Kontentə keç

Mündəricatı göstər

Allah hansı xüsusiyyətlərə sahibdir?

Allah hansı xüsusiyyətlərə sahibdir?

İnsanın xasiyyətinə nə qədər yaxşı bələd olsaq, onu bir o qədər yaxşı tanıyarıq, beləcə, dostluğumuz möhkəmlənər. Buna bənzər tərzdə, Yehovanın xüsusiyyətləri ilə tanış olduqca Onun necə Allah olduğunu biləcəyik, beləcə, dostluğumuz möhkəmlənəcək. Allahın gözəl keyfiyyətləri çoxdur. Lakin onlardan dördü: qüdrəti, hikməti, ədaləti və məhəbbəti özünü daha qabarıq büruzə verir.

ALLAH QÜDRƏTLİDİR

«Ya Külli-İxtiyar Yehova, Sən böyük qüdrətinlə, qüvvətli qolunla yeri-göyü yaratmısan» (ƏRƏMYA 32:17).

Allahın qüdrəti Onun yaratdıqlarından aydın görünür. Məsələn, günəşli bir yay günündə adam açıq havada olanda dərisində günəşin hərarətini hiss edir. Günəş Yehovanın yaradıcı qüvvəsinin bəhrəsidir. Bəs Günəş barədə nə bilirik? Deyilənə görə, Günəşin nüvəsində temperatur təxminən 15 000 000 dərəcə selsidir. Günəşdən hər saniyədə ayrılan enerji yüz milyonlarla atom bombasının partlayışı zamanı ayrılan enerjiyə bərabərdir.

Bununla belə, Günəş kainatdakı trilyonlarla ulduzlarla müqayisədə kiçik ulduzdur. Alimlərin hesablamalarına görə, ən nəhəng ulduzlardan biri olan UY Scuti (VİYU Skuti) ulduzunun diametri Günəşdən təxminən 1700 dəfə böyükdür. UY Scuti ulduzunu Günəşin yerinə qoysaq, o, Günəş sistemindəki dörd planet, Merkuri, Venera, Yer, Mars planeti daxil olmaqla, Yupiterin orbitinə kimi olan ərazini əhatə edər. Yəqin ki, bu məlumat bizə Yehova Allahın göyü və yeri, başqa sözlə, kainatı böyük qüdrətilə yaratdığını daha dərindən başa düşməyə kömək etdi.

Allahın qüdrətinin bizə faydası. Bizim həyatımız Allahın yaratdıqlarından, məsələn, Günəşdən və yer üzündəki möhtəşəm təbii resurslardan asılıdır. Bundan başqa, Allah Öz qüdrətindən ayrı-ayrılıqda hər bir insanın rifahı üçün istifadə edir. Məsələn, birinci əsrdə Allah İsa peyğəmbərə möcüzələr göstərmək qüdrəti vermişdi. İncildə yazılıb: «Korların gözləri açılır, topallar gəzir, cüzamlılar təmizlənir, karlar eşidir, ölülər dirilir» (Mətta 11:5). Bəs bu gün Allah qüdrətindən necə istifadə edir? Müqəddəs Kitabda yazılıb ki, Yehova «yorğunlara güc, taqətsizlərə qüvvət verir». Həmçinin deyilir ki, «Yehovaya bel bağlayanların gücü təzələnər» (Əşiya 40:29, 31). Allah bizə hər bir çətinliyə, əziyyətə dözmək, onların öhdəsindən gəlmək üçün insan gücündən üstün olan güc verə bilər (2 Korinflilərə 4:7). Öz intəhasız qüdrətilə bizə çətinliklər vaxtı kömək edən Allaha yaxınlaşmaq istəməzdiniz?

ALLAH HİKMƏTLİDİR

«Ey Yehova, gördüyün işlər necə də çoxdur! Hər birini hikmətlə görmüsən» (ZƏBUR 104:24).

Allahın gördüyü işlər barədə öyrəndikcə Onun hikmətinə valeh oluruq. Biomimetika adlı elmdə alimlər Yehovanın yaratdığı aləmi tədqiq edir və öz ixtiralarını mükəmməlləşdirmək üçün təbiətdəki ideyalardan yararlanırlar. Buna kamera linzalarını, yaxud təyyarənin quruluşunu misal gətirmək olar.

İnsan gözü yaradılış möcüzəsidir

Allahın hikmətinə ən möhtəşəm nümunə insan bədənidir. Məsələn, götürək körpənin ana bətnindəki inkişafını. Hər şey bir mayalanmış hüceyrədən başlayır. Lazım olan bütün genetik məlumat bu hüceyrədə yerləşir. Həmin hüceyrə bir-birinə bənzəyən çoxlu hüceyrələrə bölünür. Amma düz vaxtında hüceyrələr fərqlənməyə başlayır, yüzlərlə fərqli hüceyrələr, qan, sinir və sümük hüceyrələri əmələ gəlir. Çox keçməmiş orqanlar yaranır və fəaliyyət göstərməyə başlayır. Cəmi doqquz aya həmin ilk hüceyrə milyardlarla hüceyrədən ibarət körpəyə çevrilir. Bu möcüzədəki hikmət çoxlarını məzmurda deyilən sözlərlə razılaşmağa təşviq edir: «Şükür Sənə! Nə heyrətli, nə ecazkar yaradılmışam!» (Zəbur 139:14).

Allahın hikmətinin bizə faydası. Yaradan bilir ki, xoşbəxt olmaq üçün bizə nə lazımdır. O Özünün dərin bilik və anlayışından qaynaqlanaraq bizə Müqəddəs Kitabda hikmətli məsləhətlər verib. Məsələn, orada deyilir: «Bir-birinizi ürəkdən bağışlamalısınız» (Koloslulara 3:13). Həqiqətən də, müdrik məsləhətdir. Tədqiqatlar göstərmişdir ki, bağışlamaq insanın yuxusunu yaxşılaşdırır, qan təzyiqini aşağı salır. Depressiya və digər xəstəliklərə tutulma riskini azaldır. Allah hikmətli, qayğıkeş dost kimi həmişə bizə lazım olan məsləhəti verir (2 Timutiyə 3:16, 17). İstəməzdiniz, sizin belə Dostunuz olsun?

ALLAH ƏDALƏTLİDİR

Yehova ədaləti sevir (ZƏBUR 37:28).

Allah həmişə ədalətlə davranır. «Allah qətiyyən pislik etməz, Qüdrət Sahibi haqsızlıq etməz!» (Əyyub 34:10). Onun hökmləri haqdır. Zəbur kitabında Yehova barədə deyilir: «Sən ümmətləri ədalətlə mühakimə edəcəksən» (Zəbur 67:4). Yehova ürəyi gördüyü üçün heç vaxt riyakarlığa aldanmır. O, həmişə həqiqəti görür və düzgün hökm çıxarır (1 İşmuil 16:7). Bundan başqa, Allah yer üzündəki hər ədalətsizlikdən, haqsızlıqdan agahdır. O vəd edir ki, tezliklə «pislərin... kökü yer üzündən kəsiləcək» (Məsəllər 2:22).

Lakin Allah günahkarı cəzalandırmaq istəyilə alışıb-yanan amansız hakim deyil. Bağışlamağa əsas olanda O mərhəmət göstərir. Müqəddəs Kitabda deyilir: «Yehova mərhəmət, şəfqət sahibidir». O, hətta səmimi-qəlbdən tövbə edən pis insana da mərhəmət göstərir. Məgər əsl ədalət bu deyil? (Zəbur 103:8; 2 Butrus 3:9).

Allahın ədalətinin bizə faydası. İncildə yazılıb: «Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (Həvarilərin işləri 10:34, 35). Biz Allahın ədalətindən həmişə fayda əldə edirik, çünki O, heç vaxt tərəfkeşlik etmir. Biz milliyyətimizdən, dərimizin rəngindən, təhsilimizdən və maddi vəziyyətimizdən asılı olmayaraq, Allahı razı salıb Ona ibadət edə bilərik.

Allah ayrı-seçkilik etmir. Milliyyətimizdən, maddi vəziyyətimizdən asılı olmayaraq, Allaha yaxınlaşa bilərik

Allah istəyir ki, biz Onun ədalətini dərk edək və bundan faydalanaq. Buna görə də bizə vicdan bəxş edib. Müqəddəs Kitaba əsasən, vicdan ürəyimizdə yazılan qanundur və davranışımızın düzgün, yaxud səhv olduğuna şahidlik edir (Romalılara 2:15). Vicdanın bizə xeyri nədir? Düzgün tərbiyə olunmuş vicdan bizi pislikdən, ədalətsizlikdən çəkindirir. Səhv edəndə isə peşman olub hərəkətimizi düzəltməyə təşviq edir. Doğrudan da, Allahın ədalətini dərk etmək bizə kömək edir və bizi Ona yaxınlaşdırır.

ALLAH MƏHƏBBƏTDİR

«Allah məhəbbətdir» (1 YƏHYA 4:8).

Allahın etdiyi hər işdə Onun qüdrəti, hikmət və ədaləti özünü aydın büruzə verir, ancaq Müqəddəs Kitabda deyilmir ki, Allah qüdrət, hikmət və ya ədalətdir. Orada deyilir ki, Allah məhəbbətdir. Nə üçün belə deyilir? Allah gördüyü işləri qüdrəti sayəsində edir, ədalət və hikməti isə Onun hərəkətlərini yönləndirir. Amma Yehovanı hərəkətə keçməyə məhəbbət təşviq edir. O etdiyi hər işi məhəbbətdən irəli gələrək edir.

Yehovanın heç nəyə ehtiyacı yoxdur. Buna baxmayaraq, O, məhəbbətdən irəli gələrək, həm göydə, həm də yerdə şüurlu varlıqlar yaratdı. Bu varlıqlar Onun məhəbbət və qayğısını duyub ondan faydalana bilərlər. Yehova Yer kürəsini əsrarəngiz surətdə hazırlayıb bəşər övladına ev kimi verib. O, «günəşə əmr edir ki, pislərin də, yaxşıların da üzərinə doğsun. Yağışa əmr edir ki, salehlərin də, qeyri-salehlərin də üzərinə yağsın» və beləcə, bütün insanlara məhəbbət göstərməyə davam edir (Mətta 5:45).

Bundan başqa, «Yehova çox mehriban və mərhəmətlidir» (Yaqub 5:11). Yehova Onu tanımaq və Ona yaxınlaşmaq üçün səmimi-qəlbdən səy göstərən insanlardan razı qalır. O, belə insanların hər birinə dəyər verir. Bəli, O, hər kəsin qayğısını çəkir (1 Butrus 5:7).

Allahın məhəbbətinin bizə faydası. Günəşin batması, körpənin gülüşü, ailə üzvünün sevgisi... Bütün bunlar bizə zövq verir. Bəlkə də, bunlar həyati vacib şeylər deyil, amma həyatımıza sonsuz məna qatır.

Allahın məhəbbəti bizə bir nemət də bəxş edir. Bu, dua ənamıdır. Allah Müqəddəs Kitab vasitəsilə bizi təşviq edir: «Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin». Övladını sevən Ata kimi, O istəyir ki, biz hətta heç kəsə deyə bilmədiyimiz narahatçılıqlarımızı da Ona söyləyib, Ondan kömək istəyək. Bizi saf məhəbbətlə sevən Yehova vəd edir ki, bizə «hər bir ağıldan üstün olan sülhünü» verəcək (Filippililərə 4:6, 7).

Allahın qüdrət, hikmət, ədalət və məhəbbət kimi əsas xüsusiyyətlərini qısaca araşdırdıq. Bu sizdə Yehovanın necə gözəl Allah olduğu haqda təsəvvür yaratdı? İndi isə gəlin insanların rifahı naminə Allahın etdiyi və gələcəkdə edəcəyi işlər barədə danışaq. Bunun sayəsində Allahı bir az da yaxından tanıyacaqsınız.

ALLAH HANSI XÜSUSİYYƏTLƏRƏ SAHİBDİR?

Yehova hər kəsdən qüdrətli, hikmətli və ədalətlidir. Onun ən gözəl xüsusiyyəti isə məhəbbətdir