Kontentə keç

«Ekvatorun zümrüdü»ndə eşitmə qüsurlu insanlara yardım

«Ekvatorun zümrüdü»ndə eşitmə qüsurlu insanlara yardım

Bəzən «ekvatorun zümrüdü» adlanan İndoneziyada milyonlarla eşitmə qüsurlu insan yaşayır. Yehovanın Şahidləri bu insanlara kömək etmək üçün İndoneziya jest dilində Müqəddəs Kitaba əsaslanan çoxlu nəşrlər və təlim proqramları hazırlayır. Onların bu zəhmətləri hədər getmir.

Jest dilində toplantı

2016-cı ildə Yehovanın Şahidləri Şimali Sumatranın Medan şəhərində İndoneziya jest dilində bir toplantı keçirmişdi. Bölgənin bir təhlükəsizlik işçisi bu toplantıya gəlmişdi və Yehovanın Şahidlərini pulsuz təlim proqramına görə tərifləmişdi. Gördükləri ona elə dərin təsir bağışlamışdı ki, hətta iştirak edənlərin jestlərini təkrar edərək onlarla birlikdə nəğmə oxumuşdu.

Toplantının keçirildiyi yerin direktoru demişdi ki, toplantı «təhlükəsiz və əla keçdi. Ümid edirəm ki, Yehovanın Şahidləri eşitmə qüsurlu insanlara kömək etmək üçün bundan sonra da belə faydalı tədbirlər keçirəcəklər». O, sözlərinə əlavə etmişdi ki, həmin yerin sahibi toplantının sırf eşitmə qüsurlu insanlar üçün keçiriləcəyini öyrənəndə «Yehovanın Şahidləri üçün nəsə yaxşı bir şey etmək istəmişdi. Ona görə də o, iştirak edən [300 nəfərin] hamısını nahar yeməyinə qonaq etmişdi».

Jest dilində olan videolara görə minnətdarlıq

Yehovanın Şahidləri həmçinin eşitmə qüsurlu insanlarla Müqəddəs Kitabın xəbərini bölüşmək üçün onlara baş çəkirlər. Onlar tez-tez İndoneziya jest dilindəki videolardan istifadə edirlər. Bu videolar insanlara daha gözəl və mənalı həyat sürməyə kömək etmək üçün nəzərdə tutulub.

Semaranq şəhərindəki (Mərkəzi Yava) İndoneziya Eşitmə Qüsurlu İnsanların Rifahı Dərnəyinin regional direktor müavini Mahendra Tegü Prisuanto deyir: «Sizin gördüyünüz işlər — eşitmə qüsurlu insanların qayğısına qalmağınız və onların ehtiyaclarını ödəməyiniz həqiqətən təqdirəlayiqdir. Məsələn, “Xoşbəxt ailəm” videosu çox faydalıdır. Əgər bu işi davam etdirsəniz, çox minnətdar olarıq».

Onlar «sevgi göstərir»

Yehovanın Şahidlərinin gördüyü işlər Yanti adlı eşitmə qüsurlu qadına güclü təsir bağışlamışdı. O deyir: «Adətən, insanlar kar insanları lağa qoyur, amma Yehovanın Şahidləri onlara sevgi göstərir. Çoxlu sayda Yehovanın Şahidi jest dilini öyrənir ki, eşitmə qüsurlu insanlara Yaradanı tanımağa və həyatlarını daha da yaxşılaşdırmağa kömək etsinlər. Onların bu səmimi cəhdləri məni valeh etmişdi».

Hal-hazırda Yanti Yehovanın Şahididir və İndoneziya jest dilində videolar hazırlayan tərcümə qrupunda xidmət edir. O deyir: «Hazırladığımız materiallar eşitmə qüsurlu insanlara jest dilində danışmaq bacarığını yaxşılaşdırmağa kömək edir. Həmçinin insana xoşbəxt və mənalı həyat yaşamağın yollarını öyrədir».