Kontentə keç

Allahın Kəlamında döymə vurdurmaq haqda nə deyilir?

Allahın Kəlamında döymə vurdurmaq haqda nə deyilir?

Müqəddəs Yazıların cavabı

 Müqəddəs Kitabda döymə haqda yalnız bir dəfə, Levililər 19:28 ayəsində yazılıb: «Bədəninizə heç bir şəkil döydürməyin». Allah israillilərə bu əmri verməklə onları bədənlərinə öz tanrılarının adlarını və ya simvollarını döydürən qonşu xalqlardan fərqləndirdi (Qanunun təkrarı 14:2). Allahın müasir xidmətçiləri israillilərə verilən Qanun altında olmasalar da, onun əsasını təşkil edən prinsiplərə ciddi yanaşmalıdırlar.

Allaha ibadət edən insan bədəninə döymə və ya naxış vurdura bilər?

 Aşağıdakı Müqəddəs Kitab ayələri sizə qərar verməyə kömək edəcək:

  •   «Qadınlar da özlərini... ədəb-ərkanla... bəzəsinlər» (1 Timoteyə 2:9,10). Bu prinsip həm qadınlara, həm də kişilərə aiddir. Biz başqalarının hisslərinə hörmətlə yanaşmalı və özümüzə həddən artıq diqqət cəlb etməməliyik.

  •   Bəziləri döymələr vasitəsilə öz individuallıqlarını ifadə etmək, digərləri isə müstəqil olduqlarını və bədənlərinə istədikləri hər şeyi etməyə haqları çatdığını göstərmək istəyirlər. Ancaq Müqəddəs Kitab Allahın xidmətçilərini səsləyir: «Bədəninizi diri, müqəddəs və məqbul qurban kimi Allaha təqdim edin; zehninizi müqəddəs xidmətin icrasına sərf edin» (Romalılara 12:1). Nəyə görə bədəninizə döymə vurdurmaq istədiyinizi yaxşı-yaxşı götür-qoy edin. Əgər siz bunu sadəcə dəblə ayaqlaşmaq və ya müəyyən bir qrupa aid olduğunuzu göstərmək istədiyiniz üçün edirsinizsə, nəzərə alın ki, bir vaxtdan sonra fikriniz asanlıqla dəyişə bilər, amma döymə qalacaq. Niyyətlərinizi təhlil etmək sizə müdrik qərar verməkdə kömək edəcək (Süleymanın məsəlləri 4:7).

  •   «Çalışqanın niyyəti xeyir gətirər, tələsən ehtiyac içinə düşər» (Süleymanın məsəlləri 21:5). Çox vaxt bədənə döymə vurdurmaq qərarı tələm-tələsik verilir, lakin bu qərar insanlarla münasibətə və işgüzar əlaqələrə uzunmüddətli təsir göstərə bilər. Döyməni sildirmək həm bahalı, həm də ağrılı prosedurdur. Araşdırmalar, eləcə də getdikcə çoxalan döyməsilmə biznesi göstərir ki, döymə vurduranların böyük qismi sonradan ondan azad olmaq istəyir.