Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Yeni bir göy və yeni bir yer» (Vəhy 21:1)

«Yeni bir göy və yeni bir yer» (Vəhy 21:1)

 «Sonra mən yeni göy və yeni yer gördüm. Çünki köhnə göylə köhnə yer yox olmuşdu, dəniz də artıq yox idi» (Vəhy 21:1, «Yeni Dünya Tərcüməsi»).

 «Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi» (Vəhy 21:1, Müqəddəs Kitab Şirkəti, 2009).

Vəhy 21:1 ayəsinin mənası

 Bu ayədə Allahın Padşahlığının yer üzündəki bütün insan hökumətlərini əvəz edəcəyi bədii ifadələrlə təsvir olunub. Padşahlıq pisliyi yox edəcək və Allahın hakimiyyətinə könül xoşluğu ilə tabe olan insan cəmiyyətini idarə edəcək.

 «Vəhy» bölməsi rəmzlərlə yazılıb (Vəhy 1:1). Ona görə də məntiqli olaraq belə qənaətə gəlmək olar ki, bu ayədə qeyd olunan «göy» və «yer» ifadələri hərfi mənada yox, rəmzi mənada işlənib. Bundan əlavə «yeni göy» və «yeni yer» bədii ifadələrinə digər Müqəddəs Kitab ayələrində də rast gəlinir (Əşiya 65:17; 66:22; 2 Butrus 3:13). Bu ayələri və digər Müqəddəs Kitab parçalarını araşdırmaq həmin ifadələrin mənasını anlamağa kömək edəcək.

 «Yeni göy». Müqəddəs Kitabda bəzən «göy» sözü altında hakimiyyət və ya idarəçilik nəzərdə tutulur (Əşiya 14:12—14; Dənyal 4:25, 26). Bir mənbədə deyilir ki, peyğəmbərlik görüntülərində «“göy” sözü idarəçiliyi və ya hakimiyyəti simvolizə edir» a. Deməli, Vəhy 21:1 ayəsində «yeni göy» ifadəsi Allahın Padşahlığına aid işlənir. Bu göydəki hökumət Müqəddəs Kitabın «Vəhy» və digər bölmələrində bəzən «səmavi Padşahlıq» adlanır (Mətta 4:17; Həvarilərin işləri 19:8; 2 Timutiyə 4:18; Vəhy 1:9; 5:10; 11:15; 12:10). Allahın Padşahlığı padşah İsa Məsihin vasitəsilə «köhnə göy»ü, yəni insan tərəfindən idarə olunan bütün hökumətləri yox edəcək (Dənyal 2:44; Luka 1:31—33; Vəhy 19:11—18).

 «Yeni yer». Müqəddəs Kitaba əsasən, Yer kürəsi heç vaxt dağılmayacaq və başqası ilə əvəz olunmayacaq (Zəbur 104:5; Vaiz 1:4). Bəs məcazi yer haqqında nə demək olar? Müqəddəs Kitabda «yer» sözü altında çox vaxt insan cəmiyyəti nəzərdə tutulur (Yaradılış 11:1; 1 Salnamələr 16:31; Zəbur 66:4; 96:1). Deməli, belə qənaətə gəlmək olar ki, «yeni yer» dedikdə Allahın səmavi hökumətinə ürəkdən itaət edən yeni insan cəmiyyəti nəzərdə tutulur. «Köhnə yer»in, yəni Allahın Padşahlığına qarşı çıxan insan cəmiyyətinin isə kökü kəsiləcək.

 «Dəniz də artıq yox idi». Vəhy 21:1 ayəsindəki digər ifadələr kimi, «dəniz» ifadəsi də simvolik məna daşıyır. Dəniz qəfil coşduğu, orada tez-tez fırtınalar olduğu üçün Allahın hakimiyyətinə qarşı çıxan insan toplusunun dənizə bənzədilməsi yerindədir (Əşiya 17:12, 13; 57:20; Vəhy 17:1, 15). Bu cür insanlar da artıq olmayacaq. Zəbur 37:10 ayəsində yazılıb: «Az qalıb! Artıq pis adam olmayacaq, yerinə baxacaqsan, o, yoxdur».

Vəhy 21:1 ayəsinin konteksti

 «Vəhy» bölməsində «Ağanın günü»ndə baş verəcək hadisələr qabaqcadan deyilmişdi (Vəhy 1:10). Müqəddəs Kitab peyğəmbərliyinə əsasən, həmin gün 1914-cü ildə başladı. O vaxtdan etibarən İsa Məsih Allahın Padşahlığının padşahı kimi idarə edir b. Amma o, padşah olan kimi bütün yer üzünü idarə etməyə başlamadı. Digər peyğəmbərliklərdə yazılıb ki, «Ağanın günü»nün ilk mərhələsində dünyanın vəziyyəti getdikcə daha da betər olmalıdır. Bu dövr «axırzaman» adlanır (2 Timutiyə 3:1—5, 13; Mətta 24:3, 7; Vəhy 6:1—8; 12:12). Bu ağır və dərd-bəla ilə dolu dövr sona çatanda Allahın Padşahlığı «köhnə göyü» və «köhnə yeri» məhv edəcək və bununla da sülh və əmin-amanlığın hökm sürdüyü yeni dövran başlayacaq. Onda «yeni yeri» təşkil edən Allahın Padşahlığının təbəələri mükəmməl güzərana və sağlamlığa sahib olacaqlar (Vəhy 21:3, 4).

 Bu qısa videoya baxın və «Vəhy» kitabı ilə tanış olun.

a «McClintock and Strong’s Cyclopedia» (1891), IV cild, s. 122.