Kontentə keç

İsa Məsih Xilaskardır. Bu nə deməkdir?

İsa Məsih Xilaskardır. Bu nə deməkdir?

Müqəddəs Kitabın cavabı

 İsa Məsih canını fidyə qurbanı kimi verməklə imanlı insanları xilas etdi (Mətta 20:28). Buna görə də Müqəddəs Kitabda İsa «dünyanın Xilaskarı» adlanır (1 Yəhya 4:14). Orada həmçinin deyilir: «Ondan başqa xilaskar yoxdur, çünki göy altında Allahın insanlara verdiyi başqa bir ad yoxdur ki, onun sayəsində xilas ola bilək» (Həvarilərin işləri 4:12).

 İsa Məsih ona iman edən «hər kəsin əvəzinə ölümü» daddı (İbranilərə 2:9; Yəhya 3:16). Sonra «Allah onu diriltdi» və o, ruhani varlıq kimi göyə qayıtdı (Həvarilərin işləri 3:15). Göydə «İsa onun vasitəsilə Allaha yaxınlaşanları tamamilə xilas edə bilər, çünki o, həmişə sağdır və onlardan ötrü həmişə Allaha yalvarır» (İbranilərə 7:25).

Niyə İsa Məsihin bizim üçün yalvarmasına ehtiyac duyuruq?

 Hamımız günahlıyıq (Romalılara 3:23). Günah Allahla aramıza sədd çəkir və ölümə aparır (Romalılara 6:23). Lakin İsa Məsih onun fidyə qurbanlığına iman edənlər üçün vəkil kimi xidmət edir (1 Yəhya 2:1, haşiyə). İsa onlardan ötrü Allaha yalvarır, onların dualarını eşitməsini və öz qurbanlığı sayəsində onların günahlarını bağışlamasını xahiş edir. (Mətta 1:21; Romalılara 8:34). Allah İsanın bu xahişlərini Öz iradəsinə müvafiq olduğu üçün cavabsız qoymur. O, İsa Məsihi «bəşəriyyəti onun vasitəsilə xilas etmək üçün dünyaya göndərmişdir» (Yəhya 3:17).

İsa Məsihə iman etmək xilas olmağımız üçün kifayətdirmi?

 Xeyr. Xilas olmaq üçün İsa Məsihə iman etmək mütləq olsa da, bizdən daha çox şey tələb olunur (Həvarilərin işləri 16:30, 31). Müqəddəs Kitabda deyilir: «Bəli, ruhsuz bədən ölü olduğu kimi, əməlsiz iman da ölüdür» (Yaqub 2:26). Xilas olmaq üçün növbəti addımları atmalıyıq:

  •   İsa Məsih və onun Atası Yehova haqda öyrənməliyik (Yəhya 17:3).

  •   Onlara iman etməliyik (Yəhya 12:44; 14:1).

  •   İmanımızı Onların əmrlərinə riayət etməklə göstərməliyik (Luka 6:46; 1 Yəhya 2:17). İsa demişdi ki, ona «Ağa» deyən hər kəs xilas olmayacaq, «yalnız göydəki [Atasının] iradəsini yerinə yetirən» xilas olacaq (Mətta 7:21).

  •   Çətinliklərə baxmayaraq, daima iman təzahür etdirməliyik. İsa Məsih aydın şəkildə demişdi ki, «axıra kimi dözən xilas olacaq» (Mətta 24:13).