Kontentə keç

Kimlər göydə yaşayacaq?

Kimlər göydə yaşayacaq?

Müqəddəs Yazıların cavabı

 Allah konkret sayda məsihiləri seçib ki, onları öləndən sonra göylər həyatı üçün diriltsin (1 Butrus 1:3, 4). Seçilmiş bu insanlar bundan sonra da imanda möhkəm olmalı və əməllərini pak saxlamalıdırlar ki, aldıqları göylər mükafatından məhrum edilməsinlər (Efeslilərə 5:5; Filippililərə 3:12—14).

Göyə qalxan insanlar orada nə ilə məşğul olacaqlar?

 Onlar 1000 il ərzində İsa Məsihin yanında padşah və kahin kimi xidmət edəcəklər (Vəhy 5:9, 10; 20:6). Onlar «yeni yer»i, yəni yerdəki insanları idarə edəcək «yeni göylər»i, yəni göylər hakimiyyətini təmsil edəcək. Göylərdəki bu hakimlər Allahın əzəldən niyyət etdiyi kimi bəşəriyyətin yenidən salehlik qazanmasına kömək edəcəklər (Əşiya 65:17; 2 Butrus 3:13).

Neçə nəfər göylərdə yaşamaq üçün dirildiləcək?

 Müqəddəs Kitabda 144 000 nəfərin səmavi aləmdə yaşamaq üçün diriləcəyi deyilir (Vəhy 7:4). Vəhy 14:1—3 ayələrində qələmə alınan görüntüdə həvari Yəhya görür ki, «Quzu və onun yanında 144 000 nəfər Sion dağında durublar». Görüntüdəki «Quzu» dirildilmiş İsa Məsihi təmsil edir (Yəhya 1:29; 1 Butrus 1:19). «Sion dağı» isə İsa Məsihin və onunla birgə göylərdə idarə edəcək 144 000 nəfərin yüksək səlahiyyətini təmsil edir (Zəbur 2:6; İbranilərə 12:22).

 Məsihlə birgə idarə etmək üçün çağırılmış və seçilmiş kəslər «kiçik sürü» adlanır (Vəhy 17:14; Luka 12:32). Bu göstərir ki, onlar İsa Məsihin yer üzündə yaşayacaq davamçıları ilə müqayisədə azlıq təşkil edirlər (Yəhya 10:16).

Göydə yaşamaq üçün seçilən insanlar haqda yanlış fikirlər

 Səhv. Bütün yaxşı insanlar göyə qalxacaq.

 Doğru. Allah yaxşı insanların əksəriyyətinə yer üzündə əbədi yaşamağı vəd edib (Zəbur 37:11, 29, 34).

  •   İsa Məsih demişdi: «Heç bir insan göyə çıxmayıb» (Yəhya 3:13). Bununla o göstərmişdi ki, ondan qabaq ölən İbrahim, Musa, Əyyub və Davud kimi yaxşı insanlar göyə qalxmayıb (Həvarilərin işləri 2:29, 34). Onların dirilib yer üzündə yaşamaq ümidi var idi (Əyyub 14:13—15).

  •   Göylər həyatına dirilmə «birinci dirilmə» adlanır (Vəhy 20:6). Deməli, başqa dirilmə də olacaq. Bu, yer üzündə baş verəcək dirilmədir.

  •   Müqəddəs Kitab öyrədir ki, Allahın Padşahlığı hakimiyyət sürəndə «artıq ölüm olmayacaq» (Vəhy 21:3, 4). Nəzərə alsaq ki, göydə heç vaxt ölüm mövcud olmayıb, deməli, bu vəd yer üzündə yerinə yetməlidir.

 Səhv. Hər bir insan özü seçir göydə yaşasın, yoxsa yerdə.

 Doğru. Hansı sadiq məsihilərin göylər dəvəti mükafatını alacağını, göydə yaşamaq ümidinə sahib olacağını Allah Özü müəyyən edir (Filippililərə 3:14). İnsanda bu cür şəxsi istək və arzunun olması onun həmin həyat üçün seçildiyinə dəlalət etmir (Mətta 20:20—23).

 Səhv. Yer üzündə əbədi yaşamaq ümidi göylər həyatına layiq olmayan kəslər üçündür.

 Doğru. Allah yer üzündə yaşayacaq insanları «xalqım», «seçilmişlərim» və «Yehovanın mübarək etdiyi nəsil» adlandırır (Əşiya 65:21—23). Onlar Allahın bəşəriyyətlə bağlı əzəli niyyətinin (yer üzü cənnətdə kamil şəraitdə əbədi həyat) həyata keçməsində iştirak etmək şərəfinə layiq görüləcəklər (Yaradılış 1:28; Zəbur 115:16; Əşiya 45:18).

 Səhv. «Vəhy» kitabında yazılan 144 000 rəqəmi hərfi yox, simvolik məna daşıyır.

 Doğru. «Vəhy» kitabında simvolik rəqəmlər yer alsa da, oradakı bəzi rəqəmlər hərfi məna daşıyır. Misal üçün, orada «Quzunun on iki həvarisinin adı»ndan danışılır (Vəhy 21:14). Bu hadisəni hərtərəfli araşdırdıqdan sonra belə qənaətə gəlirik ki, 144 000 rəqəmi hərfi məna daşıyır.

 Vəhy 7:4 ayəsində deyilir: «Möhürlənmişlərin [yaxud göydə yaşamaq üçün seçilmişlərin] ümumi sayı 144 000 nəfər idi». Bu ayənin kontekstində ikinci qrup insanlardan — «heç kəsin saymağa qadir olmadığı böyük bir izdiham»dan danışılır. Bu böyük izdiham da Allah tərəfindən xilas ediləcək (Vəhy 7:9, 10). Əgər 144 000 rəqəmi simvolik olsaydı və sayı məlum olmayan bir qrupa aid edilsəydi, onda bu iki qrupu müqayisə etmək mənasız olardı. a

 Bundan əlavə, bu 144 000 nəfər «insanların arasından» alınan «nübar kimi» təsvir olunur (Vəhy 14:4). «Nübar» ifadəsi seçilmiş kiçik bir qismi nəzərdə tutur. Bu ifadə Məsihlə birgə göydə idarə edəcək şəxsləri aydın təsvir edir. Onlar sayları məlum olmayan yer üzündəki sakinlərə rəhbərlik edəcəklər (Vəhy 5:10).

a Professor Robert Tomas Vəhy 7:4 ayəsində yazılan 144 000 rəqəmi ilə bağlı belə yazmışdı: «Bu dəqiq say Vəhy 7:9 ayəsində gətirilən qeyri-dəqiq sayla qarşılaşdırılır. Əgər bu rəqəm simvolik olsaydı, onda kitabdakı heç bir rəqəm hərfi olaraq qəbul edilməməli idi» («Revelation 1-7: An Exegetical Commentary», səhifə 474).