Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Allah bizə qorxaqlıq ruhu... [verməyib]» (2 Timutiyə 1:7)

«Allah bizə qorxaqlıq ruhu... [verməyib]» (2 Timutiyə 1:7)

 «Axı Allah bizə qorxaqlıq ruhu yox, güc, məhəbbət və sağlam düşüncə ruhu verib» (2 Timutiyə 1:7, «Yeni Dünya Tərcüməsi»).

 «Çünki Allah bizə qorxaqlıq ruhu deyil, qüdrət, məhəbbət və nəfsə hakim olmaq ruhu vermişdir» (2 Timutiyə 1:7, «İncil—1996»).

2 Timutiyə 1:7 ayəsinin mənası

 Düzgün davranması üçün Allah insana cəsarət verə bilər. Allah istəmir ki, insanda «qorxaqlıq ruhu», yəni Onu razı salmasına mane olan, əl-qolunu bağlayan qorxu olsun.

 Bu ayədə bu cür qorxaqlıqdan azad olmağa kömək edən Allahın verdiyi üç keyfiyyət göstərilir.

 «Güc». Çoxsaylı düşmənlərə və təhlükəli vəziyyətlərə baxmayaraq, məsihilər Allaha cəsarətlə xidmət edirlər. Onlar qorxuya təslim olmur və geriyə çəkilmirlər (2 Korinflilərə 11:23—27). Bu necə mümkündür? Həvari Bulus bunu belə izah etmişdi: «Çünki mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filippililərə 4:13). Allah xidmətçilərinə «insan gücündən üstün olan [güc]» verə bilər və bu güclə onlar istənilən çətinlikləri aşa bilərlər (2 Korinflilərə 4:7).

 «Məhəbbət». Məsihilər Allahı ürəkdən sevdikləri üçün cəsarətlə düzgün davranırlar. Üstəlik, onlar başqalarını da sevirlər, ona görə hətta təqib və təhlükə qarşısında belə başqalarının maraqlarını öz maraqlarından üstün tuturlar (Yəhya 13:34; 15:13).

 «Sağlam düşüncə». Müqəddəs Kitabda sağlam düşüncə dedikdə, əsas etibarı ilə, Müqəddəs Kitaba əsaslanan hikmətli qərarlar vermək bacarığı nəzərdə tutulur. Sağlam düşüncəyə sahib olan insan hətta çətin vəziyyətlərdə belə aydın və məntiqi düşünə bilir. Onun qərarları Allahın nöqteyi-nəzərini əks etdirir və onun üçün Allahla münasibət başqalarının fikrindən üstündür.

2 Timutiyə 1:7 ayəsinin konteksti

 Timutiyə ikinci məktubu həvari Bulus əziz dostu və əməkdaşı olan Timutiyə yazmışdı. Bu məktubda Bulus gənc Timutini xidmətdə daima fəal olmağa təşviq etmişdi (2 Timutiyə 1:1, 2). Çox güman ki, Timuti utancaq idi və bu ona məsihi yığıncağındakı vəzifələrini icra etməyə mane ola bilərdi (1 Timutiyə 4:12). Buna görə də Bulus Timutiyə xatırlatdı ki, ona ənam verilib, yəni məsihi yığıncağında xüsusi xidmət həvalə olunub. Bulus Timutini təşviq etdi ki, nəzarətçi kimi məsuliyyətlərini yerinə yetirərkən, müjdəni təbliğ edərkən və imandan ötrü payına düşən əziyyətlərə qatlaşarkən qorxmasın (2 Timutiyə 1:6—8).

 Bu sözlər Timutiyə ünvanlansa da, onlar bizi də əmin edir ki, Allah Ona xidmət etmək istəyənlərə hər çətinlikdə kömək edəcək və işlərini avand edəcək.