Kontentə keç

Mündəricatı göstər

Allahın adı nədir?

Allahın adı nədir?

Kiminləsə tanış olanda yəqin ilk verdiyiniz sual bu olur: «Adınız nədir?» Bəs Allaha bu sualı versəydiniz, sizə nə cavab verərdi?

«Mən Yehovayam. Adım budur» (Əşiya 42:8).

Ola bilsin, deyəcəksiniz ki, Allahın 99 adı var, amma Yehova adını heç vaxt eşitməmişəm. Bu, adı eşitməməyiniz təəccüblü deyil, çünki Müqəddəs Kitabın bir çox tərcümələrində Allahın adına nadir hallarda rast gəlinir, bəzilərində isə ümumiyyətlə rast gəlinmir. Tərcüməçilər çox vaxt bu adı «Rəbb», yaxud «Allah» sözləri ilə əvəz ediblər. Əslində isə «Yehova» adı Müqəddəs Kitabın orijinal mətnində təxminən 7000 dəfə yazılıb. İbrani dilində bu ad dörd samitdən, «YHVH» samitlərindən ibarətdir. Azərbaycan dilində isə «Yehova» və ya «Yəhva» kimi səslənir.

Allahın adı Tövrat kitabının orijinal mətnində və bir çox tərcümələrdə yazılıb

Zəbur kitabının Ölü dəniz əlyazması B. e. I əsri, İBRANİCƏ

Tindalın tərcüməsi 1530-cu il, İNGİLİSCƏ

Reyna-Valera tərcüməsi 1602-ci il, İSPANCA

Yunion Vörjn 1919-cu il, ÇİNCƏ

ALLAHIN ADININ ÖNƏMİ

Allah üçün önəmi. Allaha adı heç kim verməyib. O Özü Özünə bu adı seçib. Yehova Allah deyib: «Adım əbədilik budur, nəsildən-nəslə Məni bu adla yadda saxlayacaqlar» (Çıxış 3:15). Müqəddəs Kitabda Allaha «Yehova» adı ilə daha çox müraciət olunur, nəinki Külli-İxtiyar, Ata, Rəbb, yaxud Allah titulu ilə. Həmçinin Müqəddəs Kitabda «Yehova» adı başqa şəxslərin adından, məsələn, İbrahim, Musa, Davud, İsa adından çox yazılıb. Bundan başqa, bu adın tanınması Yehova Allahın Öz istəyidir. Zəbur kitabında yazılıb: «Qoy insanlar bilsin ki, adı Yehova olan Sən, dünyada tək Sən ucasan» (Zəbur 83:18).

İsa əleyhissəlam üçün önəmi. İsa əleyhissəlam davamçılarına öyrətmişdi ki, Allaha belə dua etsinlər: «Qoy adın müqəddəs tutulsun» (Mətta 6:9). O özü də Allaha: «Adını ucalt», — deyə yalvarmışdı (Yəhya 12:28). Allahın adının şərəflənməsi onun həyatının qayəsi idi. Məhz bu səbəbə görə o, duada Allaha demişdi: «Mən Sənin adını onlara açdım və yenə açacağam» (Yəhya 17:26).

Mömin bəndələr üçün önəmi. Qədimdə Allahın xalqı başa düşürdü ki, onların əmin-amanlığı və qurtuluşu Allahın adı ilə bağlıdır. Bunu növbəti ayələrdən görmək olur. «Yehovanın adı möhkəm qaladır. Saleh ora qaçıb qorunar» (Məsəllər 18:10). «Yehovanın adını çağıran hər kəs qurtulacaq» (Yuil 2:32). Müqəddəs Kitabda deyilir ki, Allahın adı Ona ibadət edən insanları başqalarından fərqləndirəcək. «Bütün ümmətlər, hər biri öz allahının adı ilə yeriyəcək, biz isə əbədiyyən Allahımız Yehovanın adı ilə yeriyəcəyik» (Mikə 4:5; Həvarilərin işləri 15:14).

AD NƏYƏ ŞƏHADƏT EDİR?

Allahın varlığını ehtiva edir. Bir çox alimlər hesab edir ki, «Yehova» adının mənası «olmasına səbəb olur» deməkdir. Yehova Allah Musa peyğəmbərə dediyi «Kim İstəsəm, Olacağam» sözlərilə adının mənasını açıqlamışdı (Çıxış 3:14). Beləliklə, Allahın adının mənası sadəcə o demək deyil ki, O, hər şeyin mövcud olmasının Səbəbkarıdır. Yehova adı göstərir ki, Allah niyyətini həyata keçirmək üçün həm Özünün, həm də xilqətinin lazım olan kəs olmasına səbəb olmağa qadirdir. Allaha xitabən işlədilən müraciət formaları Onun mövqeyini, səlahiyyətini, qüdrətini təsvir edir. Yalnız Yehova adı Onun varlığını və kim olmağa qadir olduğunu bütünlüklə özündə ehtiva edir.

Bizə önəm verdiyini göstərir. Allahın adının mənası göstərir ki, O, biz də daxil olmaqla, yaratdığı bütün xilqəti sevir. Bundan başqa, Allahın Öz adını agah etməsindən görünür ki, O bizim Onu tanımağımızı istəyir. Üstəlik, Allah insanların soruşmasını gözləmədən Özü təşəbbüs göstərərək adını onlara əyan edib. Allah istəmir ki, biz Onu dərk edilməsi mümkün olmayan, mücərrəd bir məfhum kimi təsəvvür edək. İstəyir ki, Onu gerçək bir Varlıq kimi tanıyaq, Ona yaxınlaşmağın mümkün olduğunu bilək (Zəbur 73:28).

Allahın adını çəkməklə Ona hörmətimizi göstəririk. Tutalım ki, dostlaşmaq istədiyiniz bir kəsə sizə adınızla müraciət etməsini deyirsiniz. Əgər həmin adam inadla sizin adınızı çəkməsə, nə hiss edərdiniz? Yəqin sizdə sual yaranardı ki, görəsən, o ümumiyyətlə sizinlə dost olmaq istəyir, ya yox. Eyni şeyi Allahla münasibətə də aid etmək olar. Yehova Allah adını biz insanlara açıb və buyurub ki, Ona adı ilə müraciət edək. Biz Allaha Yehova adı ilə müraciət edəndə göstəririk ki, Ona yaxınlaşmaq istəyirik. Üstəlik, Müqəddəs Kitabda deyilir ki, Allahın adını düşünən, əziz tutan bəndələr Onun gözündə qiymətlidir (Məlaki 3:16, haşiyə).

Allahı yaxından tanımaq üçün Onun adını bilmək ilk addımdır. Ancaq bununla kifayətlənməməliyik. Bu adı daşıyan Varlığı, Onun sahib olduğu xüsusiyyətləri tanıyıb bilməliyik.

ALLAHIN ADI NƏDİR? Allahın adı Yehovadır. Bu ad Allahın Öz niyyətini həyata keçirməyə qadir olan Kəs olduğunu göstərir