Kontentə keç

Jest dilinə tərcümə

Jest dilinə tərcümə

Yehovanın Şahidlərinin ingilis dilində olan Müqəddəs Kitaba əsaslanmış nəşrləri 900-dən çox dilə tərcümə olunur. Hər hansı bir yazılı mətni başqa yazılı dilə tərcümə etmək kifayət qədər çətindir. Jest dilinə tərcümə isə özünə əlavə işlər də daxil edir. Kar insanlar fikirlərini əl hərəkətləri və üz ifadələri vasitəsilə bir-birlərinə ötürdüyünə görə jest dili tərcüməçiləri mətndən videoya tərcümə edir. Yehovanın Şahidləri bu üsulla nəşrləri 90-dan çox jest dilinə tərcümə edir.

Tərcüməçilər kimlərdir?

Yehovanın Şahidləri olan bütün tərcüməçilər kimi jest dili tərcüməçiləri də hədəf dilə yaxşı bələddirlər. Onların çoxu kardır və uşaqlıqdan jest dilində danışır, yaxud sadəcə ailə üzvlərindən kimsə kar olduğundan bu dildə danışa-danışa böyüyüb və bu dilə yiyələnib. Bu tərcüməçilər həmçinin Müqəddəs Kitabı dərindən tədqiq edir.

Yeni tərcüməçilər tərcümə prinsiplərini öyrənmək üçün yaxşı təlim alır. Məsələn, Andrey qardaş deyir: «Kar uşaqlar üçün məktəbə getməyimə və uşaqlıqdan jest dilində danışmağıma baxmayaraq, bu dilin qrammatikasını başa düşməyə mənə təlim kursu kömək etdi. Başqa tərcüməçilər fikirləri dəqiq ifadə etməyim üçün jestlərdən, üz ifadələrindən və bədən hərəkətlərindən daha yaxşı necə istifadə edə biləcəyimi öyrətdilər».

Keyfiyyətli tərcümə

Tərcüməçilər bir komanda kimi birgə işləyir. Qrupun hər bir üzvü materialın tərcüməsi, yoxlanılması və ya korrektə olunması ilə bağlı xüsusi bir rolu icra edir. Daha sonra əgər mümkündürsə, tərcümə olunan material müxtəlif yerlərdən olan bir qrup kar bacı-qardaşlar tərəfindən nəzərdən keçirilir. Onların rəyləri tərcüməni yaxşılaşdırmağa kömək edir. Bu mərhələdə həmçinin jestlərin və ifadələrin təbii olub-olmadığına, video vasitəsilə çatdırılan fikrin dəqiqliyinə və aydınlığına baxılır.

Fin jest dilinin tərcümə qrupu orijinal dildəki mətni müzakirə edir

Jest dili tərcüməçiləri, adətən, jestdilli ibadət görüşlərinə gedir. Onlar həmçinin kar insanlara Müqəddəs Kitab dərsləri keçir. Beləcə, onlar bu dilin yenilikləri ilə ayaqlaşa bilirlər.

Braziliyalı jest dili tərcüməçisi video üzərinə ilkin tərcümə yazır

Nəyə görə bu qədər səy göstərilir?

Müqəddəs Kitabda deyilir ki, «hər xalqa, hər tayfaya, hər ümmətə və hər dilə mənsub adamlar» Allahın ümidverici xəbərinə hay verəcək (Vəhy 7:9). Şübhəsiz ki, bu adamların sırasına jest dilindən istifadə edən insanlar da daxildir.

Tərcüməçilər çox xoşbəxtdir ki, vaxtlarını və bacarıqlarını belə şərəfli işə sərf edir. Toni adlı bir tərcüməçi qardaşımız deyir: «Özüm kar olduğum üçün bu cür insanların qarşılaşdıqları çətinliklərdən xəbərim var. Həmişə arzulamışam ki, mümkün olduğu qədər daha çox kar insana Müqəddəs Kitabdakı xoş xəbəri çatdırım».

Jest dilinə tərcümə edən Amanda adlı bir bacımız da bölüşür: «Mən heç vaxt belə səmərəli işdə iştirak etməmişəm. Müqəddəs Kitaba əsaslanan nəşrlərin tərcüməsi karlara və bir çox insanlara kömək edir».

Jest dilindəki videoları necə tapa bilərsiniz?

«Jest dilindəki nəşrlərin axtarışı» məqaləsindəki (rus.) göstərişlərin köməyi ilə jw.org saytında yerləşən jest dilindəki videoları tapa bilərsiniz.