Kontentə keç

Məsihilər Şənbəni qeyd etməlidirlər?

Məsihilər Şənbəni qeyd etməlidirlər?

Müqəddəs Yazıların cavabı

 Məsihilərdən həftəlik şənbəni qeyd etmək tələb olunmur. Onlar «Məsihin qanunu» altındadırlar. Şənbə isə bu qanuna daxil deyil (Qalatiyalılara 6:2; Koloslulara 2:16, 17). Buna haradan əmin ola bilərik? Gəlin əvvəlcə onun necə yarandığına baxaq.

Şənbə nədir?

 «Şənbə» ibrani sözü olub, mənası «dincəlmək, dayanmaq» deməkdir. Müqəddəs Kitabda bu sözə ilk dəfə qədim İsrail xalqına verilən qanunlarda rast gəlinir (Çıxış 16:23). Məsələn, on əmrdən dördüncüsündə deyilir: «Şənbə günü həmişə yadınızda olsun, onu müqəddəs tutun. Nə işiniz varsa, altı gün ərzində edin. Yeddinci gün Allahınız Yehovaya həsr olunmuş şənbədir. Həmin gün heç bir iş görməməlisiniz» (Çıxış 20:8—10). Bu gün cümə günü gün batandan şənbə günü gün batana qədər davam edirdi. Bu vaxt ərzində İsraillilər heç yerə getməməli, ocaq qalamamalı, odun yığmamalı və ya yük daşımamalı idilər (Çıxış 16:29; 35:3; Saylar 15:32—36; Ərəmya 17:21). Şənbəni pozan adam ölümlə cəzalandırılırdı (Çıxış 31:15).

 Yəhudi təqvimində bəzi günlər, həmçinin yeddinci və əllinci illər də şənbə adlanırdı. Şənbə ilində torpaq dincə qoyulmalı və israillilər borclarını tələb etməməli idilər (Lavililər 16:29—31; 23:6, 7, 32; 25:4, 11—14; Qanunun təkrarı 15:1—3).

İsanın qurbanlığı Şənbə qanununu ləğv etdi

Nəyə görə Şənbə qanunu məsihilərə aid deyil?

 Şənbə qanunu yalnız Musanın qanunu altında olan xalqa aid idi (Qanunun təkrarı 5:2, 3; Hizqiyal 20:10—12). Allah heç vaxt başqa xalqlardan şənbəni tələb etməyib. Hətta yəhudilər belə İsa Məsihin qurbanlığı sayəsində, on qanun da daxil olmaqla, Musanın «qanunundan azad oldular» (Romalılara 7:6, 7; 10:4; Qalatiyalılara 3:24, 25; Efeslilərə 2:15). Buna görə də məsihilər Musanın qanununa yox, ən üstün qanun olan məhəbbət qanununa riayət edirlər (Romalılara 13:9, 10; İbranilərə 8:13).

Şənbə günü haqda yayılmış yanlış fikirlər

 Səhv: Allah şənbəni yeddinci gün istirahət edəndə təsis etmişdi.

 Doğru: Müqəddəs Kitabda deyilir: «Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi, çünki gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət etdi» (Yaradılış 2:3, MÜQƏDDƏS KİTAB ŞİRKƏTİ, 2009). Bu ayədə insanlara verilən qanundan yox, yeddinci yaradılış günündə Allahın nə etdiyindən bəhs edilir. Müqəddəs Kitabın heç bir yerində yazılmayıb ki, kimsə Musanın günlərinə qədər şənbəni qeyd edib.

 Səhv: İsraillilər Musanın qanunu altında olmazdan əvvəl şənbəni qeyd edirdilər.

 Doğru: Sina dağında olanda Musa israillilərə dedi: «Allahımız Yehova bizimlə Huribdə əhd bağlayıb». Şənbə də bu əhdə daxil idi (Qanunun təkrarı 5:2, 12). Allahın şənbə haqda dedikləri göstərir ki, bu israillilər üçün yeni göstəriş idi. Allah israillilərə demişdi ki, şənbə onlara Misirdən xilas olmalarını xatırladacaq. Bəs onda necə ola bilər ki, israillilər şənbəyə lap çoxdan, Misirdə olduqları vaxtdan əməl edirdilər? (Qanunun təkrarı 5:15). Nəyə görə onlara deyilmişdi ki, yeddinci gün manna yığmasınlar? (Çıxış 16:25—30). Həmçinin nə üçün onlar şənbəni pozan insanla necə rəftar edəcəklərini bilmirdilər? (Saylar 15:32—36).

 Səhv: Şənbə əbədi əhd olduğu üçün hələ də keçirilməlidir.

 Doğru: Bəzi Müqəddəs Kitab tərcümələrində şənbə «əbədi əhd» kimi göstərilir (Çıxış 31:16, MÜQƏDDƏS KİTAB ŞİRKƏTİ, 2009). Lakin «əbədi» kimi tərcümə olunan bu ibrani sözü, əbədiliyi yox, «qeyri-müəyyən gələcəyə qədər davam edən» zamanı bildirir. Məsələn, Müqəddəs Kitabda bu söz kahinlik haqda da deyilmişdi və Allah təxminən iki min il bundan əvvəl buna son qoymuşdu (Çıxış 40:15; İbranilərə 7:11, 12).

 Səhv: Məsihilər bu günü qeyd etməlidirlər, çünki İsa özü də şənbəyə riayət edirdi.

 Doğru: İsa şənbəni keçirirdi, çünki o, yəhudi olduğu üçün doğulandan Musanın qanununa riayət etməli idi (Qalatiyalılara 4:4). İsanın ölümündən sonra şənbə də daxil olmaqla, Qanun əhdi ləğv olundu (Koloslulara 2:13, 14).

 Səhv: Həvari Bulus məsihi olsa da, şənbəni qeyd edirdi.

 Doğru: Bulus şənbə günü sinaqoqa girsə də, şənbəni qeyd edən yəhudilərə qoşulmurdu (Həvarilərin işləri 13:14; 17:1—3; 18:4). Həmin vaxt adət-ənənəyə əməl etmək əvəzinə, xoş xəbəri təbliğ edir və oradakıları ibadət etmək üçün yığışdıqları yerə dəvət edirdi (Həvarilərin işləri 13:15, 32). Bulus təkcə şənbə günü yox, «hər gün» təbliğ edirdi (Həvarilərin işləri 17:17).

 Səhv: Məsihilərin şənbəsi bazar gününə düşür.

 Doğru: Müqəddəs Kitabda məsihilərin bazar gününü istirahətə və ibadətə həsr etməli olduqlarına dair heç bir göstəriş yoxdur. Erkən məsihilər üçün bazar günü digər günlər kimi adi iş günü idi. Bir ensiklopediyada deyilir: «IV əsrdə Konstantin (bütpərəst Roma imperatoru) bazar günü müəyyən işlərin edilməməsi ilə bağlı fərman vermişdi və o vaxtdan bu gün şənbə xarakteri daşımağa başladı a» («The International Standard Bible Encyclopedia»).

 Bazar gününün xüsusi gün olduğu fikrini yarada biləcək hansı ayələr var? Müqəddəs Kitabda deyilir ki, Bulus «həftənin ilk günü», yəni bazar günü həmimanlıları ilə yemək üçün bir yerə yığışmışdı. Ancaq bu, ona görə idi ki, Bulus ertəsi gün yola çıxacaqdı (Həvarilərin işləri 20:7). Həmçinin bir çox yığıncaqlara deyilmişdi ki, «hər həftənin birinci günü», bazar günü pul ayırıb qırağa qoysunlar, ancaq bu, sadəcə praktiki məsləhət idi. Bu ianələr evdə saxlanılırdı, ibadət etdikləri yerə gətirilmirdi (1 Korinflilərə 16:1, 2).

 Səhv: Hər həftənin bir gününü istirahətə və ibadətə ayırmaq düzgün deyil.

 Doğru: Müqəddəs Kitabda vurğulanır ki, bu hər məsihinin öz seçimidir (Romalılara 14:5).

a Həmçinin baxın: «New Catholic Encyclopedia», ikinci buraxılış, XIII cild, səhifə 608.