Kontentə keç

Mündəricatı göstər

Müqəddəs Kitab etibarlı bələdçidir

Müqəddəs Kitab etibarlı bələdçidir

Əgər təkcə özümüzün və ya başqalarının hissləri əsasında qərar veririksə, mütləq yaxşı nəticə əldə edəcəyimizə zəmanət yoxdur. Müqəddəs Kitab bunun səbəbini açıqlayır. Üstəlik, bu kitab xoşbəxt və mənalı həyata sahib olmağımız üçün etibarlı bələdçidir.

İLAHİ NƏSİHƏTLƏRƏ EHTİYAC DUYURUQ

Yehova a Allah Müqəddəs Kitabda bildirir ki, insanların Onun nəsihətlərinə ehtiyacı var və onlar öz ağıllarına güvənib hər məsələdə doğru qərar verə bilməzlər (Ərəmya 10:23). Buna görə də O, Müqəddəs Kitabda nəyin doğru, nəyin yanlış olduğuna dair göstərişlər verib. O, hər birimizi sevir və istəmir ki, həyati vacib qərarlar verərkən səhvlərə yol verək, acı təcrübə yaşayıb, sonradan peşman olaq (Qanunun təkrarı 5:29; 1 Yəhya 4:8). Üstəlik, bizə lazım olan ən gözəl öyüd-nəsihətləri vermək üçün hikmətə və biliyə sahibdir (Zəbur 100:3; 104:24). Buna baxmayaraq, Allah heç vaxt insanları Onun qoyduğu qaydalara əməl etməyə məcbur etmir.

Yehova ilk kişi və qadını, Adəmlə Həvvanı əsl xoşbəxtliyi dadmaları üçün lazım olan hər şeylə təmin etmişdi (Yaradılış 1:28, 29; 2:8, 15). Bundan başqa, onlara sadə göstərişlər vermişdi və onlardan itaətkarlıq gözləyirdi. Amma izin verdi ki, bu göstərişlərə əməl edib-etməyəcəklərinə özləri qərar versin (Yaradılış 2:9, 16, 17). Heyif ki, Adəmlə Həvva Allahın qoyduğu qaydalara riayət etməyi yox, öz bildikləri kimi yaşamağı seçdilər (Yaradılış 3:6). Bəs bunun aqibəti necə oldu? Məgər insanların nəyin düz, nəyin səhv olduğuna özlərinin qərar verməsi daha yaxşı olmaz? Təbii ki, yox. Tarix sübut edir ki, Allahın qayda-qanunlarına məhəl qoymadığımız təqdirdə, daimi dincliyə və xoşbəxtliyə nail ola bilmərik (Vaiz 8:9).

Müqəddəs Kitabda boya-başa çatdığımız mühitdən və ərazidən asılı olmayaraq, bizə hikmətli qərarlar verməyə kömək edən nəsihətlər var. (2 Timutiyə 3:16, 17; « Hamı üçün olan kitab» adlı çərçivəyə baxın.) Gəlin bu nəsihətlərdən bəziləri ilə tanış olaq.

Müqəddəs Kitabın nəyə görə haqlı olaraq «Allahın sözü» adlandığı haqda ətraflı məlumat əldə edin (1 Salonikililərə 2:13). jw.org saytında «Müqəddəs Kitabın müəllifi kimdir?» adlı videoya baxın.

İLAHİ NƏSİHƏTLƏRLƏ DOLU BƏLƏDÇİ

Müqəddəs Kitabda Yehovanın ta əzəldən insanlarla münasibəti haqqında dəqiq məlumatlar yer alır. Orada yazılanlar bizə Allahın doğru və yanlışa, faydalı və zərərli şeylərə dair baxışını anlamağa kömək edir (Zəbur 19:7, 11). Biz oradan gündəlik həyatda hikmətli qərarlar verməyə kömək edən və həmişə işə yarayan nəsihətlər əldə edirik.

Məsələn, götürək Məsəllər 13:20 ayəsindəki məsləhəti. Orada deyilir: «Hikmətli ilə oturub-duran hikmətli olar, axmaqlarla ayaqlaşan bədbəxt olar». Bu nəsihət qədimdə olduğu kimi bu gün də işə yarayır. Müqəddəs Kitab bu cür faydalı və dəyərli nəsihətlərlə doludur. (« Aktuallığını itirməyən hikmətli nəsihətlər» adlı çərçivəyə baxın.)

Bəlkə də, sizdə belə bir sual yarandı: «Müqəddəs Kitabdakı nəsihətlərin bu gün də işə yaradığına necə əmin ola bilərəm?» Növbəti məqalədə bununla bağlı bəzi gerçək əhvalatlar gətirilir.

a Yehova Allahın adıdır (Zəbur 83:18).