Kontentə keç

Mündəricatı göstər

Səhhətiniz qəfildən pisləşibsə

Səhhətiniz qəfildən pisləşibsə

 Sağlamlığınız qəfildən pisləşib? Onda siz bunun mənəvi, emosional və maddi cəhətdən nə qədər üzücü olduğunu bilirsiniz. Bunun öhdəsindən gəlmək üçün nə etmək olar? Səhhətində problem yaranmış ailə üzvünüzə, yaxud dostunuza necə kömək edə bilərsiniz? Müqəddəs Kitab tibb kitabı deyil, bununla belə, oradakı praktiki prinsiplər vəziyyətin öhdəsindən ən yaxşı şəkildə gəlməyə kömək edə bilər.

Səhhətinizdə problem yarandıqda nə etməli?

  •   Müalicə alın

     Müqəddəs Kitab prinsipi: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır» (Mətta 9:12).

     Tətbiqi. Lazım gələrsə, həkimə müraciət edin.

     Məsləhət. Mümkün olan ən yaxşı müalicəni alın. Bəzi hallarda yaxşı olardı ki, bir neçə həkimlə məsləhətləşəsiniz. Həkimlə sizin aranızda qaranlıq məqamlar qalmasın: əmin olun ki, həm o, xəstəliyinizin simptomlarını aydın başa düşür, həm də siz həkimin nə dediyini aydın başa düşürsünüz (Məsəllər 15:22). Xəstəliyiniz və onun müalicəsinə dair mümkün qədər çox məlumat əldə edin. Xəstəliyin gedişatını əvvəlcədən biləndə buna emosional cəhətdən hazır olacaqsınız və müalicənizlə bağlı doğru qərarlar verəcəksiniz.

  •   Sağlam həyat tərzi sürün

     Müqəddəs Kitab prinsipi: «Fiziki məşq bədən üçün faydalıdır» (1 Timutiyə 4:8, «Contemporary English Version»).

     Tətbiqi. Sağlam həyat tərzi sürsəniz, məsələn, müntəzəm idman etsəniz, bunun sizə faydası dəyəcək.

     Məsləhət. Müntəzəm idman edin, sağlam qidalanın və doyunca yatın. Mütəxəssislər qeyd edir ki, səhhətinizdə yaranmış problemlərə görə dəyişikliklər etmək lazım olsa da, sağlam vərdişlərə yiyələnməyə dəyər. Amma xəstəliyinizi nəzərə alın və əmin olun ki, bunların aldığınız müalicəyə zərəri olmayacaq.

  •   Başqalarından kömək istəyin

     Müqəddəs Kitab prinsipi. «Əsil dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).

     Tətbiqi. Əsl dostlar sizə dar gündə dayaq ola bilər.

     Məsləhət. Ürəyinizi boşalda biləcəyiniz etibarlı dostunuzla söhbət edin. Bu, sizə səhhətiniz üzündən yaranmış emosional və mənəvi stresi azaltmağa kömək edəcək. Çox ehtimal ki, dostlarınız və ailə üzvləriniz sizə kömək etmək istəyir, amma bilmirlər necə. Ona görə nəyə ehtiyac duyduğunuzu onlara konkret deyin. Tələbkar olmayın, istənilən köməyi qiymətləndirin. Lakin dostlarınız yaxşı niyyətdən irəli gələrək sizə tez-tez baş çəkirlərsə, ola bilsin, bu, sizi yorur. Buna görə də ziyarət saatları kimi müəyyən qaydalar qoyun.

  •   Nikbin olun

     Müqəddəs Kitab prinsipi: «Şad ürək cana məlhəmdir, sınıq qəlb canı üzər» (Məsəllər 17:22).

     Tətbiqi. Nikbinlik və ümidsizliyə qapılmamaq sizə sakitliyinizi qorumağa və xəstəlik ucbatından yaranmış stresi azaltmağa kömək edəcək.

     Məsləhət. Vəziyyətə uyğunlaşın. Çalışın bacardığınızı edəsiniz. Sizdən asılı olmayan şeylərə görə narahat olmayın. Özünüzü başqaları, yaxud xəstəliyinizdən əvvəlki vəziyyətiniz ilə müqayisə etməyin (Qalatiyalılara 6:4). Əlçatan və gücünüz daxilində olan məqsədlər qoyun, onda gələcəyə nikbinliklə baxacaqsınız (Məsəllər 24:10). İmkanınız daxilində başqaları üçün nəsə edin. Verməkdən doğan sevinc bədbin fikirləri sizdən uzaqlaşdıra bilər (Həvarilərin işləri 20:35).

Yaradanımız sizə necə kömək edə bilər?

 Müqəddəs Kitabda deyilir ki, Yehova Allah a xəstə düşən insanları darda qoymur. Allah bu gün insanlara möcüzəvi şəkildə şəfa verməsə də, növbəti üsullarla onlara kömək edir:

 Sülh. Yehova bizə «hər bir ağıldan üstün olan sülhü» verməyə qadirdir (Filippililərə 4:6, 7). Bu sülh və ya qəlb rahatlığı sayəsində həddən artıq narahatçılıq keçirməyəcəksiniz. Allah bu cür sülhü Ona dua edən və narahatçılıqlarını Onunla bölüşənlərə verir (1 Butrus 5:7).

 Hikmət. Yehova düzgün qərar vermək üçün bizə hikmət verə bilər (Yaqub 1:5). Bu cür hikmət zamanın sınağından çıxmış Müqəddəs Kitab prinsiplərini öyrənən və onlara əməl edən insanlarda olur.

 Gələcəyə ümid. Yehova söz verir ki, gələcəkdə «heç bir sakin “xəstəyəm” deməyəcək» (Əşiya 33:24). Bu ümid ən ciddi xəstəliklərdən əziyyət çəkən bir çox insanlara nikbinliyi qorumağa kömək edir (Ərəmya 29:11, 12).

a Müqəddəs Kitaba əsasən, «Yehova» Allahın adıdır (Zəbur 83:18).