Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Mən dünyaya qalib gəldim» (Yəhya 16:33)

«Mən dünyaya qalib gəldim» (Yəhya 16:33)

 «Bunu sizə ona görə dedim ki, mənim sayəmdə sülhünüz olsun. Dünyada çox əziyyətlə üzləşəcəksiniz, ancaq cəsarətli olun! Mən dünyaya qalib gəldim» (Yəhya 16:33, «Yeni Dünya Tərcüməsi»).

 «Məndə sülhünüz olsun deyə sizə bu şeyləri söylədim. Dünyada kədəriniz olacaqdır; amma cəsur olun, Mən dünyaya qalib gəldim» («İncil—1996»).

Yəhya 16:33 ayəsinin mənası

 Bu sözlərlə İsa davamçılarını əmin edir ki, sınaqlara və təqiblərə rəğmən onlar da Allaha sadiq qala bilərlər.

 «Bunu sizə ona görə dedim ki, mənim sayəmdə a sülhünüz olsun». Ayənin davamından göründüyü kimi, burada söhbət münaqişələrin olmamasından yox, qəlb rahatlığından gedir. Qəlb rahatlığı müqəddəs ruhun göndəriləcəyini vəd edən İsanın sayəsində mümkündür. Bu güclü «köməkçi» İsanın şagirdlərinə istənilən çətinliyi aşmağa kömək edəcəkdi (Yəhya 14:16, 26, 27).

 «Dünyada çox əziyyətlə üzləşəcəksiniz, ancaq cəsarətli olun!» Bununla İsa açıq-aydın göstərdi ki, şagirdləri ədalətsizlik və təqiblər kimi sınaqlarla üzləşəcəkdilər (Mətta 24:9; 2 Timutiyə 3:12). Lakin «cəsarətli» olmaq üçün onların tutarlı səbəbi var idi.

 «Mən dünyaya qalib gəldim». Burada «dünya» sözü altında Allahın normaları ilə yaşamayan insan cəmiyyəti nəzərdə tutulur b. 1 Yəhya 5:19 ayəsində deyilir: «Bütün dünya… Şəririn əlindədir», yəni Şeytanın. Deməli, bu dünyanın adamlarının düşüncə və davranış tərzi Allahın iradəsinə uyğun deyil (1 Yəhya 2:15—17).

 Şeytan və onun dünyası İsaya Allahın iradəsini yerinə yetirməsinə, yəni başqalarına Allah haqqında öyrətməsinə və kamil həyatını fidyə qurbanlığı kimi verməsinə mane olmaq istəyirdi (Mətta 20:28; Luka 4:13; Yəhya 18:37). Amma İsa yol vermədi ki, dünya onun düşüncə tərzinə təsir etsin və Allahdan döndərsin. O, ölənədək Allaha sadiq qaldı. Buna görə İsa deyə bilmişdi ki, o, dünyaya qalib gəldi və «bu dünyanın hökmdarı» olan Şeytanın onun üzərində «hakimiyyəti yoxdur» (Yəhya 14:30).

 İsa öz nümunəsi əsasında şagirdlərinə başa salmaq istəyirdi ki, nöqsansızlıqları sınananda belə onlar da Allaha sadiq qala bilərlər. İsa sanki onlara dedi: «Mən dünyaya qalib gəldimsə, sizdə də alınacaq».

Yəhya 16:33 ayəsinin konteksti

 İsa bu sözləri ölümündən bir gün əvvəl demişdi. Tezliklə öləcəyini bilən İsa fürsətdən istifadə edərək sadiq həvarilərinə son nəsihətlərini verdi və bir neçə vacib fikir söylədi. Məsələn, o dedi ki, həvariləri bir daha onu görməyəcək, təqib olunacaq, hətta qətlə yetiriləcəklər (Yəhya 15:20; 16:2, 10). Bütün bunlar həvariləri qorxuda bilərdi. Onlara ürək-dirək vermək və bütün bunlara dözə biləcəklərinə əmin etmək üçün İsa sonda Yəhya 16:33 ayəsində yazılan sözləri dedi.

 İsanın sözləri və nümunəsi onun müasir davamçılarını da ruhlandırır. Çətinliklərə baxmayaraq, bütün məsihilər Allaha sadiq qala bilər.

a «Mənim sayəmdə» kimi tərcümə olunan yunan ifadəsini «mənimlə vəhdətdə» kimi də tərcümə etmək olar. Başqa sözlə, İsanın davamçıları onunla vəhdətdə qalmaqla həmin sülhə sahib ola bilərlər.

b Yəhya 15:19 və 2 Butrus 2:5 ayələrində də «dünya» sözü eyni mənada işlədilib.