Kontentə keç

Mündəricatı göstər

Ədalətli iqtisadi sistem mümkündür?

Ədalətli iqtisadi sistem mümkündür?

 Ədalətsiz iqtisadi vəziyyətdən narazıçılıq günü-gündən artır: müxtəlif ölkələrdə insanlar küçələrə axışıb etiraz aksiyaları keçirir. COVID-19 pandemiyası iqtisadi vəziyyəti daha da ağırlaşdırıb, bu səbəbdən vətəndaş iğtişaşlarının sayı da artıb, çünki karantin, ərzaq qıtlığı və tibbi xidmətlərin əlçatmaz olması səbəbindən kasıblarla varlılar arasındakı uçurum daha da böyüyüb.

 Dünyanı cənginə alan iqtisadi problemlərin sonunu görəcəyik? Bəli. Müqəddəs Kitabda Allahın üzləşdiyimiz problemləri necə həll edəcəyi göstərilir.

Allahın həll edəcəyi iqtisadi problemlər

 Problem. İnsanlar hamının tələbatını təmin edən iqtisadi sistem yaratmağa müvəffəq olmayıb.

 Həlli. Allah insan hökumətlərini Öz hökuməti ilə əvəz edəcək. Bu hökumət Allahın Padşahlığı adlanır və göydən bütün yeri idarə edəcək (Dənyal 2:44; Mətta 6:10).

 Nəticə. Ümumdünya hökumət olaraq, Allahın Padşahlığı yer üzünü mükəmməl idarə edəcək. İnsanlar kasıbçılığın nə olduğunu daha bilməyəcək və iqtisadi sabitsizlikdən daha əziyyət çəkməyəcəklər (Zəbur 9:7—9, 18). Onlar əllərinin zəhmətindən zövq alacaq, ailələri ilə birgə səmərəli və dolğun həyat yaşayacaqlar. Müqəddəs Kitabda vəd edilir: «Onlar evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını yeyəcək. Tikdikləri evdə özgələr yaşamayacaq, əkdiklərinin barını özgələr yeməyəcək» (Əşiya 65:21, 22).

 Problem. İnsanlar onlara əzab-əziyyət verən və yoxsulluğa düçar edən hadisələrdən qaça bilmir.

 Həlli. Allah Padşahlığı vasitəsilə əzabların və qeyri-sabitliyin səbəblərini aradan qaldıracaq.

 Nəticə. Allah Özü insanların qayğısına qalacaq; nə özləri, nə də ailələri onları zəruri şeylərdən məhrum edə biləcək hadisələrlə daha heç vaxt üzləşməyəcək. Məsələn, müharibələr, ərzaq qıtlığı, pandemiyalar keçmişdə qalacaq (Zəbur 46:9; 72:16; Əşiya 33:24). Allah deyir: «Mənim xalqım dinclik hökm sürən yurdlarda, təhlükəsiz yerlərdə, sakit məkanlarda yaşayacaq» (Əşiya 32:18).

 Problem. Tamahkar, xudbin insanlar çox vaxt başqalarını istismar edir.

 Həlli. Allahın Padşahlığının təbəələri insanlara səmimi məhəbbət göstərməyi şəxsi maraqlarından üstün tutmağı öyrənəcəklər (Mətta 22:37—39).

 Nəticə. Allahın Padşahlığının rəhbərliyi altında yaşayacaq insanların hər biri «öz xeyrini [güdməyən]» məhəbbət təzahür etdirəcək (1 Korinflilərə 13:4, 5). Müqəddəs Kitabda deyilir: «Müqəddəs dağımın heç bir yerində onlardan xətər gəlməyəcək, heç nəyi tələf etməyəcəklər. Çünki sular dənizi doldurduğu kimi, dünya başdan-başa Yehova a barədə biliklə dolacaq» (Əşiya 11:9).

 Müqəddəs Kitabda deyilir ki, biz axırzamanda yaşayırıq və tezliklə Allah bütün iqtisadi problemlərə son qoymaq vədini gerçəkləşdirəcək b (Zəbur 12:5). Ancaq Müqəddəs Kitabdakı prinsiplərin köməyi ilə siz artıq indidən üzləşdiyiniz maddi çətinliklərin öhdəsindən gələ bilərsiniz. Məsələn, «Daha az pulla necə dolanmaq olar?»«Pula düzgün münasibət» (türk) adlı məqalələrə baxın.

a Müqəddəs Kitaba əsasən, «Yehova» Allahın adıdır (Zəbur 83:18).

b Müqəddəs Kitaba etibar etmək üçün hansı səbəblərin olduğu haqda öyrənmək üçün «Həqiqət qaynağı Müqəddəs Kitab» adlı məqaləyə baxın.