Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Valideynlərimin etibarını necə qazana bilərəm?

Valideynlərimin etibarını necə qazana bilərəm?

 Nəyi bilməlisən?

 Sənə edilən etibarın qədəri nə qədər etibara layiq insan olmağından asılıdır. Valideynlərinin qoyduğu qaydalara itaət etmək borc ödəməyə bənzəyir. Onlara itaət etmək sənin borcundur. Borcları ödəməkdə nə qədər etibarlı olsan, onlardan bir o qədər də çox kredit (sərbəstlik) alacaqsan. Amma əgər etibara layiq insan olmasan, onda valideynlərin sənin «kredit xəttinin» məbləğ limitini azaldacaqlar. Buna təəccüblənmə.

 Etibar qazanmaq vaxt tələb edir. Valideynlərin sənə daha çox sərbəstlik verməzdən qabaq nə qədər məsuliyyətli insan olduğunu onlara göstərməlisən.

 OLMUŞ ƏHVALAT: «Yeniyetmə olanda valideynlərimin məndən nə istədiyini dəqiq bilirdim, ona görə də özümü elə göstərirdim ki, guya onların istədiklərini edirəm, amma gizlində öz bildiyimi edirdim. Buna görə də mənə etibar etmək valideynlərimə çətin idi. Bir müddətdən sonra öyrəndim ki, bu yolun sonu yoxdur. Daha çox azadlıq əldə etmək üçün başqalarına kələk gələ bilmərsən. Sənə etibar edilməsini istəyirsənsə, etibara layiq insan olmalısan» (Kreyq).

 Nə edə bilərsən?

 Zərərinə olsa belə, dürüst ol. Hər kəs səhvlər edir, amma onları yalanlarla ört-basdır etmək (və ya həqiqətin üstü açılmasın deyə hansısa faktları gizlətmək) valideynlərinin sənə olan etibarını sarsıdacaq. Amma tamamilə dürüst olduğun vəziyyətlərin sayını artırsan, valideynlərin görəcək ki, etdiyin səhvləri etiraf edəcək qədər yetkin insansan. Belə insana isə etibar etməyə dəyər.

 «Heç vaxt istəmərsiniz ki, etdiyiniz səhvlərə görə qazandığınız etibarı itirəsiniz, amma onları gizlətsəniz, bu etibarı daima itirəcəksiniz» (Anna).

 Müqəddəs Kitabda deyilir: «Hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18).

  •   Düşün: Valideynlərin hara getdiyini və nə edəcəyini soruşanda onlara tam həqiqəti deyirsən? Ya da valideynlərin soruşanda ki, hara getmişdin, nə etmişdin, onların bilmək istədiyi detalları gizlədirsən?

 Məsuliyyətli ol. Evdəki bütün qaydalara itaət et. Ev işlərini vaxtında bitir. Öhdəliklərini tam vaxtında yerinə yetir. Məktəb tapşırıqlarına görə məsuliyyət daşı. Evə valideynlərinin dediyi vaxtdan gec gəlmə.

 «Əgər valideynlərin dostlarınla gəzməyə getməyə icazə verir, amma axşam saat doqquza kimi evdə olmağını istəyirsə, onda on birin yarısı evə gəlmə. Elə et ki, növbəti dəfə dostlarınla gəzməyə getməyə icazə ala biləsən» (Ryan).

 Müqəddəs Kitabda deyilir: «Hər kəs öz məsuliyyət yükünü daşıyacaq» (Qalatiyalılara 6:5).

  •   Düşün: Öhdəliklərini vaxtında bitirmək və xoşlamadığın qaydalar da daxil olmaqla, evdəki bütün qaydalara riayət etmək məsələsində necə ad qazanmısan?

 Səbirli ol. Əgər valideynlərinin etibarını itirsən, bunu yenidən qazanmaq vaxt tələb edəcək. Gözləməyə hazır ol.

 «Müəyyən yaş həddinə çatanda valideynlərim mənə daha artıq məsuliyyət vermədikləri üçün çox pis olmuşdum. Başa düşmürdüm ki, böyümək yetkin olmaq demək deyil. Etibarlı insan olduğumu sübut etmək üçün valideynlərimdən mənə fürsət vermələrini xahiş etdim. Bu, bir az vaxt aldı, amma buna dəyərdi. Öyrəndim ki, etibarı qazandıran yaş yox, hərəkətlərdir!» (Reyçl).

 Müqəddəs Kitabda deyilir: «Özünüzü sınayın» (2 Korinflilərə 13:5).

  •   Düşün: Valideynlərinin etibarını qazanmaq (və ya yenidən qazanmaq) naminə etibarlı insan olduğunu sübut etmək üçün nələr edə bilərsən?

 MƏSLƏHƏT: Qarşına məqsəd qoy ki, nə olur olsun, punktual olacaq, ev işlərini vaxtında bitirəcək, evə valideynlərinin dediyi vaxtda gələcəksən. Qoy valideynlərin sənin nə qədər əzmli olduğunu görsünlər. Onların etibarını qazanmaq üçün səndən nə gözlədiklərini soruş. Daha sonra Müqəddəs Kitabın növbəti çağırışına hay vermək üçün əlindən gələni əsirgəmə: «Əvvəlki davranış tərzinizə xas olan... köhnə şəxsiyyəti əyninizdən çıxarmalısınız» (Efeslilərə 4:22). Vaxtı gələndə valideynlərin səndəki irəliləyişi görəcəklər!