Kontentə keç

Mündəricatı göstər

 ÜZ QABIĞINDA: DÜNYANIN SONUNDAN QORXMALIYIQMI?

Dünyanın sonundan qorxmalıyıqmı?

Dünyanın sonundan qorxmalıyıqmı?

Çoxları deyirdi ki, Mayya təqviminə görə 2012-ci il dekabrın 21-də dünya dağılacaq. Siz bunu eşidəndə hansı hissləri keçirmişdiniz? O gündən nə gözlədiyinizdən asılı olaraq, ola bilsin, çiyninizdən ağır yük düşdü, məyus oldunuz, yaxud da sizin bu mövzuya marağınız birdəfəlik öldü. Bu, nə idi: dünyanın sonu ilə bağlı verilmiş növbəti yanlış proqnoz?

Bəs Müqəddəs Kitabda «dünyanın [sonu]» deyildikdə nə nəzərdə tutulur? (Matta 24:3, İncil, 1993). Bəziləri Yer kürəsinin yanıb külə çevriləcəyindən qorxur. Başqaları həmin gündə maraqlı hadisələrin olacağını düşünərək onu böyük səbirsizliklə gözləyir. Çoxları isə dünyanın sonunun gələcəyini eşitməkdən artıq təngə gəliblər. İnsanların bu cür reaksiya göstərməsi əsaslıdırmı? «Dünyanın sonu» əslində nədir?

Ola bilsin, siz Müqəddəs Kitabda dünyanın sonu barədə yazılan həqiqətləri biləndə çox təəccüblənəcəksiniz. Müqəddəs Kitab təkcə sonu hansı səbəblərdən irəli gələrək gözləməli olduğumuzu demir, həmçinin orada deyilir ki, bəziləri sonun gecikdiyini düşündüklərindən onu gözləməkdən bezəcəklər. Biz sizə dünyanın sonu barədə tez-tez verilən sualların cavabını araşdırmağı təklif edirik. Həmin cavablar Müqəddəs Kitabda qələmə alınıb.

 Yer kürəsi yanıb kül olacaq?

MÜQƏDDƏS KİTABIN CAVABI: «Yer üzünün təməlini elə qurdun ki, əsla sarsılmasın» (MƏZMUR 104:5).

Yer kürəsi nə odla, nə də ki başqa bir üsulla məhv edilməyəcək. Əksinə, Müqəddəs Kitab öyrədir ki, planetimiz bəşəriyyətin əbədi məskənidir. Məzmur 37:29 ayəsində deyilir: «Salehlər... [«yeri», Kitabı Mukaddes] mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Məzmur 115:16; Yeşaya 45:18).

Allah yeri yaradandan sonra ona nəzər salıb «çox [yaxşı]» olduğunu dedi və O hələ də bu fikirdədir (Yaradılış 1:31). Yer kürəsini məhv etmək Allahın niyyətinə qətiyyən daxil deyil. Əksinə, O, yeri tələf edənləri tələf edərək ona bir daha zərər vurulmasına yol verməyəcək (Vəhy 11:18).

Lakin bir çoxlarını «İncil» kitabının 2 Peter 3:7 ayəsində yazılan sözlər çaşdırır. Həmin ayədə deyilir: «Göylər və yer... Hökm gününün alovu üçün saxlanılır». Bu ayə yerin odla məhv ediləcəyinimi göstərir? Yox. Müqəddəs Kitabda «göy», «yer» və «alov» anlayışları bəzən məcazi mənada işlədilir. Məsələn, Məzmur 97:1 ayəsində yazılıb: «Qoy yer üzü şadlıq etsin». Bu ayədə «yer» sözü altında insan cəmiyyəti nəzərdə tutulur.

2 Peter 3:7 ayəsinin kontekstindən məlum olur ki, bu ayədə də göylər, yer və alov məcazi mənada işlədilib. 5 və 6-cı ayələrdə dünyanın sonu Nuhun dövründə baş verən daşqınla müqayisə edilir. O zaman qədim dünya məhv edildi, bununla belə, bizim planet yoxa çıxmayıb. Əksinə, Daşqın zorakılıqla dolu olan cəmiyyəti, yəni «yeri» yuyub apardı. Həmçinin bu daşqın «göy»ü, yəni həmin cəmiyyətə ağalıq edən adamları məhv etdi (Yaradılış 6:11). Eynilə, 2 Peter 3:7 ayəsində peyğəmbərlik edilir ki, bu pis cəmiyyət və onun rüşvətxor rəhbərləri odda yandırılmış əşya kimi əbədilik məhv ediləcək.

Dünyanın sonu gələndə nə baş verəcək?

MÜQƏDDƏS KİTABIN CAVABI: «Dünya öz istəkləri ilə bərabər keçib gedir, Allahın iradəsini yerinə yetirən isə əbədi yaşayır» (1 YƏHYA 2:17).

«Dünya» keçib gedir deyildikdə Yer kürəsi yox, Allahın iradəsinə zidd həyat tərzi sürən bu dünyanın adamları nəzərdə tutulur. Cərrah xəstənin həyatını xilas etmək üçün bədənindəki şişi götürdüyü kimi, Allah da yaxşı insanların həyatdan həzz alaraq yer üzündə yaşamaları üçün pislərin kökünü kəsəcək (Məzmur 37:9). Məhz bu mənada «dünyanın sonu»nun gəlməsi yaxşıdır.

 «Dünyanın sonu»na dair müsbət baxış Müqəddəs Kitab tərcümələrinin birində əks olunub. Orada bu ifadə «dövrün yekunu» kimi verilib. (Matta 24:3, haşiyəyə baxın.) Həm Yer kürəsi, həm də bəşəriyyət dünyanın sonundan sağ çıxacağı üçün məgər yeni dövranın başlayacağını düşünmək məntiqəuyğun deyil? Müqəddəs Kitab bu suala müsbət cavab verir, çünki orada «gələcək [dövr]» haqqında danışılır (Luka 18:30).

İsa peyğəmbər həmin dövrü «yeni dövr» adlandırdı. O zaman İsa bəşəriyyəti Allahın əzəldən niyyət etdiyi vəziyyətə qaytaracaq (Matta 19:28). Onda biz aşağıda sadalanan şəraitdə yaşayacağıq.

Əgər biz «Allahın iradəsini», yəni Onun bizdən tələb etdiklərini yerinə yetiririksə, dünyanın sonundan qorxmayacağıq. Əksinə, o günü böyük səbirsizliklə gözləyəcəyik.

Dünyanın sonu, həqiqətən də, yaxındır?

MÜQƏDDƏS KİTABIN CAVABI: «Bütün bunların baş verdiyini görəndə bilin ki, Allahın padşahlığı yaxındadır» (LUKA 21:31).

Professor Riçard Kayl «Yenə də son günlər» kitabında yazır ki, «qəfil dəyişiklik və cəmiyyətdə hökm sürən xaos dünyanın sonu barədə proqnozlar üçün əlverişli şərait yaradır», xüsusilə də həmin dəyişikliyin və ya xaosun səbəbi anlaşılmaz olanda («The Last Days Are Here Again»).

Lakin dünyanın sonu barədə yazan peyğəmbərlər bunu onların dövründə baş verən pisliklərin səbəbini izah etmək məqsədi ilə etməmişdilər. Onlar Allahdan ilham alaraq dünyanın öz sonuna yaxınlaşdığına işarə edəcək vəziyyəti təsvir etmişdilər. Gəlin həmin peyğəmbərliklərin bəzilərini nəzərdən keçirək. Və siz onların bizim zəmanədə yerinə yetib-yetmədiyini özünüz üçün müəyyən edə bilərsiniz.

  •   Müharibə, qıtlıq, zəlzələ və ölümcül xəstəliklərin epidemiyası (Matta 24:7; Luka 21:11).
  • Cinayətkarlığın misli görünməmiş dərəcədə artması (Matta 24:12).
  • İnsanların yeri tələf etməsi (Vəhy 11:18).
  • İnsanların xudbin, pulpərəst və Allahdan çox eyş-işrəti sevmələri (2 Timoteyə 3:2, 4).
  • Ailələrin dağılması (2 Timoteyə 3:2, 3).
  • Dünyanın sonunun əlamətlərinə dair cəmiyyətdə laqeydliyin hökm sürməsi (Matta 24:37—39).
  • Allahın Padşahlığı haqqında olan xoş xəbərin bütün dünyada təbliğ olunması (Matta 24:14).

İsa peyğəmbərin sözlərinə əsasən, biz «bütün bunları» görəndə başa düşməliyik ki, dünyanın sonu artıq yaxındır (Matta 24:33). Yehovanın Şahidləri bu dəlillərin doğruluğuna əmindirlər, buna görə də onlar 236 ölkə və ərazidə təbliğ edərək öz imanlarını bölüşürlər.

Dünyanın sonunun insanların düşündüyü vaxtda gəlməməsi o deməkdirmi ki, son heç vaxt gəlməyəcək?

MÜQƏDDƏS KİTABIN CAVABI: «İnsanlar “sülh və təhlükəsizlik” deyərkən, hamilə qadını doğuş sancıları qəflətən tutduğu kimi, onlar da qəfil məhvə uğrayacaqlar və heç cürə xilas ola bilməyəcəklər» (1 SALONİKİLİLƏRƏ 5:3).

Müqəddəs Kitabda bu dünyanın sonu qadının doğuş ağrılarına bənzədilir: hamilə qadının sancılarının tutması qaçılmazdır və qəflətən başlayır. Dünyanın sonu ərəfəsindəki vaxt da hamiləlik dövrünə oxşayır. Hamilə qadın doğuşun tezliklə başlayacağını getdikcə şiddətlənən ağrılardan bilir. Onun həkimi uşağın dünyaya gələcəyi vaxtı təxmini desə də, bu, həmin tarixdə baş verməyə bilər. Bununla belə, anada körpənin gec-tez doğulacağına zərrə qədər də şübhə yaranmır. Eynilə, son insanların gözlədiyi vaxtda gəlməsə də, bu, «axır günlərdə» yaşadığımız faktını dəyişmir (2 Timoteyə 3:1).

Əgər dünyanın sonu ərəfəsində yaşadığımızı göstərən əlamət bu qədər aydındırsa, onda nəyə görə bir çox insanlar bunu qəbul etmirlər? Müqəddəs Kitab göstərir ki, dünyanın sonu yaxınlaşdıqca çoxları onun əlamətinə əhəmiyyət verməyəcəklər. Onlar son günlərdə köklü dəyişikliklərin baş verdiyinə inanmayacaqlar və buna inananlara da rişxənd edərək deyəcəklər:  «Dədə-babalarımız ölüm yuxusuna gedəndən sonra da hər şey yaradılışdan bəri olduğu kimi durur» (2 Peter 3:3, 4). Başqa sözlə desək, son günlərin əlaməti aydın olduğu halda, çoxları buna məhəl qoymayacaqlar (Matta 24:38, 39).

Bu məqalədə sonun yaxın olduğunu göstərən Müqəddəs Kitab dəlillərinin yalnız bəziləri nəzərdən keçirildi *. Siz bu haqda daha çox bilmək istəyərdinizmi? Əgər elədirsə, onda Müqəddəs Kitabı təmənnasız olaraq öyrədən Yehovanın Şahidləri ilə əlaqə saxlayın. Məşğələlər evinizdə, sizin üçün münasib olan başqa yerdə, eləcə də telefonla keçirilə bilər. Sizə yalnız bir az vaxt ayırmaq qalır, lakin bunun gətirəcəyi fayda heç bir şeylə müqayisə gələ bilməz!

^ abz. 39 Əlavə məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının «“Axır günlərdə”mi yaşayırıq?» adlı 9-cu fəslinə baxın.