Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin» (Romalılara 12:12)

«Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin» (Romalılara 12:12)

 «Ümidinizə sevinin. Çətinliklərə sinə gərin. Daima dua edin» (Romalılara 12:12, «Yeni Dünya Tərcüməsi»).

 «Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin» (Romalılara 12:12, «Müqəddəs Kitab Şirkəti—2009»).

Romalılara 12:12 ayəsinin mənası

 Bu ayədə həvari Bulus Romadakı məsihiləri təqiblərə və digər çətinliklərə rəğmən onlara sadiq qalmağa kömək edəcək üç şeyi etməyə təşviq etmişdi.

 «Ümidinizə sevinin». Məsihilərin möhtəşəm əbədi həyat ümidi var, bəziləri göydə, böyük əksəriyyəti isə yerdə yaşamağa ümid edir (Zəbur 37:29; Yəhya 3:16; Vəhy 14:1—4; 21:3, 4). Bundan əlavə, onlar ümid edirlər ki, Allahın Padşahlığının a bəşəriyyətin bütün problemlərini necə həll edəcəyini görəcəklər (Dənyal 2:44; Mətta 6:10). Allahın xidmətçiləri hətta çətinliklərə dözməli olanda belə sevinirlər, çünki onlar əmindirlər ki, ümidləri realdır və dözüm göstərməklə Allahın razılığını qazanacaqlar (Mətta 5:11, 12; Romalılara 5:3—5).

 «Çətinliklərə sinə gərin». Müqəddəs Kitabda «sinə gərin» və ya «dözümlü olun» kimi tərcümə olunan yunan feli çox vaxt «mətin durmaq, qaçmamaq, tab gətirmək» mənalarında işlənir. Məsihin davamçıları bu dünyaya b məxsus olmadıqları üçün onları təqib edirlər, bu səbəbdən onlara dözüm gərəkdir (Yəhya 15:18—20; 2 Timutiyə 3:12). Məsihi sınaqlara baxmayaraq, Allaha mətanətlə xidmətini davam etdirirsə, Allahın sonda onu mükafatlandıracağına əminliyi möhkəmlənir (Mətta 24:13). Bu əminlik ona çətinliklərə sevinclə və səbirlə dözməyə kömək edir (Koloslulara 1:11).

 «Daima dua edin». Allaha sadiq qalmaq üçün məsihilər daima dua etməlidir (Luka 11:9; 18:1). Onlar həyatlarının bütün sahələrində Allahdan rəhbərlik diləyirlər (Koloslulara 4:2; 1 Salonikililərə 5:17). Məsihilər əmindirlər ki, Allah dualarına cavab verəcək, çünki onlar Onun əmrlərinə tabe olur və Onu razı salmaq üçün əllərindən gələni edirlər (1 Yəhya 3:22; 5:14). Bundan əlavə, onlar bilirlər ki, israrla dua etsələr, Allah onlara güc verəcək və onlar istənilən sınaqda sonacan sadiq qalacaqlar (Filippililərə 4:13).

Romalılara 12:12 ayəsinin konteksti

 Bulus Romadakı məsihilərə ünvanladığı bu məktubu eramızın təxminən 56-cı ilində yazıb. Məktubun 12-ci fəslində o, müxtəlif sahələrə dair məsləhətlər verir, məsələn, məsihi Allaha məqbul keyfiyyətləri necə təzahür etdirməli, dindaşları və başqaları ilə necə rəftar etməli və təqiblər zamanı sülhü necə qorumalıdır (Romalılara 12:9—21). Bunlar vaxtında verilən məsləhətlər idi, çünki Romadakı məsihiləri qabaqda şiddətli təqiblər gözləyirdi.

 Bundan bir neçə il sonra, eramızın 64-cü ilində, Roma şəhərinin böyük hissəsini məhv edən yanğın baş verdi. Şayiə gəzirdi ki, yanğını imperator Neron törətmişdi. Roma tarixçisi Tasit yazmışdı ki, Neron günahı məsihilərin üzərinə atmağa çalışırdı. Bundan sonra məsihilərə qarşı şiddətli təqiblər başladı. Təqiblər zamanı dözüm göstərmək barədə Bulusun verdiyi məsləhət onlara bu sınaqdan başıuca çıxmağa və imanlarını qorumağa kömək etdi (1 Salonikililərə 5:15; 1 Butrus 3:9). Müasir məsihilər onlardan çox şey öyrənə bilər.

 Bu qısa videoya baxın və «Romalılara» kitabı ilə tanış olun.

a Allahın Padşahlığı Onun göydə qurduğu hökumətdir. O bu hökumət vasitəsilə yerə dair niyyətini həyata keçirəcək. Əlavə məlumat üçün «Allahın Padşahlığı nədir?» məqaləsinə baxın.

b Müqəddəs Kitabda bəzi hallarda «dünya» dedikdə Allaha qarşı çıxan insan cəmiyyəti nəzərdə tutulur.