Kontentə keç

İsa peyğəmbərin zahiri görünüşü necə olub?

İsa peyğəmbərin zahiri görünüşü necə olub?

Müqəddəs Yazıların cavabı

 Bu haqda heç kəs dəqiq heç nə deyə bilməz, çünki Müqəddəs Kitabda peyğəmbərin zahiri görünüşü dəqiq təsvir olunmayıb. Bu, onu göstərir ki, İsa peyğəmbərin zahiri görünüşünün necə olması elə də vacib deyil. Bununla belə, Müqəddəs Kitabda yazılan bəzi məlumatlar peyğəmbərin görünüşü barədə bizdə ümumi təsəvvür yaradır.

  •   Ümumi görünüşü. İsa peyğəmbər yəhudi idi və çox güman ki, anasından ona Sami xalqına məxsus əlamətlər keçmişdi (İbranilərə 7:14). Onun görünüşündə xüsusi fərqləndirici xüsusiyyətlər yox idi. Bir dəfə o, heç kimin xəbəri olmadan Cəlilədən Yerusəlimə gedə bilmişdi (Yəhya 7:10, 11). O, görünüşcə şagirdlərindən də çox fərqlənmirdi. Müqəddəs Kitabda yazılır ki, silahlı izdiham İsanı peyğəmbəri tutmağa gələndə Yəhuda İskəryut onlara işarə verməli olmuşdu (Mətta 26:47—49).

  •   Saçının uzunluğu. İsa peyğəmbərin saçı uzun ola bilməzdi, çünki Müqəddəs Kitabda deyilir ki, «kişi üçün uzun saç şərəfsizlikdir» (1 Korinflilərə 11:14).

  •   Saqqalı. İsanın saqqalı var idi. O, yəhudilərin «saqqalınızı korlamayın» qanuna riayət edirdi (Lavililər 19:27; Qalatiyalılara 4:4). İsa peyğəmbər iztirabı haqda peyğəmbərlikdə saqqallı təsvir olunub (Əşiya 50:6).

  •   Bədəni. Bütün faktlar göstərir ki, İsa peyğəmbər güclü və sağlam olub. Təbliğ xidməti zamanı o, yüzlərlə kilometr yol qət etmişdi (Mətta 9:35). İsa peyğəmbər düz iki dəfə məbəddə masalarını çevirərək sərrafları oradan qovmuşdu. Bir dəfə də mal-qaranı qamçı ilə məbəddən çıxarmışdı (Luka 19:45, 46; Yəhya 2:14, 15). «Mak-Klintok və Stronqun ensiklopediyası»nda deyilir: «Müjdələrin hamısını oxuyarkən görmək olar ki, [İsa peyğəmbər] sağlam və güclü insan olub» (Cild IV, səh. 884).

  •   Üz ifadələri. İsa peyğəmbər şəfqətli idi, insanlara canı yanırdı. Sözsüz ki, bu, onun simasında da əks olunurdu (Mətta 11:28, 29). Hər təbəqədən olan insan kömək və təsəlli almaq üçün onun yanına gəlirdi (Luka 5:12, 13; 7:37, 38). Hətta uşaqlar belə, onun yanında özlərini sərbəst hiss edirdilər (Mətta 19:13—15; Mark 9:35—37).

İsa peyğəmbərin görünüşü haqda yanlış fikirlər

 Yanlış. Bəziləri iddia edir ki, İsa peyğəmbər Afrika əsillidir, çünki Müqəddəs Kitabın «Vəhy» bölməsində onun saçları yuna, ayaqları isə «közərmiş xalis misə» bənzədilir (Vəhy 1:14, 15).

 Doğru. Müqəddəs Kitabın «Vəhy» bölməsi rəmzlərdən ibarətdir (Vəhy 1:1). Buna görə də orada İsa peyğəmbərin saçı və ayaqları haqda deyilənlər rəmzi məna daşıyır. Bu sözlər onun zahiri görünüşünü yox, diriləndən sonra sahib olduğu xüsusiyyətləri bildirir. Vəhy 1:14 ayəsində deyilir ki, peyğəmbərin «saçı, saqqalı ağ yuna bənzəyirdi, qar kimi ağappaq idi». Burada onun saçının materialı yox, rəngi vurğulanır. Bu, onun yaşına görə hikmət sahibi olduğunu göstərir (Vəhy 3:14).

 Vəhy 1:15 və 16 ayələrində deyilir ki, İsa peyğəmbərin ayaqları dəmirçi kürəsində közərmiş xalis misə, sifəti isə par-par yanan günəşə bənzəyir. Yer üzündə bu əlamətlərə uyğun bir irq olmadığı üçün bu bənzətmə rəmzi məna daşıyır və «əlçatmaz nurda yaşayan» dirildilmiş İsa peyğəmbəri təsvir edir (1 Timutiyə 6:16).

 Yanlış. İsa peyğəmbər cılız və zəif olub.

 Doğru. İsa peyğəmbər cəsur insan olub. Məsələn, silahlı izdiham onu tutmağa gələndə o, cəsarətlə özünü qabağa vermişdi (Yəhya 18:4—8). Peyğəmbər, həmçinin əl alətləri ilə işləyən bir dülgər kimi fiziki cəhətdən də güclü idi (Mark 6:3).

 Bəs onda nəyə görə işgəncə dirəyini daşımaq üçün ona kömək etmişdilər? Nəyə görə onunla birgə edam olunanlardan tez can vermişdi? (Luka 23:26; Yəhya 19:31—33). Edam olunmamışdan qabaqkı gecə peyğəmbərin bədəni taqətdən düşmüşdü. Çünki şiddətli iztirab çəkdiyinə görə bütün gecəni yatmamışdı (Luka 22:42—44). Həmçinin həmin gecə yəhudilər onunla kobud davranmış, səhərə yaxın isə romalılar ona işgəncə vermişdi (Mətta 26:67, 68; Yəhya 19:1—3). Bütün bunlar onun ölümünün tezləşməsinə səbəb olmuşdu.

 Yanlış. İsa peyğəmbər bədbin insan olub.

 Doğru. İsa peyğəmbər Müqəddəs Kitabda «xoşbəxt Allah» kimi təsvir olunan səmavi Atasının xüsusiyyətlərini mükəmməl şəkildə təzahür etdirirdi (1 Timutiyə 1:11; Yəhya 14:9). Bundan əlavə, o, insanlara xoşbəxt olmağın sirlərini öyrədirdi (Mətta 5:3—9; Luka 11:28). Bu faktlar göstərir ki, xoşbəxtlik peyğəmbərin simasında tez-tez əks olunurdu.