Qalatiyalılara məktub 3:1—29

  • Qanunun tələblərinin icrası və iman (1—14)

    • Saleh imanı sayəsində yaşayacaq (11)

  • Vəd İbrahimə Qanuna görə verilməmişdi (15—18)

    • İbrahimin övladı Məsih (16)

  • Qanun və onun məqsədi (19—25)

  • İmana görə Allahın oğulları (26—29)

    • İbrahimin övladları, Məsihə məxsus olanlar (29)

3  Ey düşüncəsiz qalatiyalılar! Kim sizi yoldan çıxartdı?+ Axı siz dirəyə mıxlanmış İsa Məsihi, sanki, öz gözlərinizlə görmüşdünüz!+  Sizdən bircə bunu soruşmaq istəyirəm: siz müqəddəs ruhu qanunun tələblərini icra etməklə, yoxsa eşitdiklərinizə iman etməklə aldınız?+  Yəni siz bu dərəcədə düşüncəsizsiniz?! Yolunuzu ruhun göstərdiyi yolda başlayıb cismani yolda bitirirsiniz?+  Məgər bu qədər əziyyəti boş yerə çəkmisiniz? Ola bilməz, inanmıram.  Sizi müqəddəs ruhla təmin edən və aranızda qüdrətli işlər görən+ bunu qanunun tələblərini icra etdiyinizə görə, yoxsa eşitdiklərinizə iman etdiyinizə görə edir?  Necə ki İbrahim də «Yehovaya iman gətirdi və buna görə saleh sayıldı».+  Siz yaxşı bilirsiniz ki, iman edənlər İbrahimin oğullarıdır.+  Müqəddəs Yazılar Allahın başqa xalqlardan olanları iman vasitəsilə saleh sayacağını qabaqcadan görərək İbrahimə bu müjdəni əvvəlcədən bəyan etmişdi: «Bütün xalqlar sənin vasitənlə mübarək olacaq».+  Buna görə iman edənlər də imanı olan İbrahim kimi, mübarək olurlar.+ 10  Qanunun tələblərini icra etdiklərinə güvənənlərin hamısı lənətlidir, çünki yazılıb: «Qanun tumarında yazılan bütün sözlərə daima riayət etməyənə lənət olsun».+ 11  Bundan əlavə, Allahın qarşısında heç kəsin qanun vasitəsilə saleh sayılmayacağı aydındır,+ çünki «saleh imanı sayəsində yaşayacaq».+ 12  Qanun imana əsaslanmır, orada yazılıb: «Onlara riayət edən onların sayəsində yaşayacaq».+ 13  Məsih bizi satın alıb+ Qanunun lənətindən azad etdi.+ O özü bizim əvəzimizə lənətli oldu, çünki yazılıb: «Dirəkdən asılan adam lənətə düçar olub».+ 14  Bütün bunlar ona görədir ki, İbrahimə vəd edilən nemətlər Məsih İsa+ vasitəsilə xalqlara çatsın və biz imanımız vasitəsilə vəd edilmiş ruhu+ ala bilək. 15  Qardaşlar, sizə bir misal çəkim: hətta insan tərəfindən qüvvəyə minən əhdi heç kəs ləğv etmir və ya ona əlavələr edilmir. 16  Vədlər İbrahimə və onun övladına* verildi.+ Müqəddəs Yazılarda çoxlarından söhbət gedirmiş kimi «övladlarına» deyilmir. Müqəddəs Yazılar tək bir kəsi nəzərdə tutaraq, «övladına» deyir. Bu da Məsihdir.+ 17  Bunu da deyim ki, qabaqcadan Allah tərəfindən bağlanan əhdi dörd yüz otuz il sonra+ verilmiş Qanun qüvvədən salıb vədi ləğv etmir. 18  Çünki miras Qanuna görə verilirsə, bu artıq vədə görə deyil, halbuki Allah mirası İbrahimə vədə görə bəxş etmişdi.+ 19  Bəs onda Qanun nə üçündür? Qanun vədi almış övlad gələnə kimi+ günahları aşkar etmək+ üçün əlavə edildi. O, mələklər vasitəsilə+, vasitəçinin əli ilə+ nazil edildi. 20  Amma birtərəfli əhddə vasitəçi olmur, bu əhddə yeganə tərəf Allahdır. 21  Belə çıxır ki, Qanun Allahın vədlərinə ziddir? Əsla yox! Çünki həyat bəxş etməyə qadir olan bir qanun verilsəydi, onda salehliyə qanun vasitəsilə yetişmək olardı. 22  Ancaq Müqəddəs Yazılar hamını günahın dustağı edib ki, İsa Məsihə iman edənlər bu imandan doğan vədi ala bilsinlər. 23  Lakin iman gəlməzdən əvvəl biz qanunun nəzarəti altında idik, onun dustağı idik və zühur edəcək imanın intizarını çəkirdik.+ 24  Beləliklə, biz iman sayəsində saleh sayılaq+ deyə, Qanun bizi Məsihə+ aparan tərbiyəçi oldu. 25  Ancaq indi, iman gələndən sonra+ biz daha tərbiyəçinin tabeliyində deyilik.+ 26  Siz hamınız Məsih İsaya iman+ etdiyiniz üçün Allahın oğullarısınız.+ 27  Məsihlə vəhdətdə olmaq üçün vəftiz* edilən sizlər Məsihin şəxsiyyətinə bürünmüsünüz.+ 28  Artıq hamınız Məsih İsanın davamçıları kimi bir olduğunuz üçün+ aranızda nə yəhudi+, nə yunan, nə qul, nə azad+, nə kişi, nə də qadın+ var. 29  Əgər Məsihə məxsussunuzsa, onda, həqiqətən, İbrahimin övladısınız+ və vədə görə+ varissiniz+.

Haşiyələr

Hərfən: toxumuna. Yunan mətnindəki söz tək halda işlənsə də, toplu isim kimi də işlənə bilər. Yr 3:15 ayəsinə bax.