Kontentə keç

Müqəddəs Kitabda evtanaziya haqda nə deyilir?

Müqəddəs Kitabda evtanaziya haqda nə deyilir?

Müqəddəs Yazıların cavabı

 Müqəddəs Kitabda evtanaziya a haqqında ətraflı məlumat yoxdur. Amma orada həyat və ölümlə bağlı tarazlı nöqteyi-nəzər var. Ölümə səbəb olmaq qəbulolunmazdır, lakin labüd ölüm ərəfəsində həyatı süni yolla uzatmaq barədə də heç bir göstəriş yoxdur.

 Müqəddəs Kitabda deyilir ki, Allah Yaradanımız, «həyat mənbəyi»mizdir (Zəbur 36:9; Həvarilərin işləri 17:28). Həyat Allahın gözündə çox dəyərlidir. Buna görə də O, həm özümüzü, həm də başqasını həyatdan məhrum etməyi qadağan edir (Çıxış 20:13; 1 Yəhya 3:15). Üstəlik, Müqəddəs Kitabda buyrulur ki, özümüzün və başqalarının həyatını qorumaq üçün lazımi ehtiyat tədbirləri görək (Qanunun təkrarı 22:8). Aydındır ki, Allah həyat ənamını qiymətləndirməyimizi istəyir.

Bəs əgər insan ölümcül xəstədirsə?

 Müqəddəs Kitab ölümü yaxınlaşan insanın belə həyatına son qoyulmasına haqq qazandırmır. İsrailin padşahı Talutun nümunəsi bu fikri təsdiqləyir. Döyüşdə ağır yaralanan Talut padşah həyatına son qoyması üçün silahdarından kömək istədi (1 İşmuil 31:3, 4). Silahdarı isə bunu etmədi. Amma sonradan başqa bir adam yalandan iddia etdi ki, Talutun bu istəyini yerinə yetirib. Məsələyə Allahın nöqteyi-nəzəriylə baxan Davud peyğəmbər həmin adamı qan tökməkdə təqsirkar bildi (2 İşmuil 1:6—16).

Həyat nəyin bahasına olursa-olsun uzadılmalıdır?

 İnsanın ölümünə az qalıbsa, Müqəddəs Kitab ölüm prosesini uzatmağı tələb etmir, buna tarazlı yanaşır. Ölüm bizim ən böyük düşmənimizdir, günahlı vəziyyətimizin nəticəsidir (Romalılara 5:12; 1 Korinflilərə 15:26). Ölümü nə arzulamaq, nə də ondan qorxmaq lazımdır, çünki Allah ölüləri dirildəcəyinə söz verib (Yəhya 6:39, 40). Həyat ənamına hörmət edən insan ən yaxşı tibbi müalicə üsullarını tapmağa çalışacaq. Amma bu, o demək deyil ki, ölmək üzrə olan insanın həyatını boş yerə uzatmaq üçün tibbi prosedurlar seçməliyik.

İntihar bağışlanmaz günahdır?

 Xeyr, Müqəddəs Kitabda intihar bağışlanmaz günahlara aid olunmur. İnsanın öz həyatına son qoymasının ciddi günah b olmasına baxmayaraq, Allah intihara sürükləyən — əqli çatışmazlıq, ağır stress, hətta genetik xüsusiyyətlər kimi amilləri nəzərə alır (Zəbur 103:13, 14). O, Müqəddəs Kitab vasitəsilə çətinliyi olanlara təsəlli verir. Bundan əlavə, orada «Allahın həm salehləri, həm də qeyri-salehləri» dirildəcəyi yazılıb (Həvarilərin işləri 24:15). Bu göstərir ki, ciddi günah etmiş insanların, eləcə də intihar edən kəslərin diriləcəyinə ümid var.

a Evtanaziya, yaxud kimisə mərhəmətdən öldürmə — «ağır və ya sağalmaz xəstəliyi olan insanı ağrılarına son qoymaq məqsədilə öldürmək» deməkdir («Merriam-Webster Learner’s Dictionary»). Həkim xəstənin həyatına son qoymağa yardım edirsə, buna həkim köməyi ilə intihar deyilir.

b Müqəddəs Kitabda bir neçə intihar hadisəsi qələmə alınıb. Bunların hamısı Allahın buyruqlarına əməl etməyən insanlara aiddir (2 İşmuil 17:23; 1 Padşahlar 16:18; Mətta 27:3—5).