Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Necə görünürəm?

Necə görünürəm?

 Niyə geyiminə fikir verməlisən? Çünki geyim çox şey deyir. Bəs sənin geyimin sənin haqqında nə deyir?

 Dəblə bağlı üç böyük səhv və onlardan qaçmağın yolları

1-ci səhv: Reklamların təsiri.

 Tereza adlı yeniyetmə deyir: «Bəzən trend geyimlər məni özünə cəlb edir, çünki bu haqda çoxlu reklamlar görürəm. Beynin bu cür paltarları geyinən insanların şəkilləri ilə dolanda onları ağlından çıxarmaq çətin olur».

 Reklamçıların toruna təkcə qızlar düşmür. Bir kitabda deyilir: «Oğlanlar da moda trendlərinin təsiri altındadırlar. Marketerlər oğlanlara artıq yeniyetmə yaşlarından təsir göstərməyə çalışırlar» («The Everything Guide to Raising Adolescent Boys»).

 Çıxış yolu. Müqəddəs Kitabda deyilir: «Sadəlövh hər sözə inanar, uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15). Bu prinsipə əsasən reklamlarda gördüklərini araşdırmalısan. Misal üçün, reklamda açıq-saçıq paltar görəndə özündən soruş:

  •  «Modanı izləməyim kimin xeyrinədir?»

  •  «Bu geyim mənim necə həyat sürdüyümü göstərəcək?»

  •  «Belə paltarlar mənim əsil şəxsiyyətimi əks etdirir?»

 Məsləhət. Bir həftə ərzində çoxlu geyim reklamlarına və moda ilə əlaqəli verilişlərə bax. Orada hansı həyat tərzi reklam edilir? Belə reklam və verilişlər sən də bu cür paltarlar almaq fikri yaradır? Karen adlı yeniyetmə deyir: «Reklamlar insanı yaxşı görünməyə, yaxşı geyinməyə və öz “ideal” bədənini göstərməyə vadar edir. Reklamçılar bilirlər ki, ən asan hədəf yeniyetmələrdir».

2-ci səhv: Dəbə uyğunlaşmaq

 Manuel adlı yeniyetmə oğlan deyir: «Əgər hansısa bir paltar dəbdədirsə, hamı bu paltardan geyinəcək. Əgər sən geyinməsən, insanlar sənə birtəhər baxacaqlar». Anna adlı yeniyetmə qız da bu fikirlə razıdır. O, bölüşür: «Məsələ dəbdə deyil, məsələ dəbə uyğunlaşmaqdadır».

 Çıxış yolu. Müqəddəs Kitabda deyilir: «Bu zəmanəyə uyğunlaşmayın» (Romalılara 12:2). Bu məsləhəti əldə rəhbər tutaraq, qarderobuna bax və özündən soruş:

  •  «Paltar seçimimə ən çox nə təsir edir?»

  •  «Brend geyimlər mənim üçün nə dərəcədə vacibdir?»

  •  «Geyimim ilə insanları özümə cəlb etməyə çalışıram?»

 Məsləhət. Fikrini iki seçimə — trend geyimlərə (qəbul olunan) və ya dəbsiz geyimlərə (qəbul olunmayan) yönəltməkdənsə, üçüncü seçim, yəni sənə yaraşan və abırlı geyimlər haqda fikirləş. Belə olduqda, sən özünü daha rahat hiss edəcəksən və başqaları kimi görünmək səni narahat etməyəcək.

3-cü səhv: «Cəlbedici geyimlərin yaxşı olduğunu» fikirləşmək.

 Cenifer adlı qız etiraf edir: «Açığı, o qədər də açıq-saçıq olmayan geyimlər belə, həddən artıq qısa, dar və açıq-saçıq geyimlər kimi cazibədar olur».

 Çıxış yolu. Müqəddəs Kitabda deyilir: «Qoy bəzəyiniz zahiri şeylər... yox, daxili varlığınız olsun» (1 Butrus 3:3, 4). Bu məsləhəti əsas götürərək fikirləş ki, nə daha cəlbedicidir — xarici, yoxsa daxili gözəllik?

 Məsləhət. Sənin ən yaxşı «bəzəyin» ədəbli olmağındır. Düzdür, ədəbli olmaq indi elə də dəbdə deyil. Amma bir şeyi fikirləş:

 Nə vaxtsa çox və yalnız özü haqda danışan insanla söhbət etmisən? Ən betəri isə bu insanın heç xəbəri yoxdur ki, bununla özünü səndən uzaqlaşdırır.

Geyim söhbətə oxşayır. Fikrini özünə cəmləməklə ətrafındakıları özündən uzaqlaşdıra bilərsən

 Ədəbsiz geyim geyinəndə sən bu cür insana bənzəyirsən. Bu cür geyimlə, sanki, hər kəsə «mənə bax» deyirsən. Paltarın göstərir ki, sən ya özünə arxayın deyilsən, ya da ki özünə vurğunsan, yaxud da hər ikisi. Həmçinin geyimindən elə təəssürat oyana bilər ki, sən diqqətə, hətta pis niyyətlə göstərilən diqqətə belə möhtacsan.

 Satmadığın şeyi reklam etməkdənsə, ədəbli geyinməyə çalış. Monika adlı yeniyetmə deyir: «Ədəbli geyinmək qoca nənə kimi geyinmək demək deyil. Bu onu göstərir ki, sən həm özünə, həm də ətrafındakılara hörmət qoyursan».