Kontentə keç

Mündəricatı göstər

Tolerant olmaq. Müqəddəs Kitab necə kömək edə bilər?

Tolerant olmaq. Müqəddəs Kitab necə kömək edə bilər?

 «Dünyada sülhün olması üçün hamı tolerant olmalıdır» (YUNESKO-nun Tolerantlıq Prinsipləri haqqında Bəyənnaməsi, 1995).

 İntolerantlıq isə, əksinə, hörmətsizlik, hətta nifrət yarada bilər. Bu cür hisslər çox vaxt nifrət dolu danışığa, ayrı-seçkiliyə və zorakılığa gətirib çıxarır.

 İnsanların tolerantlıqla bağlı fikirləri müxtəlifdir. Bəziləri düşünür ki, tolerant insan hamının hər cür davranışını dəstəkləməlidir. Digərləri isə Müqəddəs Kitabın bu mövzuya dair baxışını dəstəkləyir. Müqəddəs Kitaba əsasən tolerant insanlar hər bir kəsin öz dəyərlərini və əqidəsini seçmək hüququna hörmətlə yanaşırlar, hətta bu dəyər və əqidə onlarınkı ilə üst-üstə düşməsə də.

 Müqəddəs Kitab insanlara həqiqətən tolerant olmağa kömək edə bilər?

Müqəddəs Kitaba əsasən tolerantlıq

 Müqəddəs Kitab tolerant olmağa səsləyir. Orada yazılıb: «Qoy hamı sizi dərrakəli adam kimi tanısın» (Filippililərə 4:5). Müqəddəs Kitab bizi təşviq edir ki, başqalarına qarşı diqqətcil olaq, onlarla nəzakətlə və ədalətlə davranaq. Bu məsləhətə əməl edənlər, ola bilsin ki, başqalarının fikirləri ilə razılaşmasınlar, yaxud onların dəyərlərinə uyğunlaşmasınlar, amma onlar başqalarının öz seçimlərinə uyğun davranmalarına mane olmurlar.

 Bununla belə, Müqəddəs Kitabda yazılıb ki, Allah insanların riayət etməli olduğu normalar təsis edib. Orada yazılıb: «Ey insan, nəyin doğru olduğunu [Allah] sənə söylədi» (Mikə 6:8). Bu ayə insanlara Allahın verdiyi rəhbərliyi göstərir. Bunun sayəsində insanlar həyatdan həzz ala bilərlər (Əşiya 48:17, 18).

 Allah bizə insanları mühakimə etmək səlahiyyəti verməyib. Müqəddəs Kitabda yazılıb: «Bir Qanunverən və Hakim vardır... Sən kimsən ki, başqasını mühakimə edirsən?!» (Yaqub 4:12). Allah hər bir insana iradə azadlığı verib və hər kəs öz məsuliyyət yükünü özü daşıyır (Qanunun təkrarı 30:19).

Müqəddəs Kitabda hörmət barədə nə deyilir?

 Müqəddəs Kitabda deyilir ki, «hər cür insana hörmət edin» (1 Butrus 2:17). Odur ki, Müqəddəs Kitab normalarına uyğun yaşayanlar həyat tərzindən və əqidəsindən asılı olmayaraq, hər kəsə hörmət edirlər (Luka 6:31). Bu o demək deyil ki, Müqəddəs Kitaba uyğun yaşayanlar bütün inancları qəbul edir, yaxud hamının qərarlarını və fikirlərini dəstəkləyir. Onlar hörmətsizlik və kobudluq etmirlər, əksinə, İsa Məsihin başqaları ilə rəftarından örnək götürürlər.

 Məsələn, bir dəfə İsa Məsih başqa dinə mənsub bir qadınla söhbət etmişdi. Həmçinin bu qadın nikahdan kənar bir kişi ilə yaşayırdı. İsa qadının həyat tərzini bəyənməsə də, onunla hörmətcil davrandı (Yəhya 4:9, 17—24).

 Bu gün İsanın davamçıları da onları dinləmək istəyən kəslərə imanları barədə danışırlar və bunu dərin hörmətlə edirlər (1 Butrus 3:15). Müqəddəs Kitaba əsasən məsihilər öz fikirlərini başqalarına yeritməməlidirlər. Orada deyilir ki, Məsihin davamçısı dinindən asılı olmayaraq, «hamıyla mülayim davranmalı», «çəkişmələrdən uzaq durmalı»dır (2 Timutiyə 2:24).

Müqəddəs Kitabda nifrət barədə nə deyilir?

 Müqəddəs Kitabda deyilir ki, «hamıyla sülhdə olmağa çalışın» (İbranilərə 12:14). Hamı ilə sülhdə olmağa çalışan insan nifrətdən uzaq durur. O öz dəyərlərində güzəştə getmədən hamı ilə sülhdə olmaq üçün əlindən gələni edir (Mətta 5:9). Həmçinin Allahın Kəlamı məsihiləri təşviq edir ki, düşmənlərini sevsinlər və onların etdiyi pisliyə yaxşılıqla cavab versinlər (Mətta 5:44).

 Müqəddəs Kitabda deyilir ki, insanların ləyaqətini alçaldan və onlara zərər yetirən pis əməllərdən Allahın zəhləsi gedir və ikrah edir (Məsəllər 6:16—19). Əslində, «zəhləsi getmək» ifadəsi Allahın pis əməllərə qarşı keçirdiyi dərin hissləri təsvir etmək üçün istifadə olunur. Müqəddəs Kitabda göstərilir ki, Allah hər zaman bağışlamağa və həyatlarını dəyişib Onun normalarına uyğun yaşamaq istəyən insanlara kömək etməyə hazırdır (Əşiya 55:7).

Tolerantlıq və hörmətlə bağlı Müqəddəs Kitab ayələri

 Titusa 3:2: «Dərrakəli [olun], hamı ilə mülayim [davranın]».

 Dərrakəli insan fikirləri üst-üstə düşməyən insanlarla mülayim davranır və aralarındakı hörməti qoruyur.

 Mətta 7:12: «Buna görə də insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin».

 Başqaları bizə hörmətlə yanaşanda, fikirlərimizi, hisslərimizi nəzərə alanda bizim üçün xoş olur. İsa Məsihin bu məşhur təlimini necə tətbiq edə biləcəyinizlə bağlı «Qızıl qanun nədir?» adlı məqaləyə baxın.

 Yuşə 24:15: «Bu gün kimə ibadət edəcəyinizə qərar verin».

 Başqalarının seçim etmək azadlığına hörmət edəndə aramızda sülh olur.

 Həvarilərin işləri 10:34: «Allah ayrı-seçkilik etməyən Allahdır».

 Allah heç kimin mədəniyyətinə, cinsinə, milliyyətinə, irqinə və böyüdüyü mühitinə görə ayrı-seçkilik etmir. Buna görə də Allahı sevən insan hamıya hörmət etməlidir.

 Həbquq 1:12, 13: «[Allah] yamanlığı götürə [bilmir]».

 Allah tolerant olsa da, bunun bir həddi var. O qoymayacaq ki, pis insanlar əbədiyyən zorakılıq etsin. Əlavə məlumat üçün «Nə üçün Allah zülmə son qoymur?» adlı videoya baxın.

 Romalılara 12:19: «Allahın qəzəbinə yer verin. Çünki yazılıb: “Yehova belə deyir: “Qisas Mənimdir, əvəzini Özüm verəcəyəm””» a.

 Yehova Allah heç kəsə qisas almaq səlahiyyəti verməyib. O, vaxtı çatanda ədaləti bərqərar edəcək. Əlavə məlumat üçün «Haqq-ədalət üçün fəryad edənlərin səsləri eşidiləcək?» adlı məqaləni oxuyun.

a «Yehova» Allahın adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.