Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Əgər dostum qəlbimi qırıbsa...

Əgər dostum qəlbimi qırıbsa...

 Nələri bilməlisən?

  •   İnsan münasibətləri problemsiz ötüşmür. Qeyri-kamil olduğu üçün yaxşı dost, hətta ən yaxın hesab etdiyin dost belə söz və ya hərəkəti ilə səni yaralaya bilər. Təbii ki, sən də qeyri-kamilsən. Dürüst ol, məgər sən heç vaxt heç kimin qəlbini qırmamısan? (Yaqub 3:2).

  •   İnternet daha asanlıqla inciməyə gətirib çıxara bilər. Məsələn, Deyvid adlı bir yeniyetmə deyir: «Sosial şəbəkədə dostunun hansısa məclisdəki şəklini görürsən. Düşünə bilərsən, mən niyə dəvət olunmamışam?! Sənə elə gələ bilər ki, xəyanətə uğramısan. Ona görə də məyusluğa qapıla bilərsən».

  •   Problemi həll etməyi öyrənə bilərsən.

 Nə edə bilərsən?

 Özünü yoxla. Müqəddəs Kitabda deyilir: «Küsəyən olma, inciklik axmaqların köksündə yuva salır» (Vaiz 7:9, haşiyə).

 «Bəzən bir müddətdən sonra anlayırsan ki, səni dilxor edən məsələ elə də ciddi məsələ deyilmiş» (Alisa).

 Fikirləş: Tez inciyənsən? Bəs başqalarının qeyri-kamilliyinə qarşı daha tolerant olmağı öyrənə bilərsən? (Vaiz 7:21, 22).

 Bağışlamağın faydaları üzərində düşün. Müqəddəs Kitabda deyilir: «Günahın üstündən keçmək insanın yaraşığıdır» (Məsəllər 19:11).

 «Şikayətlənməyə səbəbin olsa belə, yaxşı olar ki, birdəfəlik bağışlayasan. Yəni həmin məsələni dönə-dönə insanın başına qaxınc etməyəsən və hər dəfə onun səndən üzr istəməsinə gətirib çıxarmayasan. Bağışladınsa, bir də o məsələyə qayıtma» (Malori).

 Fikirləş: Vəziyyət, doğrudan da, ciddidir? Sülh naminə bağışlamaq olar? (Koloslulara 3:13).

Dostunla arandakı hər problemi böyütmək dəfələrlə qapını açaraq soyuq havanı isti otağa buraxmağa bənzəyir

 Başqalarını nəzərə al. Müqəddəs Kitabda deyilir: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4).

 «Dostlar arasında sevgi və hörmət olanda, problemləri dərhal həll etməyə əsaslı səbəb olur, çünki bu dostluq münasibəti üçün çox zəhmət çəkmisən və onu itirmək istəmirsən» (Nikol).

 Fikirləş: Qarşı tərəfi haqlı çıxaracaq hər hansı bir səbəb tapa bilərsən? (Filippililərə 2:3).

 Yadda saxla. İnciklik hissini dəf etmək yetkin yaşlarında sənə böyük xeyri dəyəcək bir bacarıqdır. Niyə də bu bacarığa indidən yiyələnməyəsən?!