Kontentə keç

Mündəricatı göstər

Müqəddəs Kitabın köməyilə narkotik asılılıqdan qurtulmaq olar?

Müqəddəs Kitabın köməyilə narkotik asılılıqdan qurtulmaq olar?

 Hər il milyonlarla insan, narkotik də daxil olmaqla, psixotrop maddələrin birbaşa və ya dolayı təsirindən ölür. COVID-19 pandemiyası zamanı bu problem daha da artdı. Müqəddəs Kitab çoxlarına narkotik asılılıqdan yaxa qurtarmağa kömək edib. Əgər siz də bu bəladan əziyyət çəkirsinizsə, Müqəddəs Kitab sizə də kömək edə bilər a.

Bu məqalədə

 Narkotik asılılıqdan qurtulmaq üçün nəyə görə Müqəddəs Kitaba müraciət etməliyik?

 Tədqiqatlar göstərir ki, asılılığa çox vaxt tənhalıq, stres, narahatçılıq və depressiya kimi problemlər səbəb olur. Müqəddəs Kitab sayəsində siz asılılığa gətirib çıxaran problemləri aşmağa kömək edən güclü iman yetişdirə bilərsiniz. Üstəlik, sizin Allahla sıx münasibətləriniz olacaq (Zəbur 25:14). Onun köməyilə siz həlledilməz kimi görünən çətinliklərin öhdəsindən gələcəksiniz (Mark 11:22—24).

 Asılılıqdan qurtulmağa kömək edən dörd Müqəddəs Kitab məsləhəti

  1.  1. Yehova b Allahı tanıyın (Yəhya 17:3). Yehova Yaradandır və tükənməz gücə sahibdir. Üstəlik, O sizi sevən qayğıkeş səmavi Atadır. Yehova sizin dostunuz olmaq və Öz gücündən sizin rifahınız üçün istifadə etmək istəyir (Əşiya 40:29—31; Yaqub 4:8). Əgər Yehovanın məhəbbətinə hay versəniz, onda siz də Onun vəd etdiyi gözəl gələcəyi görəcəksiniz (Ərəmya 29:11; Yəhya 3:16).

  2.  2. Yehovadan kömək istəyin. Allaha dua edib Ondan xahiş edin ki, sizə asılılığın öhdəsindən gəlməyə, müqəddəs, yəni təmiz və Ona məqbul olmağa kömək etsin (Romalılara 12:1). Allah sizə Öz müqəddəs ruhundan və ya fəal qüvvəsindən verəcək ki, sizdə «insan gücündən üstün olan» güc olsun (2 Korinflilərə 4:7; Luka 11:13). Bu güclə siz narkotik asılılıqdan qurtulacaq və Allaha məqbul olan xüsusiyyətlərə yiyələnərək «yeni şəxsiyyəti» geyinəcəksiniz (Koloslulara 3:9, 10).

  3.  3. Ağlınızı Allahın fikirləri ilə doldurun (Əşiya 55:9). O sizə «düşüncə tərzinizi [yeniləşdirməyə]», yəni dəyişməyə kömək edəcək ki, siz asılılıqdan azad ola biləsiniz (Efeslilərə 4:23). Allahın fikirləri Müqəddəs Kitabda qələmə alınıb, ona görə onu müntəzəm oxumaq vacibdir (Zəbur 1:1—3). Çoxları Müqəddəs Kitab təlimlərini başqalarının köməyilə başa düşüblər (Həvarilərin işləri 8:30, 31). Yehovanın Şahidləri pulsuz Müqəddəs Kitab dərsləri təklif edirlər. Biz həmçinin sizi ibadət görüşlərimizdə iştirak etməyə dəvət edirik. Orada biz Müqəddəs Kitabda yazılanları araşdırır və onun təlimlərini həyatımızda necə tətbiq etməyi öyrənirik.

  4.  4. Ünsiyyət dairənizə fikir verin. Asılılıqla mübarizədə dostlar sizə yaxşı və ya pis təsir göstərə bilər (Məsəllər 13:20). Allah istəyir ki, sizin yaxşı dostlarınız olsun və bu cür dostları siz Ona ibadət edənlər arasında tapacaqsınız (Zəbur 119:63; Romalılara 1:12). Həmçinin əyləncə seçiminə də fikir verin. Çünki musiqisinə qulaq asdığınız, videolarına baxdığınız və barələrində oxuduğunuz insanlarla sanki birgə vaxt keçirmiş olursunuz. Düzgün davranmaq qətiyyətinizi zəiflədəcək hər şeydən uzaq durun (Zəbur 101:3; Amus 5:14).

 Narkotik bəlasından qurtulmağa kömək edən Müqəddəs Kitab ayələri

 Zəbur 27:10: «Doğma atam, anam məni atsalar belə, Yehova qəbul edər».

 «Mən heç vaxt doğma atamı görməmişəm, ona görə daxilimdə daima boşluq var idi. Amma Yehova Allahı tanıyandan, Onun məni həqiqətən sevdiyini biləndən sonra həyatın mənasını tapdım və asılılığımın öhdəsindən gəldim» (Vilbi, Haitidən).

 Zəbur 50:15: «Dar gününüzdə Məni çağırın, sizi qurtararam».

 «Bu ayə mənə həmişə, hətta bəzən dözə bilməyib narkotik qəbul edəndən sonra da yenidən mübarizəni davam etdirməyə güc verirdi. Yehova Öz vədinin üstündə durdu» (Sergey, Ukraynadan).

 Məsəllər 3:5, 6: «Bütün qəlbinlə Yehovaya etibar et, öz ağlına güvənmə. Hər işində Onu düşün, O da yollarını rəvan edər».

 «Bu ayələr mənə özümə yox, Yehovaya güvənməyə kömək etdi. Onun verdiyi güc sayəsində mən həyatımı büsbütün dəyişə bildim» (Mikele, İtaliyadan).

 Əşiya 41:10: «Qorxma, Mən səninləyəm. Təlaşa düşmə, sənin Allahın Mənəm. Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm, haqq olan sağ əlimlə səni bərk-bərk tutacağam».

 «Narkotik tapa bilməyəndə güclü təlaş keçirirdim. Bu ayə məni əmin etdi ki, Allah mənə bu təlaşın öhdəsindən gəlməyə kömək edəcək və belə də oldu» (Endi, Cənubi Afrikadan).

 1 Korinflilərə 15:33 (haşiyə): «Pis dostlar yaxşı vərdişləri korlayır».

 «Narkotikə qurşanmağıma səbəb pis dostlar oldu. Yalnız onlarla əlaqəmi kəsəndən və düzgün həyat tərzi sürən insanlarla dostlaşandan sonra bu aludəçilikdən yaxa qurtara bildim» (İsak, Keniyadan).

 2 Korinflilərə 7:1: «Cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək».

 «Bu ayə məni təmiz bədən uğrunda mübarizəni davam etdirməyə və həyatımı məhv edən aludəçiliyi və digər şeyləri geridə qoymağa təşviq etdi» (Rosa, Kolumbiyadan).

 Filippililərə 4:13: «Çünki mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır».

 «Bilirdim ki, narkotik bəlasından təkbaşına qurtula bilmərəm, ona görə duada Allahdan kömək istəyirdim və O mənə ehtiyac duyduğum gücü verdi» (Patrisiya, İtaliyadan).

 Müqəddəs Kitabın köməyilə narkotik asılılığın öhdəsindən gələn digər insanların nümunəsi

 Cozef Erenbogen zorakı mühitdə böyüyüb. O, spirtli içki, siqaret, marixuana və heroinə qurşanmışdı. Bir neçə dəfə yüksək doza qəbul etdiyi üçün az qalmışdı ölsün. Bir ayə onu dəyişə biləcəyinə əmin etdi. Onun həyat hekayəsini «Özümə və qadınlara hörmət etməyi öyrəndim» məqaləsindən oxuyun.

 Dmitri Korşunov alkoqolizmlə mübarizə apararkən bir neçə dəfə uğursuzluğa düçar olmuşdu. «Bu cür yaşamaqdan bezmişdim» videosuna baxın və görün o, bu vərdişə necə qalib gəldi.

 Müqəddəs Kitabda asılılığın öhdəsindən gəlmək üçün müalicə almaq qadağan edilir?

 Xeyr. Orada deyilir: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır» (Mətta 9:12). ABŞ-ın Milli Narkotik Maddələrdən Sui-İstifadə İnstitutunun məlumatında deyilir: «Narkotik asılılıq çox ağır xəstəlikdir. Ondan müalicə olunmaq üçün yaxşı niyyət və möhkəm iradə kifayət deyil». Əlbəttə, Allahın təqdim etdiyi kömək insan iradəsindən qat-qat güclüdür. Bununla belə, Müqəddəs Kitab məsləhətlərinə əməl etməklə narkotik aludəçiliyindən azad olan insanların bir çoxunun tibbi köməyə də ehtiyacı olub c. Məsələn, Allen adlı bir kişi xatırlayır: «Mən içkini atmağa çalışanda bədənimdə dəhşətli ağrılar var idi. Onda başa düşdüm ki, aldığım ruhani yardımdan əlavə, müalicə də almalıyam».

 Müqəddəs Kitab tibbi məqsədlər üçün narkotik vasitələrdən istifadə etməyi qadağan edir?

 Xeyr. Müqəddəs Kitabda xəstəliyin müalicəsi və ya ölüm ayağında olan insanın ağrılarını yüngülləşdirmək üçün spirtli içkidən istifadə edilməsi barədə yazılıb (Məsəllər 31:6; 1 Timutiyə 5:23). Bununla belə, hətta ağrıkəsici qismində istifadə edildikdə belə, spirtli içki kimi, narkotik maddələr də insanda ciddi asılılıq yarada bilər. Ona görə də həkimin yazdığı ağrıkəsiciləri qəbul edərkən onların fəsadları barədə məlumatlı olmaq və ehtiyatı əldən verməmək olduqca vacibdir (Məsəllər 22:3).

a Bu məqalədə, əsas etibarilə, narkotik asılılığın öhdəsindən gəlmək barədə söhbət getsə də, burada gətirilən Müqəddəs Kitab prinsipləri spirtli içkidən sui-istifadə, qarınqululuq, siqaret çəkmək, qumar oyunları və pornoqrafiya kimi pis əməllərlə, eləcə də sosial şəbəkə aludəçiliyi ilə mübarizədə yararlıdır.

b «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.

c Lazımi yardım göstərən müxtəlif müalicə mərkəzləri, xəstəxanalar və reabilitasiya proqramları var. Hər kəs müalicə üsullarını diqqətlə nəzərdən keçirməli və özünə uyğun olanını seçməlidir (Məsəllər 14:15).