Kontentə keç

Vəftizçi Yəhya kim olub?

Vəftizçi Yəhya kim olub?

Müqəddəs Kitabın cavabı

 Vəftizçi Yəhya Allahın peyğəmbəri olub (Luka 1:76). O, eramızdan əvvəl birinci əsrin sonunda doğulub və eramızın birinci əsrində yaşayıb. Allah ona Məsih üçün yol hazırlamağı tapşırmışdı. Bu tapşırığı yerinə yetirmək üçün Yəhya soydaşları olan ibranilərə Allahın xəbərini çatdırır və onları Allaha tərəf döndərməyə çalışırdı (Mark 1:1—4; Luka 1:13, 16, 17).

 Yəhyanın çatdırdığı xəbər səmimi-qəlbli dinləyicilərinə Nasirədən olan İsanın Məsih olduğunu başa düşməyə kömək etdi (Mətta 11:10). Yəhya onları günahlarından tövbə etməyə və tövbə rəmzi olaraq vəftiz olunmağa səsləyirdi (Luka 3:3—6). Yəhya çox adam vəftiz etdiyi üçün ona Vəftizçi deyilir. Yəhyanın vəftiz etdiyi ən vacib insan İsa idi a (Mark 1:9).

Bu məqalədə

 Vəftizçi Yəhyanı başqa peyğəmbərlərdən fərqləndirən nə idi?

 Fəaliyyəti peyğəmbərlik edilmişdi. Təbliğ etməklə Yəhya Yehovanın elçisi haqda peyğəmbərliyi yerinə yetirdi (Məlaki 3:1; Mətta 3:1—3). Məhz o, «xalqı Yehova üçün [hazırlamaq]» işini icra etdi, yəni soydaşlarını Yehova Allahın baş nümayəndəsi İsa Məsihin çatdırdığı xəbəri qəbul etməyə hazırladı (Luka 1:17).

 Fəaliyyətinin nəticəsi. İsa demişdi ki, «bəşər övladları arasında Vəftizçi Yəhyadan böyüyü olmayıb, amma səmavi Padşahlıqda ən kiçiyi ondan böyükdür» (Mətta 11:11). Yəhya sadəcə peyğəmbər deyil, həm də peyğəmbərlik edilmiş elçi idi. Bu səbəbdən ondan əvvəl yaşayan Allahın heç bir xidmətçisi «ondan [böyük]» hesab edilə bilməz. İsanın sözləri həm də göstərir ki, Yəhya səmavi Padşahlığa daxil olmayacaq b. Bu sadiq peyğəmbər Məsih göylər həyatına yol açmazdan əvvəl ölmüşdü (İbranilərə 10:19, 20). Yəhya Allahın Padşahlığının təbəəsi olacaq və yer üzündə bərpa ediləcək cənnətdə əbədi yaşayacaq (Zəbur 37:29; Luka 23:43).

 Vəftizçi Yəhyanın valideynləri kim olub?

 Yəhyanın valideynlərinin adı Zəkəriyyə və İlsəba idi. Zəkəriyyə məbəddə kahin kimi xidmət edirdi. Yəhyanın dünyaya gəlməsi möcüzə idi, çünki onun anası sonsuz idi. Üstəlik, onların «hər ikisi artıq qocalmışdı» (Luka 1:5—7, 13).

 Vəftizçi Yəhya necə öldü?

 Hakim Hirod Antipa Yəhyanın boynunu vurdurdu. O, bunu arvadı Hirodiadanın təhriki ilə etdi. Hirodiada Yəhyaya nifrət edirdi, çünki Yəhya deyirdi ki, yəhudi olduğu hesab edilən Hirodun onunla evliliyi yəhudi qanununa görə günahdır (Mətta 14:1—12; Mark 6:16—19).

 Vəftizçi Yəhya ilə İsa rəqib idilər?

 İsa ilə Yəhyanın rəqib olmaları fikri Müqəddəs Kitaba əsaslanmır (Yəhya 3:25—30). Əksinə, o, açıq şəkildə etiraf edirdi ki, onun vəzifəsi Məsihlə rəqabət aparmaq deyil, onun üçün yol hazırlamaq idi. Yəhya demişdi: «Mən suda vəftiz edirəm ki, İsrail onu tanısın». Sonra o əlavə etmişdi: «O, Allahın Oğludur» (Yəhya 1:26—34). Bu səbəbdən Yəhya İsanın xidmətdəki uğurlarını sevinclə qarşılayırdı.

a İsa «heç bir günah işləməmişdi» (1 Butrus 2:21, 22). O, nədənsə tövbə etdiyinə görə vəftiz olunmamışdı. İsa həyatını Yehovanın iradəsini yerinə yetirmək üçün təqdim etdiyinə görə vəftiz olunmuşdu. Həyatını bizim uğrumuzda qurban verməsi də Allahın iradəsinə daxil idi (İbranilərə 10:7—10).

b «Kimlər göydə yaşayacaq?» məqaləsinə baxın.