Kontentə keç

Vəftiz nədir?

Vəftiz nədir?

Müqəddəs Kitabın cavabı

 Vəftiz tamamilə suya batırılma deməkdir a. Müqəddəs Kitabda çoxlu sayda insanın vəftizi barədə yazılıb (Həvarilərin işləri 2:41). Onlardan biri İsadır. O, İordan çayında tamamilə suya batırılaraq vəftiz olunmuşdu (Mətta 3:13, 16). İllər sonra həbəşistanlı məmur səyahət zamanı yolun kənarında gördüyü su hövzəsində vəftiz olunmuşdu (Həvarilərin işləri 8:36—40).

 İsa öyrədirdi ki, vəftiz onun davamçıları üçün tələbdir (Mətta 28:19, 20). Həvari Butrus da bunun tələb olduğunu aydın şəkildə demişdi (1 Butrus 3:21).

Bu məqalədə

 Vəftiz nə deməkdir?

 Vəftiz simvolik məna daşıyır. Vəftiz olunan şəxs günahlarından tövbə etdiyini və qeyd-şərtsiz Allahın iradəsinə tabe olacağını hamının gözü qarşısında göstərir. Buna həyatın bütün sahələrində Allaha və İsaya tabe olmaq da daxildir. Vəftiz olunan insanlar əbədi həyat yoluna qədəm qoyurlar.

 Suya batırılma insanın həyatında etdiyi dəyişikliyi çox gözəl simvolizə edir. Müqəddəs Kitabda vəftiz dəfnlə müqayisə olunur (Romalılara 6:4; Koloslulara 2:12). Suya batırılmaqla insan göstərir ki, əvvəlki həyatı üçün ölür, sudan çıxanda isə həyatını Allaha həsr etmiş məsihi kimi yeni həyata başlayır.

 Müqəddəs Kitabda körpələrin vəftizi və xaç suyuna salınma barədə nə deyilir?

 Müqəddəs Kitabda nə xaç suyuna salınma b, nə də körpələrin vəftizi barədə heç nə yazılmayıb.

 Körpələrin vəftizi Müqəddəs Kitab təliminə uyğun deyil. Müqəddəs Kitab öyrədir ki, vəftiz olunmaq istəyən şəxs müəyyən tələblərə cavab verməlidir. Məsələn, o, heç olmasa Allahın Kəlamındakı əsas təlimləri başa düşməli və onlara uyğun yaşamalıdır. Həmçinin o, günahlarından tövbə etməli və duada özünü Allaha həsr etməlidir (Həvarilərin işləri 2:38, 41; 8:12). Körpələr isə bunları edə bilməz.

 Ata, Oğul və müqəddəs ruh adı ilə vəftiz olunmaq nə deməkdir?

 İsa davamçılarına tapşırmışdı: «Şagird hazırlayın, onları Ata, Oğul və müqəddəs ruh adı ilə vəftiz edin, sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Mətta 28:19, 20). «Adı ilə» ifadəsi onu göstərir ki, vəftiz olunan şəxs Ata və Oğulun hakimiyyətini və mövqeyini, eləcə də Allahın müqəddəs ruhunun Onun niyyətindəki rolunu tanıyır. Məsələn, həvari Butrus anadangəlmə topal olan kişiyə demişdi: «Nəsrani İsa Məsihin adı ilə sənə deyirəm, yeri!» (Həvarilərin işləri 3:6). Bu sözlərlə Butrus göstərmişdi ki, İsa Məsihin hakimiyyətini tanıyır və bu möcüzəvi şəfanı İsa verib.

 Təkrar vəftiz olunmaq günahdır?

 İnsanların dinini dəyişməsi adi haldır. Bəs əgər onlar aid olduqları əvvəlki kilsədə vəftiz olunmuşdularsa, yenidən vəftiz olunmaqla günah etmiş olurlar? Kimlərsə Efeslilərə 4:5 ayəsinə əsaslanaraq «bəli» deyə bilər. Orada yazılıb: «Ağa da bir, iman da bir, vəftiz də bir»dir. Amma bu ayədə yazılanlar o demək deyil ki, insan təkrar vəftiz oluna bilməz. Niyə?

 Ayənin konteksti. Efeslilərə 4:5 ayəsinin konteksti göstərir ki, həvari Bulus bu sözlərlə həqiqi məsihilərin bir imanda birləşməsinin vacibliyini vurğulayırdı (Efeslilərə 4:1—3, 16). Bu cür birliyə yalnız İsa Məsihin öyrətdiklərinə uyğun yaşadıqda, eyni imana sahib olduqda, Müqəddəs Kitab təlimlərini başa düşdükdə və Kəlamdakı vəftizlə bağlı tələblərə əməl etdikdə nail olmaq olardı.

 Həvari Bulus əvvəllər vəftiz olunmuş bəzilərini təşviq etmişdi ki, yenidən vəftiz olunsunlar. Səbəb isə o idi ki, onlar məsihi təlimlərini tam başa düşməmişdilər (Həvarilərin işləri 19:1—5).

 Vəftiz üçün düzgün əsas. Vəftizin Allaha məqbul olması üçün o, Müqəddəs Kitabdakı dəqiq biliyə əsaslanmalıdır (1 Timutiyə 2:3, 4). Əgər insan Müqəddəs Kitaba zidd gedən dini təlimlərə uyğun vəftiz olunubsa, onun vəftizi Allaha məqbul deyil (Yəhya 4:23, 24). Bəlkə də insan bunu düzgün niyyətdən irəli gələrək edib, amma o bu addımı atarkən Allah haqqında dəqiq biliyi olmayıb (Romalılara 10:2). Allahın razılığını qazanmaq üçün o, Müqəddəs Kitab həqiqətlərini öyrənməli, öyrəndiklərinə uyğun davranmalı, həyatını Allaha həsr etməli və yenidən vəftiz olunmalıdır. Bu halda təkrar vəftiz olunmaq günah sayılmır, əksinə, bunu etmək doğru olardı.

 Müqəddəs Kitabda qələmə alınan müxtəlif növ vəftizlər

 Müqəddəs Kitabda Məsihin davamçısı kimi suya batırılmaqdan fərqlənən və başqa məna daşıyan digər vəftizlərdən də bəhs olunur. Gəlin bəzi nümunələrə baxaq:

 Vəftizçi Yəhyanın e etdiyi vəftiz. Yəhudilər və yəhudi prozelitlər Allahın Musa vasitəsilə verdiyi qanuna qarşı etdikləri günahlardan tövbənin rəmzi olaraq Yəhya tərəfindən vəftiz olunurdular. Yəhya insanları vəftiz etməklə Məsihi tanımağa və onu qəbul etməyə hazırlayırdı (Luka 1:13—17; 3:2, 3; Həvarilərin işləri 19:4).

 İsanın vəftiz olunması. İsanın Vəftizçi Yəhya tərəfindən vəftiz olunması digər vəftizlərdən fərqlənirdi. İsa kamil idi və heç bir günah etməmişdi (1 Butrus 2:21, 22). Deməli, onun vəftizi günahlardan tövbə və ya «təmiz vicdandan ötrü Allaha dilək» deyildi (1 Butrus 3:21). İsanın vəftizi onu simvolizə edirdi ki, o, vəd olunmuş Məsih kimi Allahın iradəsini həyata keçirmək üçün özünü təqdim edir. Buna öz həyatını bizim uğrumuzda qurban vermək də daxil idi (İbranilərə 10:7—10).

 Müqəddəs ruhla vəftiz. Həm Vəftizçi Yəhya, həm də İsa Məsih müqəddəs ruh vasitəsilə vəftiz olunmaq barədə danışmışdılar (Mətta 3:11; Luka 3:16; Həvarilərin işləri 1:1—5). Bu vəftiz müqəddəs ruh adı ilə vəftizdən fərqlənir (Mətta 28:19). Nəyə görə?

 İsanın yalnız məhdud sayda davamçıları müqəddəs ruh ilə vəftiz olunub. Bu, İsa ilə göydə padşah və kahin kimi xidmət etmək üçün müqəddəs ruhla məsh olunmuşlardır f (1 Butrus 1:3, 4; Vəhy 5:9, 10). Onlar İsanın yer üzündə əbədi yaşayacaq davamçıları üzərində onunla birgə hakimiyyət sürəcəklər (Mətta 5:5; Luka 23:43).

 İsa ilə vəhdətdə olmaq və ölümünə şərik olmaq üçün edilən vəftiz. Müqəddəs ruhla vəftiz olunanlar həmçinin «Məsih İsa ilə vəhdətdə olmaq üçün vəftiz» olunurlar (Romalılara 6:3). Bu vəftiz İsa ilə göydə hakimiyyət sürəcək onun məsh olunmuş davamçılarına aiddir. İsa ilə vəhdətdə olmaq üçün vəftiz olunanda onlar onun məsh olunmuşlardan ibarət yığıncağının üzvü olurlar. İsa yığıncağın başı, məsh olunmuşlar isə bədənidir (1 Korinflilərə 12:12, 13, 27; Koloslulara 1:18).

 Məsh olunmuş məsihilər İsanın «ölümünə şərik olmaq üçün də vəftiz» olunurlar (Romalılara 6:3, 4). İsadan nümunə götürərək onlar da Allahın iradəsini yerinə yetirməyi öz istəklərindən üstün tuturlar və bilirlər ki, İsa kimi onlar da yer üzündə əbədi yaşamayacaqlar. Onlar fiziki bədəndə ölüb ruhani varlıq kimi göydə diriləndə bu vəftizi tamamlamış olurlar (Romalılara 6:5; 1 Korinflilərə 15:42—44).

 Alovla vəftiz. Vəftizçi Yəhya demişdi: «[İsa] sizi müqəddəs ruhla və alovla vəftiz edəcək. O, əlində kürək hazır dayanıb. Xırmanı tərtəmiz təmizləyib buğdasını anbara yığacaq, samanı isə sönməz oda atıb yandıracaq» (Mətta 3:11, 12). Fikir verin ki, alovla vəftiz müqəddəs ruhla vəftizdən fərqlənir. Yəhya bu sözlərlə nə demək istəyirdi?

 Buğda İsanın sözünə qulaq asıb ona itaət edən kəsləri təmsil edir. Bu insanların müqəddəs ruhla vəftiz olunması mümkündür. Saman isə İsanın sözünə qulaq asmayan insanları təmsil edir. Onların sonu alovla vəftiz olacaq. Bu vəftiz əbədi məhvi simvolizə edir (Mətta 3:7—12; Luka 3:16, 17).

a Bir mənbəyə əsasən «vəftiz» kimi tərcümə olunan yunan sözü «suya tamamilə batırılmaq və sonra sudan çıxmaq» deməkdir («Vine’s Complete Expository Dictionary of Old and New Testament Words»).

b «Xaç suyuna salınma» bəzi kilsələrin keçirdiyi mərasimdir. Bu mərasimdə körpələrə bəzən ad qoyulur, sonra isə başlarına su çilənməsi və ya tökülməsi vasitəsilə onlar «vəftiz olunur».

c «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.

d «Müqəddəs ruh nədir?» məqaləsinə baxın.

e «Vəftizçi Yəhya kim olub?» məqaləsinə baxın.

f «Kimlər göydə yaşayacaq?» məqaləsinə baxın.