Kontentə keç

Mündəricatı göstər

Əvvəlcədən açıq söhbət etmək vacibdir

Doğmalarımızdan kimsə ölümcül xəstəliyə tutulanda

Doğmalarımızdan kimsə ölümcül xəstəliyə tutulanda

DORİNİN həyat yoldaşı Ueslinin 54 yaşı olanda həkimlər onun beynində bədxassəli şiş aşkar etmişdi və demişdilər ki, onun cəmi bir neçə ay ömrü qalıb *. Bu xəbər Dorini çox sarsıtmışdı. O deyir: «Qulaqlarıma inana bilmirdim. Bir neçə həftə özümə gələ bilmədim. İnana bilmirdim ki, bu, mənim başıma gəlib. Düşünməzdim nə vaxtsa başıma belə bir şey gələr».

Təəssüf ki, Dorinin başına gələnlər bu gün adi hal alıb. Ölümcül xəstəlik istənilən an hər bir insanı yaxalaya bilər. Tərifəlayiqdir ki, çoxları bu cür xəstəliyə tutulan əzizlərinə özləri qulluq edirlər. Amma etiraf etmək lazımdır ki, xəstəyə baxmaq çox çətindir. Bəs nə etmək olar ki, xəstəyə yaxşı qulluq olunsun və xəstə özünü rahat hiss etsin? Xəstəyə baxan insana bu dövrdə hisslərini cilovlamağa nə kömək edə bilər? Xəstənin ölümü yaxınlaşanda nə etmək lazımdır? Əvvəlcə gəlin görək nəyə görə bu gün ölümcül xəstəyə baxmaq çətindir?

DÖVRÜMÜZÜN ÇƏTİNLİKLƏRİ

Ötən əsrlərdə hətta ən inkişaf etmiş ölkələrdə belə, insanlar çox az yaşayırdı. Onlar infeksion xəstəliklərdən və bədbəxt hadisə nəticəsində çox tez bir zamanda həyatlarını itirirdilər. Xəstəxanalar az olduğundan əksər xəstələrə ailə üzvləri evdə qulluq edirdi və onlar elə evdəcə ölürdülər.

Dövrümüzdə elmi nailiyyətlərin sayəsində həkimlər xəstəliklərlə mübarizə aparıb ömrü uzatmağa müvəffəq olurlar. Keçmişdə bəzi xəstəliklərdən insanlar dərhal ölürdülər, bu gün isə bu xəstəliklərlə uzun illər yaşamaq mümkündür. Həkimlər bu xəstələrin ömrünü uzatsalar da, bunu müalicə adlandırmaq olmaz. Bu xəstələr, adətən, o dərəcədə halsız olurlar ki, özləri özlərinə qulluq edə bilmirlər. Bu cür xəstələrə qulluq etmək həddən artıq ağır olur.

Əvvəllər xəstələr evdə ölürdü, indi isə, adətən, xəstəxanada vəfat edirlər. Buna görə də bu gün əksəriyyət insanın necə öldüyündən bixəbərdir, az sayda adam kiminsə öldüyünü öz gözü ilə görüb. Bu məlumatsızlıq xəstənin qohumlarını qorxuya salıb xəstəyə qulluq etməyə mane olur, onların əl-qolunu bağlayır. Belə vəziyyətdə onlara nə kömək edə bilər?

HƏR ŞEYİ ƏVVƏLCƏDƏN QƏRARLAŞDIRIN

Dorin kimi, çoxları doğmalarının ölümcül xəstəliyə tutulduğunu eşidəndə çox sarsılırlar. Bu vəziyyətdə insan narahatçılıq, qorxu və kədər hiss edir. Bəs bu halda insana qarşıdakı çətinliklərə hazırlaşmağa nə kömək edə bilər? Allahın müqəddəs bəndələrindən biri duasında belə demişdi: «Bizi öyrət ki, günlərimizin qədrini bilək, ürəyimiz hikmətli olsun» (Zəbur 90:12). Allaha ürəkdən dua edib Ondan hikmət istəyin ki, siz də günlərinizin qədrini biləsiniz, yəni xəstə qohumunuzun ölümünə qədər qalan günləri düzgün şəkildə keçirə biləsiniz.

Bunun üçün hər şeyi əvvəlcədən qərarlaşdırmaq lazımdır. Xəstə fikrini çatdıra bilirsə və bu mövzuda danışmaq istəyirsə, ondan soruşmaq olar ki, o, qərar vermək iqtidarında olmayanda onun yerinə kim qərar versin. Açıq danışıb növbəti məqamları dəqiqləşdirmək lazımdır: onu xəstəxanaya qoymağınızı, öləndə həyata qaytarmağa cəhd etməyinizi, müəyyən müalicə üsulundan istifadə etməyinizi istəyir? Bu, anlaşılmazlıqların qarşısını alacaq və xəstəyə baxan insanı vicdan əzabından qurtaracaq. Xəstənin ailəsinə əvvəlcədən açıq söhbət etmək lazımdır ki, sonra fikirlərini ancaq xəstənin qulluğuna cəmləyə bilsinlər. Müqəddəs Kitabda deyildiyi kimi «məsləhətsiz niyyət boşa çıxar» (Məsəllər 15:22).

XƏSTƏYƏ NECƏ KÖMƏK ETMƏK OLAR?

Xəstəyə qulluq edən insanın əsas işi xəstənin rahatlığını təmin etməkdir. Xəstəni onu sevdiyinizə əmin edin, qoymayın özünü tənha hiss etsin. Məsələn, onun üçün mahnı və ya kitab oxuyun. Amma əhvali-ruhiyyəni qaldıran və onun sevdiyi kitab və mahnıları seçin. Əgər əzizinizin xoşuna gəlirsə, onun əlindən tutun, onunla şirin-şirin danışın.

Xəstənin yanına kimsə gələndə ona bu barədə məlumat verin. Bir mənbədə deyilir: «Beş hissiyyat üzvündən ən son eşitmə qabiliyyəti ölür. [Xəstə] yatmış kimi görünsə də, hər şeyi çox gözəl eşidir. Buna görə də onun yanında oyaq vaxtı demədiyiniz sözləri danışmayın».

Mümkündürsə, birlikdə dua edin. Müqəddəs Kitabda İsa Məsihin davamçılarından olan həvari Bulusun və onun əməkdaşlarının başına gələn bir hadisə yazılıb. Elə bir vəziyyət idi ki, onlar sağ qalacaqlarına ümid etmirdilər. Həvari bu hadisədən söz açandan sonra dostlarına yalvarmışdı ki, onlar yenə eyni vəziyyətə düşəndə onlar üçün hərarətlə dua etsinlər (2 Korinflilərə 1:8—11). Həyatın çətin anlarında və ciddi xəstəliklər zamanı hərarətli duanın çox böyük köməyi dəyir.

VƏZİYYƏTLƏ BARIŞMAĞA ÇALIŞIN

Doğma adamın ölümünü fikirləşəndə insanın ürəyi qan ağlayır. Bu, təbiidir, çünki insan ölmək üçün yaranmayıb, buna görə də biz ölümlə barışa bilmirik (Romalılara 5:12). Bu səbəbdən Müqəddəs Kitabda ölüm «düşmən» adlanır (1 Korinflilərə 15:26). Buna görə də təbiidir ki, doğma adamımızın ölümü barədə fikirləşmək istəmirik.

Bununla belə, hər şeyi qabaqcadan fikirləşmək xəstənin doğmalarına qorxunu azaltmağa və diqqəti vəziyyəti yüngülləşdirən şeylərə cəmləməyə kömək edəcək. Ölümqabağı xəstədə baş verən əlamətlər « Həyatın son həftələri» adlı çərçivədə yazılıb. Təbii ki, ola bilsin, hər xəstədə bu əlamətlərin hamısı olmayacaq, yaxud başqa ardıcıllıqla baş verəcək. Amma bu əlamətlərin ən azı bir neçəsi bütün xəstələrdə olur.

Əzizinizin ölümündən sonra kömək əlini uzatmağa hazır olan yaxın dostlarla ünsiyyət etmək faydalı olardı. Xəstə qohumuna baxan insanı və ailə üzvlərini əmin etmək lazımdır ki, onların doğmaları əzab çəkmir. Yaradanımız bizi əmin edir ki, «ölülər heç nə bilmir» (Vaiz 9:5).

ALLAH QAYĞIMIZI ÇƏKİR

Heç kəsin kömək əlini geri qaytarmayın

Biz Allaha hər zaman bel bağlamalıyıq, təkcə xəstə əzizimizin qayğısına qalanda yox, həmçinin onun ölümündən sonra kədər hissi bizi bürüyəndə. Allah bizə başqalarının vasitəsilə kömək edə bilər. Onlar öz xoş sözləri və əməlləri ilə bizə təsəlli verə bilər. Dorin deyir: «Mən başa düşdüm ki, heç kəsin kömək əlini geri qaytarmaq lazım deyil. Demək olar, hamı bizə kömək edirdi. Həyat yoldaşımla mən başa düşürdük ki, bu kömək Yehova Allahdandır. Sanki, O, bizə deyirdi: “Mən sizin yanınızdayam, sizə bu yolla kömək edirəm”. Yehovanın bu köməyini heç vaxt unutmayacağam».

Doğrudan da, Yehova Allah bizim qeydimizə qalır. Yaradanımız olduğu üçün, bizim kədərimizi, ağrı-acımızı duyur. O, bizə bu dərdin qarşısında dözümlü olmaq üçün kömək etməyə və təsəlli verməyə qadirdir və O, bunu ürəkdən istəyir. Ən əsası isə Allah söz verir ki, tezliklə ölümü həmişəlik yox edəcək və ölüm yuxusunda olan milyardlarla insanı dirildəcək (Yəhya 5:28, 29; Vəhy 21:3, 4). Onda hər birimiz həvari Bulus kimi deyəcəyik: «Ey ölüm, hanı qələbən? Ey ölüm, hanı neştərin?» (1 Korinflilərə 15:55).

^ abz. 2 Adlar şərtidir.