nəyisə gizlətmisənsə, bununla onların sənə etibarını sarsıtmısan. Buna görə də valideynlərin və ağsaqqallar sənə müəyyən məhdudiyyətlər qoya bilərlər. Əməllərinin nəticəsini qəbul et və «hər sahədə dürüst olmaq» üçün əlindən gələni et (İbranilərə 13:18).

     Müqəddəs Kitab prinsipi: «Məsləhətə qulaq as, tərbiyəni qəbul et, axırda hikmətli olarsan» (Məsəllər 19:20).

  4.  4. Allahın səni sevdiyinə imanını artır. Yehova bizi sevir, ona görə də hər addımımızdan agahdır. Odur ki, ikili həyat sürürsənsə, Yehova bunu da görür və bu Onu çox məyus edir. Amma O, yenə də sənin qayğına qalır və düzgün yola qayıtmağın üçün sənə kömək etmək istəyir (1 Butrus 5:7).

     Müqəddəs Kitab prinsipi: «Yehova bütün yer üzünü nəzərdən keçirir ki, sidqi-ürəkdən Ona bağlı olanların rifahı üçün gücünü göstərsin» (2 Salnamələr 16:9).