Kontentə keç

Kosmetika və zinət əşyalarından istifadə caizdir?

Kosmetika və zinət əşyalarından istifadə caizdir?

Müqəddəs Yazıların cavabı

 Müqəddəs Kitabda kosmetika, daş-qaş və digər zinət əşyalarının istifadəsi təfərrüatına qədər müzakirə olunmasa da, onların istifadəsi qadağan olunmur. Bununla yanaşı, Kəlam diqqətimizi zahiri görünüşə yox, «çox qiymətli olan sakit və həlim ruh»a cəmləməyə təşviq edir (1 Butrus 3:3, 4).

Bəzənib-düzənmək mühakimə olunmur

  •   Müqəddəs Kitabda bəzənib-düzənən mömin qadınlardan bəhs olunur. İshaqın həyat yoldaşı Rəfəqə qayınatası Hz. İbrahimdən hədiyyə olaraq aldığı qızıl burun halqasını, qızıl qolbaqları və digər dəyərli zinət əşyalarını taxırdı (Yaradılış 24:22, 30, 53). Eləcə də, Əstər Fars imperiyasının məlikəsi olmaq üçün «gözəllik qulluğu» keçmişdi (Əstər 2:7, 9, 12). Çox güman ki, bu qulluğa kosmetika və digər makiyaj vasitələrindən istifadə daxil idi.

  •   Müqəddəs Kitabda zinət əşyaları gözəl bənzətmələr kimi istifadə olunub. Misal üçün, yaxşı məsləhət verən şəxs «sözeşidənə... qızıl sırğa, saf qızıldan düzəlmiş zinət kimidir» (Məsəllər 25:12). Həmçinin Allah Özünün İsrail xalqı ilə münasibətlərini ərin gəlinə bilərzik, boyunbağı, sırğa kimi zinətlər taxmasına bənzədir. Bu bəzək-düzək xalqı «qənirsiz gözələ» çevirmişdi (Hizqiyal 16:11—13).

Kosmetika və zinət əşyaları ilə bağlı yanlış təsəvvürlər

 Səhv: Müqəddəs Kitabın 1 Butrus 3:3 ayəsində «saç düzümü, qızıl zinətlər, dəbdəbəli libaslar» qadağa edilir.

 Doğru: Konteksdən görünür ki, Müqəddəs Kitab daxili gözəlliyin zahiri görünüşdən və ya bər-bəzəkdən üstün olduğunu vurğulayır (1 Butrus 3:3—6). Bu müqayisəyə Müqəddəs Kitabın başqa yerlərində də rast gəlmək olar (1 İşmuil 16:7; Məsəllər 11:22; 31:30; 1 Timutiyə 2:9, 10).

 Səhv: Zalım Məlikə İzəbilin gözlərini boyaması və ya «gözlərinə sürmə» çəkməsi göstərir ki, kosmetik vasitələrdən istifadə düzgün deyil (2 Padşahlar 9:30).

 Doğru: Cədugərlik və cinayətlə məşğul olan İzəbil kosmetikadan istifadə etdiyinə görə yox, öz pis əməllərinə görə mühakimə olunmuşdu (2 Padşahlar 9:7, 22, 36, 37).