Kontentə keç

Mündəricatı göstər

Kişilərdə narahatçılıq hissi. Müqəddəs Kitab necə kömək edə bilər?

Kişilərdə narahatçılıq hissi. Müqəddəs Kitab necə kömək edə bilər?

 Narahatçılıq  a keçirən insan dedikdə, ola bilsin, ağlınıza qorxudan iflic olan, səhər durmağa halı olmayan, yaxud gecə-gündüz dərdini danışan insan gəlir.

 Bəzi insanlar narahatçılığa məhz bu cür reaksiya göstərir. Lakin tədqiqatlar göstərir ki, digərlərinin, xüsusilə də kişilərin narahatçılığa göstərdikləri reaksiya tamamilə fərqli ola bilər. Bir hesabatda deyilir ki, kişilər «narahatçılıq keçirəndə spirtli içki və narkotikə qurşanmağa daha çox meyilli olurlar. Kişinin içkiyə qurşandığı təəssüratı yaransa da, əslində, bu, onun dərin narahatçılıq keçirdiyinin əlaməti ola bilər. Kişilərdə narahatçılıq çox vaxt qəzəb və əsəbilik kimi də özünü büruzə verir».

 Düzdür, bütün kişilər eyni reaksiya göstərmir. Bununla belə, qeyd etmək lazımdır ki, «son dərəcə çətin bir vaxt» olan bu «axırzamanda» narahatçılıq keçirən insanların sayı günü-gündən artır (2 Timutiyə 3:1). Əgər siz də narahatçılıq keçirirsinizsə, Müqəddəs Kitab sizə necə kömək edə bilər?

Praktiki Müqəddəs Kitab məsləhətləri

 Müqəddəs Kitab sağlam, etibarlı məsləhətlər mənbəyidir. Həmin məsləhətlər sizə də narahatçılıqla mübarizədə kömək edə bilər. Gəlin üç məsləhətə baxaq.

  1.  1.  «Heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir» (Mətta 6:34).

     İzahı. Gələcəkdə baş verəcək, yaxud baş verməyəcək şeylərə görə həddən artıq narahatçılıq keçirməyə dəyməz. Çox vaxt qorxduğumuz şeylər baş vermir. Bəzi hallarda isə vəziyyət gözlənilmədən yaxşıya doğru dəyişir.

     Məsləhət. Heç olubmu ki, siz keçmişdə hansısa pis hadisənin baş verəcəyinə görə bərk narahat olmusunuz, amma qorxduğunuz şey baş verməyib? Bunu yadda saxlayaraq indiki narahatçılıqlarınıza mümkün qədər real baxıb onların gələcəkdə böyük problemə çevrilməsi ehtimalını təhlil edin.

  2.  2.  «Dəmir dəmiri itilər, insan da insanı» (Məsəllər 27:17).

     İzahı. Əgər imkan versək, başqa insanlar bizə narahatçılıqla mübarizədə kömək edə bilər. Onlar hətta həyat təcrübələrindən irəli gələrək praktiki məsləhətlər də verə bilərlər. Uzağı, onlar vəziyyətə başqa tərəfdən baxmağa kömək edəcək.

     Məsləhət. Görün ətrafınızda kimlər sizə məsləhətdaş ola bilər. Ola bilsin, bu, eyni problemlə üzləşmiş dostunuz olsun. Dostunuza nəyin kömək etdiyini və nəyin kömək etmədiyini ondan soruşun.

  3.  3.  «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 Butrus 5:7).

     İzahı. Allah əzab çəkən insanlara qarşı laqeyd deyil və ürəyimizi duada Ona boşaltmağa dəvət edir.

     Məsləhət. Sizi narahat edən şeylərin siyahısını tutun. Sonra onlar barədə Allaha dua edin: hər məsələni ayrılıqda Ona izah edin və Ondan kömək istəyin.

Tezliklə narahatçılıqlardan əsər-əlamət qalmayacaq

 Müqəddəs Kitabda narahatçılıqların öhdəsindən gəlməyə kömək edən məsləhətlərlə yanaşı, gözəl bir vəd də qələmə alınıb: çox tezliklə indi insanları narahat edən problemlərdən əsər-əlamət qalmayacaq. Bu, necə olacaq?

 Allahın Padşahlığı narahatçılığın kökündə duran problemləri aradan qaldıracaq (Vəhy 21:4). Padşahlıq bütün yer üzünü idarə edəndə hətta narahatçılıqlar və stres barədə xatirələr belə artıq bizi incitməyəcək (Əşiya 65:17).

 «Sülh mənbəyi olan Allah» sizə məhz belə gələcək bəxş etmək istəyir (Romalılara 16:20). O, bizi əmin edir: «Mən sizinlə bağlı niyyətimi bilirəm... sizə bəla yox, əmin-amanlıq vermək niyyətindəyəm, amalım sizə gözəl gələcək, ümid bəxş etməkdir» (Ərəmya 29:11).

a Bu məqalədə «narahatçılıq» sözü altında ciddi xəstəlik yox, insanın keçirdiyi gündəlik stres nəzərdə tutulur. Xəstəliyi olan insan, ola bilsin, həkimə müraciət etmək qərarına gəlsin (Luka 5:31).