Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Ayrılıq acısına necə dözüm?

Ayrılıq acısına necə dözüm?

 Stiven adlı bir gənc deyir: «Sevdiyim qızdan ayrılanda, elə bil, dünyam qaraldı. Həyatımda hələ heç vaxt belə ağrı keçirməmişdim».

 Bu hisslər sənə də tanışdır? Onda bu məqalə sənə kömək edə bilər.

 Keçirdiyin hisslər

 Ayrılıq hər iki tərəfə ağrı gətirir.

  •   Əgər ayrılmaq qərarına gələn sən olmusansa, onda, yəqin ki, Jasminin sözlərinə şərik olacaqsan. O deyir: «Yadıma düşəndə ki, ayrılmaqla mənə doğma olan insanın ürəyini parçalamışam, vicdanım mənə əzab verirdi. Ümid edirəm, bir də belə bir şey yaşamaram».

  •   Əgər qarşı tərəf səndən ayrılıbsa, onda bəzilərinin ayrılığı nəyə görə kiçik ölümə bənzətdiyini çox yaxşı başa düşərsən. Canet adlı gənc qız deyir: «Mən qəmin bütün mərhələlərini (inkar, qəzəb, bazarlıq, depressiya, qəbul) keçdim. Düşdüyüm vəziyyəti qəbul etmək mənə bir ilə başa gəldi».

 Xülasə. Ayrılıq insanın həyat eşqini öldürə bilər. Necə ki, Müqəddəs Kitabda yazılıb: «Sınıq qəlb canı üzər» (Məsəllər 17:22).

 Nə edə bilərsən?

  •  Etibar etdiyin insana ürəyini boşalt. Müqəddəs Kitabda deyilir: «Əsil dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17). Valideynlərinə və ya etibar etdiyin insana ürəyini boşaltmaq səni xeyli rahatlaşdıracaq.

     «Aylarla heç kimlə danışmırdım, təkliyə qapılmışdım. Ancaq əsl dostlar belə vəziyyətdən çıxmağa kömək edə bilərlər. Məsələn, mən hisslərimi onlarla bölüşəndən sonra xeyli rahatlıq tapdım» (Canet).

  •  Yaşadıqlarından dərs götür. Müqəddəs Kitabın digər bir ayəsində deyilir: «Hikmət qazan, dərrakə qazan» (Məsəllər 4:5). Ayrılıq xoşagəlməz olsa da, bizə çox şey öyrədir, məsələn, özümüzü daha yaxşı tanıyırıq və məyusluğun öhdəsindən gəlməyi öyrənirik.

     «Sevdiyim qızdan ayrılandan bir müddət sonra dostum məndən soruşdu: “Bu münasibətdən nələr öyrəndin? Gələcəkdə kiminləsə görüşsən, öyrəndiklərin sənə necə kömək edə bilər?”» (Stiven).

  •  Dua elə. Allahın Kəlamında deyilir: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar» (Zəbur 55:22). Allaha dua etmək sənə qəm dəryasından çıxmağa və ayrılığa başqa tərəfdən baxmağa kömək edə bilər.

     «Tez-tez dua edin. Yehova Allah keçirdiyiniz hissləri yaxşı başa düşür və vəziyyətinizi sizdən yaxşı bilir» (Marsiya).

  •  Başqalarına yaxşılıq elə. Müqəddəs Kitabda deyilir: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4). Vaxtının çoxunu başqalarına kömək etməyə sərf etsən, ayrılıq acısının öhdəsindən tez gələ biləcəksən.

     «İnsan sevdiyindən ayrılanda onun üçün, sanki, hər şey məhv olur. Həmin vaxt daxilində keçirdiyin ağrılar fiziki ağrılardan daha betərdir. Amma sonra gördüm ki, ayrılıq heç də həyatın sonu deyil. Bu vəziyyətdən çıxmaq üçün mənə sadəcə vaxt lazım idi (Evelin).