Məttanın yazdığı müjdə 22:1—46

22  İsa sözünə məsəllərlə davam etdi:  «Səmavi Padşahlıq oğlu üçün toy edən+ bir padşaha bənzəyir.  Padşah dəvət etdiyi qonaqları toy ziyafətinə çağırmaq üçün nökərlərini göndərdi. Lakin qonaqlar gəlmək istəmədilər.+  Padşah bu dəfə başqa nökərləri göndərdi və onlara dedi: “Gedin qonaqlara belə deyin: “Naharı hazırlamışam, cöngələr, bəslənmiş heyvanlar artıq kəsilib, hər şey hazırdır. Buyurun ziyafətə gəlin”.  Lakin onlar dəvəti veclərinə almadılar. Kimisi tarlasında işləməyə getdi, kimisi də başqa işinin dalınca getdi.+  Qalanları isə nökərləri tutub döydülər və öldürdülər.  Padşah bərk qəzəbləndi. Ordusunu göndərib qatilləri məhv etdi, şəhərlərini də yandırdı.+  Sonra nökərlərinə dedi: “Toy ziyafəti hazırdır, lakin qonaqlar məclisdə iştirak etməyə layiq olmadılar.+  Buna görə də şəhərdən çıxan yollara gedin, kimi tapsanız hamını ziyafətə çağırın”.+ 10  Nökərlər yollara çıxdılar və tapdıqları adamların hamısını: pisləri də, yaxşıları da yığıb məclisə gətirdilər. Toyxana qonaqlarla doldu. 11  Padşah qonaqlara baxmaq üçün içəri girdi. Birdən onun gözünə toy libası geyməmiş bir adam sataşdı. 12  Padşah ona dedi: “Qardaş, əynində toy libası olmaya-olmaya içəri necə girmisən?” O dinmədi. 13  Onda padşah nökərlərinə əmr etdi: “Bunun əl-ayağını bağlayıb çölə, zülmətə atın. O, orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaq”. 14  Çünki dəvət edilənlər çox, seçilənlər isə azdır». 15  Fərisilər oradan çıxıb onu sözdə tutmaq üçün aralarında məşvərət etdilər.+ 16  Onlar öz şagirdlərini və Hirodun ardıcıllarını+ bu sözlərlə İsanın yanına göndərdilər: «Ustad, biz bilirik ki, sən düz adamsan, Allahın yolunu həqiqətə müvafiq öyrədirsən, kiminsə rəğbətini qazanmağa çalışmırsan, çünki insanın hansı təbəqədən olması səni maraqlandırmır. 17  Necə bilirsən, Sezara can vergisi ödəmək düzgündür, ya yox?» 18  Onların pis niyyətlərindən agah olan İsa dedi: «Ey ikiüzlülər, məni niyə sınayırsınız? 19  Vergini ödədiyiniz sikkəni mənə göstərin». Ona bir dinar* verdilər. 20  İsa onlara dedi: «Burada kimin surəti və titulu həkk olunub?» 21  Onlar cavab verdilər: «Sezarın». Onda İsa dedi: «Elə isə, Sezara məxsus şeyləri Sezara, Allaha məxsus şeyləri Allaha verin».+ 22  Onlar bu sözlərə məəttəl qaldılar və çıxıb getdilər. 23  Həmin gün dirilməyə inanmayan saddukilər+ İsanın yanına gəlib soruşdular:+ 24  «Ustad, Musa belə buyurub: “Bir kişi övladsız ölərsə, qardaşı onun dul qalmış arvadını almalıdır ki, qardaşının nəsli kəsilməsin”.+ 25  Aramızda yeddi qardaş var idi. Böyük qardaş evləndi, amma övladsız öldü. Arvadını ikinci qardaşı aldı. 26  O da, üçüncüsü də — yeddinci qardaşa qədər hamısı o qadınla evləndi və öldü. 27  Hamısından axırda qadın da öldü. 28  İndi görəsən, diriləndən sonra həmin qadın bu yeddi qardaşdan hansının arvadı olacaq? Axı onların hamısı bu qadınla evlənmişdi». 29  İsa onlara cavab verdi: «Siz yanılırsınız, çünki nə Müqəddəs Yazılardan, nə də Allahın qüdrətindən xəbəriniz yoxdur.+ 30  Diriləndən sonra kişilər evlənməyəcək, qadınlar da ərə getməyəcəklər. Onlar göydəki mələklər kimi olacaqlar.+ 31  O ki qaldı ölülərin dirilməyinə, məgər Allahın sizə: 32  “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam”,+ — dediyini oxumamısınız? Bəli, O, ölülərin yox, dirilərin Allahıdır».+ 33  Bunu eşidən camaat onun sözlərinə heyran qaldı.+ 34  Fərisilər İsanın saddukiləri susdurduğunu eşidəndə yığışıb onun yanına gəldilər. 35  Onların arasından bir qanunşünas qalxıb İsanı sınamaq məqsədilə soruşdu: 36  «Ustad, Tövratda* ən böyük əmr hansıdır?»+ 37  İsa cavab verdi: «“Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla və bütün ağlınla sev”.+ 38  Bu, birinci və ən böyük əmrdir. 39  İkincisi də buna bənzəyir: “Başqasını özünü sevdiyin kimi sev”.+ 40  Bütün Tövrat və Peyğəmbərlərin kitabı bu iki əmrin üzərində durur».+ 41  Bir dəfə fərisilər bir yerə toplaşmışdılar. İsa onlardan soruşdu:+ 42  «Məsih haqqında nə düşünürsünüz? O, kimin oğludur?» Onlar cavab verdilər: «Davudun».+ 43  İsa onlara dedi: «Necə olur ki, Davud ilham alaraq+ onu “Ağa” adlandırıb deyir: 44  “Yehova Ağama dedi: “Düşmənlərini ayağının altına qoyanadək sağımda otur”?+ 45  Əgər Davud onu “Ağa” adlandırırsa, o, Davudun oğlu necə ola bilər?»+ 46  Heç kəs bunun qarşısında İsaya bir kəlmə söz deyə bilmədi və o gündən etibarən, heç kim cürət edib onu sorğu-suala tutmadı.

Haşiyələr