Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Daha çox yatmaq üçün nə edə bilərəm?

Daha çox yatmaq üçün nə edə bilərəm?

 Əgər riyaziyyatın zəifdirsə, düşünə bilərsən ki, ehtiyacın olan tək şey daha çox öyrənməkdir. Əgər idmanda yaxşı deyilsənsə, düşünə bilərsən ki, ehtiyacın olan tək şey daha çox məşq etməkdir. Amma bəlkə də hər iki halda əslində ehtiyacın olan tək şey daha çox yatmaqdır. Gəlin baxaq nəyə görə?

 Nəyə görə yuxuya ehtiyac duyursan?

 Tədqiqatçılar deyir ki, yeniyetmələrin əksəriyyətinə gecə 8—10 saat arası yatmaq gərəkdir. Nəyə görə kifayət qədər yatmaq çox vacibdir?

  •   Yuxu əqli bacarıqları itiləyir. Yuxu «beynin qidası» adlanır. O, sənə məktəbdə, idmanda daha yaxşı olmağa və problemi həll etmək bacarığını inkişaf etdirməyə kömək edə bilər.

  •   Yuxu vəziyyətini və əhvalını yaxşılaşdıracaq. Yuxusuz insanların əhvalı birdən-birə dəyişir, özlərini kədərli və məyus hiss edir, başqaları ilə yola getmir.

  •   Yuxu səni təhlükəsiz sürücü edir. Birləşmiş Ştatlarda aparılan bir tədqiqat göstərir ki, 16—24 yaş arası sürücülərin «qəza zamanı yuxulu olmalarının göstəricisi» 40—59 yaş arası sürücülərlə müqayisədə haradasa iki dəfə çoxdur.

  •   Yuxu səhhəti yaxşılaşdırır. Yuxu bədənin möhkəmlənməsinə, hüceyrələrin, toxumaların və qan damarlarının bərpa olunmasına kömək edir. Keyfiyyətli yuxu həmçinin piylənmə, diabet və iflic riskini azaldır.

Telefonun işləməsi üçün onu enerji ilə doldurmaq lazımdır, eynilə sən də gümrah olmaq üçün doyunca yatmalısan

 Yatmağına mane olan nədir?

 Yuxarıda sadaladığımız faydalara baxmayaraq, əksər yeniyetmələr kifayət qədər yatmır. Məsələn, 16 yaşlı İleyn deyir:

 «Müəllimim sinifdə hər kəsdən saat neçədə yatdığını soruşdu. Əksəriyyət dedi ki, gecə təxmini saat 2-də. Başqaları isə haradasa saat 5-də yatdıqlarını dedilər. Təkcə bir nəfər dedi ki, axşam 10-un yarısı yatmağa gedir».

 Sənə doyunca yatmağa nələr mane olur?

 Sosial həyat. «Xüsusilə dostlarla harasa gedəndə gecəyarısına kimi oyaq qalmaq və vaxtı boş şeylərə sərf etmək çox asandır» (Pamela).

 Öhdəliklər. «Yatmağı sevirəm, amma belə sıx cədvəllə kifayət qədər yatmaq çox çətindir» (Ana).

 Texnologiya. «Yuxusuz qalmağıma ən böyük səbəb telefonumdur. Çarpayıda olarkən telefonu kənara qoymaq çox çətindir» (Anisa).

 Daha çox yatmaq üçün nə edə bilərsən?

  •   Yuxunun sənin üçün nə qədər vacib olduğunu özündən soruş. Müqəddəs Kitabda deyilir: «Bir ovuc istirahət iki ovuc zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır» (Vaiz 4:6). Yuxu zövq deyil, zəruriyyətdir. Yuxusuz işinin keyfiyyəti düşəcək və hətta əyləncən sənə ləzzət verməyəcək.

  •   Yuxusuzluğuna səbəb olan ən böyük əngəli müəyyən et. Məsələn, dostlarınla gec saatlara qədər vaxt keçirirsən? Ev işlərin və dərslərin həddən artıq çoxdur? Telefonun gec saatlara kimi oyaq qalmağına və ya yuxuya getsən belə, ayılmağına səbəb olur?

 Düşün: Ən böyük maneəni dəf etmək bir az zəhmət tələb edəcək, amma buna dəyər. Məsəllər 21:5 ayəsində deyilir: «Çalışqanın niyyəti uğur gətirər».

 Əlbəttə, kimsə üçün işə yarıyan üsul başqası üçün işə yaramaya bilər. Məsələn, bəziləri deyir ki, gün ərzində bir az mürgüləmək gecə daha yaxşı yatmağa kömək edir. Amma başqaları deyir ki, mürgüləmək onlarda əks nəticə verir. Müəyyən et gör sənin üçün ən yaxşısı nədir. Aşağıdakı variantlar sənə kömək edə bilər:

  •   Dincəlmək üçün vaxt ayır. Yatmağa getməzdən qabaq dincəlsən, böyük ehtimal, daha tez yuxuya gedəcəksən.

     «Ev işlərini və digər öhdəliklərini tez bitirmək ona görə yaxşıdır ki, yatmaq vaxtı onlara görə narahatlıq keçirməyəcəksən» (Mariya).

  •   Tədbirli ol. Vəziyyətin səni idarə etməsinə yol verməkdənsə, elə cədvəl qur ki, kifayət qədər yata biləsən.

     «Hər gecə ən azı səkkiz saat yuxuya ehtiyacım var. Ona görə də vaxtından əvvəl durmalıyamsa, onda hansı saatda yatmalı olduğumu müəyyən etmək üçün geriyə doğru hesablayıram» (Vinsent).

  •   Qətiyyətli ol. Bədəninin daxili saatı sənin üçün işləyəcək, yalnız o halda ki, sən onu «məşq etdirəsən». Mütəxəssislər təklif edir ki, hər gün eyni vaxtda yatıb durasan. Çalış bir ay ərzində belə edəsən, onda özünü necə yaxşı hiss etdiyini görəcəksən.

     «Hər gün eyni vaxtda yuxuya getsən, onda səhəri gün beynin təmiz olacaq. Bu, sənə kömək edəcək ki, istənilən fəaliyyət zamanı daha səmərəli olasan» (Carid).

  •   Sosial həyatını tarazlı tut. Müqəddəs Kitabda deyilir ki, «hər şeydə həddini bilən» ol. Buna asudə vaxtlarında məşğul olduğun şeylər aiddir (1 Timutiyə 3:2, 11).

     «Axşamlar məşğul olduğum sosial fəaliyyətlərimi məhdudlaşdırmağı öyrənməliyəm. Əgər əyləncəyə ayırdığım vaxtı azaltmasam, bu, bəzi şeylərə mənfi təsir edəcək, xüsusilə də yuxu rejimimə!» (Rebeka).

  •   Qoy telefonun da «yatsın»! Yatmağa getməzdən heç olmasa bir saat əvvəl internetdən istifadə etmək və dostlarına gecəyarısı mesajlar göndərmək istəyinə qarşı dur. Bəzi mütəxəssislər xəbərdarlıq edir ki, telefonun, televizorun və ya planşetin işığı sənin yuxuya getməyini çətinləşdirə bilər.

     «İnsanlar sənin 24/7 əlçatan olmağını istəyir. Lakin tam dincini almaq üçün gərək telefonu kənara qoyasan» (Jülisa).