Kontentə keç

Müqəddəs Kitab öyrədirmi ki, «bir dəfə xilas olan həmişəlik xilas olur»?

Müqəddəs Kitab öyrədirmi ki, «bir dəfə xilas olan həmişəlik xilas olur»?

Müqəddəs Yazıların cavabı

 Xeyr. Orada belə bir təlim yoxdur. İsa Məsihə imanı sayəsində xilasa yetişmiş insan imanı və onun sayəsində əldə edəcəyi xilası itirə bilər. Müqəddəs Kitabda deyilir ki, «iman uğrunda ciddi mübarizə» aparmaq lazımdır (Yəhuda 3, 5). Məsihə iman gətirmiş ilk məsihilərə deyilmişdi: «Qorxu və ehtiramla xilasa yetişməyə çalışın» (Filippililərə 2:12).

«Bir dəfə xilas olan həmişəlik xilas olur» təlimini təkzib edən Müqəddəs Kitab ayələri

  •   Müqəddəs Kitab insanı Allahın Padşahlığına daxil olmasına mane olacaq ciddi günahlardan çəkindirir (1 Korinflilərə 6:9—11; Qalatiyalılara 5:19—21). Əgər xilas itirilmirsə, onda bu cür xəbərdarlıqlar mənasızdır. Müqəddəs Kitab öyrədir ki, xilas olunmuş kəs günahlı əməllərə qayıdarsa, xilası itirə bilər. Misal üçün, İbranilərə 10:26 ayəsində deyilir: «Əgər biz həqiqət barəsində dəqiq biliyə yiyələnəndən sonra bilə-bilə günah işləyiriksə, artıq günah üçün qurban qalmır» (İbranilərə 6:4—6; 2 Butrus 2:20—22).

  •   İsa Məsih imanı qorumağın vacibliyini özünü meynəyə, davamçılarını isə onun budaqlarına bənzətdiyi bir nümunəsində göstərmişdi. Onlardan bəziləri çoxlu bar gətirməklə, yəni hərəkətləri ilə ona iman gətirdiyini göstərir, amma sonradan bəhrə gətirməyi dayandırır və «[bar gətirməyən] budaq kimi kəsilib atılır», yəni xilasını itirir (Yəhya 15:1—6). Həvari Bulus da oxşar nümunə çəkmişdi. O demişdi ki, imanlarını qorumayan məsihilər kəsilib atılacaq (Romalılara 11:17—22).

  •   Məsihilərə oyaq qalmaq əmr olunub (Mətta 24:42; 25:13). Ruhani cəhətdən mürgüləyən kəs, sanki, «zülmətin əməllərini» icra etdiyi, yaxud İsa Məsihin əmr etdiyi işləri tam həyata keçirmədiyi üçün xilasını itirir (Romalılara 13:11—13; Vəhy 3:1—3).

  •   Bir çox ayələr göstərir ki, xilas olunmuş kəslər bundan sonra da sədaqətlərini qorumalıdırlar (Mətta 24:13; İbranilərə 10:36; 12:2, 3; Vəhy 2:10). İlk məsihilər dindaşlarının imanda möhkəm olduqlarını biləndə sevinirdilər (1 Salonikililərə 1:2, 3; 3 Yəhya 3, 4). Əgər insan axıra kimi sadiqliyini qorumasa belə xilas olacaqsa, onda nəyə görə Müqəddəs Kitabda deyilir ki, axıra kimi sadiq qalmaq lazımdır?

  •   Həvari Bulus xilasının yəqin olduğuna ancaq ölümqabağı əmin oldu (2 Timutiyə 4:6—8). Bu vaxta qədər isə o başa düşürdü ki, cismani istəklərini həyata keçirərsə, xilası itirə bilər. O yazmışdı: «Bədənimə cəfa verib onu kölə kimi özümə tabe etdirirəm ki, başqalarına təbliğ edə-edə özüm Allahın razılığını itirməyim» (1 Korinflilərə 9:27; Filippililərə 3:12—14).