Kontentə keç

Nəyə görə İsa peyğəmbər Allahın Oğlu adlanır?

Nəyə görə İsa peyğəmbər Allahın Oğlu adlanır?

Müqəddəs Kitabın cavabı

 Müqəddəs Kitabda İsa peyğəmbər haqda, adətən, «Allahın Oğlu» deyə bəhs edilir (Yəhya 1:49). «Allahın Oğlu» ifadəsi dəlalət edir ki, Allah bütün xilqətin, eləcə də İsa Məsihin Yaradanı, həyat mənbəyidir (Zəbur 36:9; Vəhy 4:11). Müqəddəs Kitabda Allahın insanlar kimi hərfi mənada uşaq sahibi olduğu deyilmir.

 Müqəddəs Kitabda mələklər də «Allah oğulları» adlanır (Əyyub 1:6). Həmçinin orada yazılıb ki, ilk insan Adəm də «Allahın oğlu idi» (Luka 3:38). Amma İsa Məsih Allahın ilk yaratdığı və birbaşa yaratdığı varlıq olduğu üçün Müqəddəs Kitabda Allahın ilkin Oğlu deyə təsvir edilir.

 İsa peyğəmbər yer üzündə doğulmazdan əvvəl göydə yaşayıb?

 Bəli. İsa Məsih yer üzündə insan kimi doğulmazdan əvvəl göydə ruhani varlıq idi. O, özü demişdi: «Mən... göydən gəlmişəm» (Yəhya 6:38; 8:23).

 Allah İsa Məsihi var olan hər şeydən öncə yaradıb. Müqəddəs Kitabda onun haqda deyilir:

 İsa Məsih «kökü çox qədimlərə, əzəl günlərə gedib» çıxan biri haqda deyilən peyğəmbərliyi yerinə yetirmişdi (Mikə 5:2; Mətta 2:4—6).

 İsa peyğəmbər yer üzünə gəlməzdən əvvəl nələr edib?

 İsa Məsih göydə yüksək mövqeyə sahib olub. O, dua edərkən bu mövqeyindən söz açmışdı: «Ata,.. dünya yaranmazdan əvvəl Sənin yanında olarkən sahib olduğum şərəflə məni şərəfləndir» (Yəhya 17:5).

 İsa Məsih Atasına bütün xilqəti yaratmağa kömək edib. O, Allahın yanında usta kimi çalışırdı (Məsəllər 8:30). Müqəddəs Kitabda onun haqda deyilir: «Göydə və yerdə olan hər şey, görünən və görünməyən şeylər... onun vasitəsilə yarandı» (Koloslulara 1:16).

 Allah İsa ilə birlikdə işləyərək bütün xilqəti yaratmışdı. Bu yaradılış bütün ruhani varlıqları, eləcə də fiziki kainatı da özünə daxil edir (Vəhy 5:11). Allahla İsa Məsih arasındakı bu əməkdaşlıq, müəyyən mənada, memarla ustanın arasındakı əməkdaşlığa bənzəyir. Memar dizayn yaradır, usta isə bu dizayndan istifadə edərək bina tikir.

 İsa Məsih Söz kimi xidmət edib. Müqəddəs Kitabda Onun yer üzünə gəlməzdən əvvəlki həyatı haqda bəhs ediləndə, o, «Söz» adlanır (Yəhya 1:1). Görünür, bu, o deməkdir ki, Allah digər ruhani varlıqlara məlumat çatdırmağı və göstəriş verməyi Öz Oğluna buyurmuşdu.

 İsa peyğəmbər həmçinin insanlar qarşısında Allahın nümayəndəsi kimi xidmət edirdi. Ehtimal ki, Allah Ədən bağında Adəmlə Həvvaya göstərişlər verməyi də İsa Məsihə buyurmuşdu (Yaradılış 2:16, 17). Ola bilsin, səhrada qədim israillilərin qarşısında gedən mələk İsa Məsih idi. İsraillilər bu mələyin səsinə mütləq tabe olmalı idilər a (Çıxış 23:20—23).

a Allahın sözünü çatdırmaq üçün istifadə etdiyi mələk təkcə İsa Məsih olmayıb. Məsələn, O, qədim israillilərə Qanun verəndə ilk oğlundan yox, başqa səmavi oğullarından istifadə etmişdi (Həvarilərin işləri 7:53; Qalatiyalılara 3:19; İbranilərə 2:2, 3).