Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Müqəddəs Kitab mənə necə kömək edə bilər? II hissə. Müqəddəs Kitab mütaliəsini maraqlı et

Müqəddəs Kitab mənə necə kömək edə bilər? II hissə. Müqəddəs Kitab mütaliəsini maraqlı et

 Uil adlı bir yeniyetmə deyir: «Müqəddəs Kitabı oxumağın düzgün üsulunu bilmirsənsə, bu, sənə cansıxıcı gələ bilər».

 Müqəddəs Kitab mütaliəsini maraqlı etməyin sirlərini öyrənmək istəyərdin? Onda bu məqaləni oxu.

 Müqəddəs Kitab hadisələrini canlandır

 Oxuduğun hadisəni yaşa. Bunu aşağıdakı qaydada edə bilərsən:

  1.   Öyrənmək istədiyin Müqəddəs Kitab parçasını seç. Müqəddəs Kitabdan hər hansı bir hadisəni və ya parçanı, yaxud jw.org saytında yerləşən bədii qiraət bölməsindəki parçalardan birini seçə bilərsən.

  2.   Seçdiyin parçanı oxu. Bu parçanı ya özün üçün təklikdə, ya da ailə üzvlərin və dostlarınla birgə ucadan oxuya bilərsən. Bir nəfər natiqin, qalanları isə personajların sözlərini oxuya bilər.

  3.   Aşağıdakı təkliflərdən birini və ya bir neçəsini sınaqdan keçir:

    •   Seçdiyin parçanı canlandırmaq üçün şəkillər çək. Yaxud hadisələrin ardıcıllığını təsvir edən eskizlər, yəni bir neçə sadə şəkil çək. Şəkillərə hadisələri təsvir edən adlar ver.

    •   Diaqramlar çək. Məsələn, müsbət bir personaj haqda oxuyanda həmin diaqramda onun xüsusiyyətlərini və etdiklərini aldığı xeyir-dualarla birləşdir.

    •   Bu parçanı xəbər buraxılışı kimi təqdim et. Hadisə haqda bir neçə yöndən məlumat ver və əsas personajlardan, hadisənin şahidlərindən «müsahibələr» götür.

    •   Əgər seçdiyin parçadakı personajlardan biri yanlış hərəkət edibsə, təsəvvür et, gör o başqa cür davransaydı, əhvalat necə bitərdi. Məsələn, götürək Butrusun İsanı danmasını (Mark 14:66—72). Görəsən, Butrus bu vəziyyətdə necə davransaydı, daha yaxşı olardı?

    •   Əgər təxəyyülün güclüdürsə, onda Müqəddəs Kitabdakı hər hansı bir hadisə əsasında bir hekayə yaz. Həmin hadisədən çıxardığın ibrət dərslərini də bu hekayəyə daxil et (Romalılara 15:4).

      Sən Müqəddəs Kitab hadisələrini canlandıra bilərsən!

 Tədqiq et!

 Əgər təfərrüatları təhlil etsən, onda oxuduğun parçadakı gizli cəvahiratı kəşf edə bilərsən. Bəzən bu cəvahirat həmin parçadakı bir və ya iki sözdə gizli olur.

 Məsələn, Mətta 28:7 ayəsini Mark 16:7 ayəsi ilə müqayisə edin.

  •    Nəyə görə Mark yazdığı müjdədə İsanın tezliklə şagirdlərinə «və Butrusa» görünəcəyi təfərrüatını qələmə almışdı?

  •  İpucu: Mark bu hadisələri öz gözləri ilə görməmişdi; bəllidir ki, o, bu məlumatı Butrusdan almışdı.

  •  Gizli cəvahirat: Nəyə görə demək olar ki, İsanın onu yenidən görmək istədiyini eşitmək Butrusun ürəyinə toxtaqlıq vermişdi? (Mark 14:66—72). İsa əsl dost olduğunu Butrusa necə sübut etmişdi? Bəs sən İsa kimi necə əsl dost ola bilərsən?

 Müqəddəs Kitab hadisələrini canlandırmağın və təfərrüatları tədqiq etməyin sayəsində mütaliə etmək daha maraqlı olur.