Məttanın yazdığı müjdə 23:1—39

  • Mirzələrdən və fərisilərdən nümunə götürməyin (1—12)

  • Vay mirzələrin və fərisilərin halına (13—36)

  • İsa Yerusəlimdən ötrü göz yaşı tökür (37—39)

23  Sonra İsa xalqa və şagirdlərinə müraciət edib dedi:  «Mirzələr və fərisilər Musanın yerində oturublar.  Buna görə də dedikləri hər şeyə əməl edin, lakin gördükləri işləri görməyin. Çünki onlar deyirlər, amma etmirlər.+  Onlar insanların çiyninə ağır yük qoyurlar,+ özləri isə bu yükü qaldırmaq üçün barmaqlarını da tərpətmək istəmirlər.+  Hər bir işi özlərini camaata göstərmək üçün edirlər.+ Onlar həmail kimi taxdıqları ayə qutucuqlarını genişləndirir,+ paltarlarının saçaqlarını uzadırlar.+  Onlar məclislərdə yuxarı başda, sinaqoqlarda qabaq cərgələrdə oturmağı sevirlər,+  bazar meydanlarında camaatdan salam almağı, insanların onları “Rabbi”* çağırmağını xoşlayırlar.  Amma siz qoymayın sizi “Rabbi” çağırsınlar, çünki sizin bir Ustadınız+ var, siz isə bir-birinizə qardaşsınız.  Həmçinin yer üzündə heç kəsi “Ata”* çağırmayın, çünki bir Atanız var,+ O da göydədir. 10  Qoymayın sizi rəhbər adlandırsınlar, çünki bir Rəhbəriniz var, o da Məsihdir. 11  Ancaq aranızda ən böyük kimdirsə, qoy sizə nökər olsun.+ 12  Özünü yüksəldən alçaldılacaq,+ özünü alçaldan yüksəldiləcək.+ 13  Vay sizin halınıza, mirzələr və fərisilər, ikiüzlülər! Çünki siz səmavi Padşahlığın qapılarını insanların üzünə bağlayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri qoyursunuz.+ 14  *⁠—— 15  Vay sizin halınıza, mirzələr və fərisilər, ikiüzlülər!+ Çünki siz dənizləri keçir, ölkələri dolaşırsınız ki, heç olmasa bir adamı dininizə döndərəsiniz. Lakin buna müvəffəq olanda o adamı özünüzdən də beşbetər Hinnom vadisinə* məhkum edirsiniz. 16  Vay sizin halınıza, kor bələdçilər!+ Siz deyirsiniz: “Əgər kimsə məbədə and içirsə, eybi yox, amma kimsə məbəddəki qızıla and içirsə, andını mütləq yerinə yetirməlidir”.+ 17  Ey ağılsızlar və korlar! Hansı daha böyükdür: qızıl, yoxsa qızılı müqəddəs edən məbəd? 18  Həmçinin belə deyirsiniz: “Əgər kimsə qurbangaha and içirsə, eybi yox, amma qurbangahın üstündəki bəxşişə and içən mütləq andını yerinə yetirməlidir”. 19  Korlar! Hansı daha böyükdür: bəxşiş, yoxsa bəxşişi müqəddəs edən qurbangah? 20  Ona görə də qurbangaha and içən həm qurbangaha, həm də onun üstündəki şeylərə and içir. 21  Məbədə and içən həm məbədə, həm də onun içində məskən salana and içir,+ 22  göyə and içən Allahın taxtına və o taxtda oturana and içir. 23  Vay sizin halınıza, mirzələr və fərisilər, ikiüzlülər! Çünki siz nanə, şüyüd və cirənin onda birini verirsiniz,+ lakin Tövratdakı* daha vacib məsələlərə: haqq-ədalətə,+ mərhəmətə+ və sədaqətə fikir vermirsiniz. Ondabiri verməli idiniz, amma bunları da kənara atmamalıydınız.+ 24  Ağcaqanadı süzgəclə ayırıb,+ dəvəni diri-diri udan,+ kor bələdçilər!+ 25  Vay sizin halınıza, mirzələr və fərisilər, ikiüzlülər! Çünki siz camı və boşqabı üstdən təmizləyirsiniz,+ amma onların içi acgözlüklə+ və kef-səfa ilə doludur.+ 26  Ey kor fərisi, əvvəlcə camın və boşqabın içini təmizlə, onda onların üstü də təmiz olacaq. 27  Vay sizin halınıza, mirzələr və fərisilər, ikiüzlülər!+ Çünki siz ağardılmış qəbirləri xatırladırsınız.+ Onlar zahirən qəşəng görünürlər, amma içəridən ölü sümükləri və hər cür natəmizliklə doludurlar. 28  Eynilə də siz, qıraqdan saleh görünürsünüz, amma daxildən riyakarlıq və qanunsuzluqla dolusunuz.+ 29  Vay sizin halınıza, mirzələr və fərisilər, ikiüzlülər!+ Çünki siz peyğəmbərlər üçün türbələr ucaldırsınız, salehlərin sərdabələrini bəzəyirsiniz+ 30  və deyirsiniz: “Biz dədə-babalarımızın vaxtında yaşasaydıq, onlarla əlbir olmazdıq, peyğəmbərlərin qanını tökməzdik”. 31  Bu sözlərlə siz öz əleyhinizə şahidlik edirsiniz ki, peyğəmbərləri qətlə yetirmiş adamların övladlarısınız.+ 32  Neynək, dədə-babalarınızın başladığı işi axıra çatdırın! 33  Siz, ey ilanlar, əfi ilan balaları!+ Hinnom vadisinə* məhkumiyyətdən canınızı necə qurtaracaqsınız?+ 34  Buna görə də yanınıza peyğəmbərləri,+ arifləri və müəllimləri göndərirəm.+ Onlardan bəzilərini öldürəcək,+ dirəkdə edam edəcəksiniz, bəzilərini isə sinaqoqlarınızda qamçılayacaq və bir şəhərdən o biri şəhərə qovacaqsınız.+ 35  Beləcə, saleh Habilin qanından tutmuş+ məbədlə qurbangahın arasında öldürdüyünüz Bərəkya oğlu Zəkəriyyənin qanına kimi, yer üzündə axıtdığınız bütün salehlərin qanına görə günahkar sayılacaqsınız.+ 36  Bilin və agah olun, bütün bu günahlara görə bu nəsil cavab verəcək. 37  Eh, Yerusəlim, Yerusəlim! Peyğəmbərləri qətlə yetirən, sənə göndərilənləri daşa basan Yerusəlim!+ Toyuq cücələrini qanadının altına topladığı kimi, mən də dəfələrlə sənin övladlarını bir yerə yığmaq istədim. Amma siz istəmədiniz!+ 38  Buna görə də Allah bu məbədi tərk edəcək*.+ 39  Bunu bilin, siz: “Yehovanın adı ilə gələnə eşq olsun!” — deyənə qədər bir daha məni görməyəcəksiniz».+

Haşiyələr

Yəhudi ruhanilərinə verilən şərəfli ad.
İsa ata sözünü dini titul kimi işlətməyi qadağan edirdi.
Digər variant: bu məbəd viranə halda sizə qalacaq.