Kontentə keç

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

«Cavabsız qalan suallarım»

«Cavabsız qalan suallarım»
  • Doğulduğu il: 1976

  • Ölkə: Honduras

  • Keçmişdə: Pastor

KEÇMİŞİM

 Mən Hondurasın La-Seyba şəhərində dünyaya gəlmişəm. Beş uşaqdan ən kiçiyi, ailənin tək oğlu idim. Ailədə təkcə mən kar idim. Təhlükəli ərazidə yaşayırdıq və çox kasıb idik. Təxminən dörd yaşım olanda atam işdə baş verən hadisədə həlak oldu. Ondan sonra vəziyyətimiz lap pisləşdi.

 Anam dişiylə-dırnağıyla pul qazanıb bizi saxlayırdı. Dolanışığımız ağır idi. Tək-tük hallarda əynim təzə paltar görürdü. Yağışlı havalarda üşüyərdim, çünki isti paltarım olmazdı.

 Böyüyəndə Honduras jest dilini öyrəndim. Bunun sayəsində, digər karlarla ünsiyyət qura bildim. Amma nə anam, nə də bacılarım Honduras jest dilini bilmirdi. Cəmisi bir-iki jest bilirdilər və mənimlə danışmaq üçün özlərindən işarələr uydurmuşdular. Anam məni çox istəyirdi, həmişə qoruyurdu. Bildiyi bir-iki işarə ilə məni başa salmışdı ki, siqaret çəkmək, içki içmək kimi zərərli şeylərdən uzaq durmaq lazımdır. Bunun sayəsində, heç vaxt belə vərdişlərim olmadı. Buna görə anama çox minnətdaram.

 Mən balaca olanda anam məni özüylə Katolik kilsəsinə aparırdı. Heç kim deyilənləri mənim üçün jest dilinə tərcümə etmirdi. Heç nə başa düşmədiyimdən ora mənə darıxdırıcı gəlirdi. On yaşım olanda daha kilsəyə getmədim. Ancaq Allah haqqında öyrənmək istəyim sönməmişdi.

 1999-cu ildə, iyirmi üç yaşım olanda Birləşmiş Ştatlardan olan bir qadınla tanış oldum. O, Yevanqelist kilsəsinin üzvü idi. O mənə Müqəddəs Kitab dərsləri keçdi və Amerika jest dilini öyrətdi. Müqəddəs Kitab haqqında öyrəndiklərim elə xoşuma gəldi ki, pastor olmaq qərarına gəldim. Puerto-Rikoya köçüb, karlar üçün olan xristian tədris mərkəzində oxudum. 2002-ci ildə La-Seybaya qayıdanda dostlarımın köməyilə karlar üçün kilsə yaratdım. Həmin dostlarımdan biri olan Patrisiyayla sonradan ailə qurduq.

 Kilsənin pastoru kimi Honduras jest dilində moizələr oxuyurdum, Müqəddəs Kitab əhvalatlarının təsvir olunduğu şəkilləri göstərirdim, karların başa düşməsi üçün əhvalatları səhnələşdirirdim. Həmçinin yaxınlıqdakı şəhərlərdə kar adamlara baş çəkib, onları ruhlandırırdım, çətinliklərini yoluna qoymağa kömək edirdim. Hətta Birləşmiş Ştatlara və Zambiyaya missioner kimi səyahət etmişdim. Əslində isə Müqəddəs Kitabı yaxşı bilmirdim. Mənə nə danışmışdılarsa, şəkillərdən nə başa düşmüşdümsə, onları danışırdım. Amma cavabsız qalan çoxlu suallarım var idi.

 Bir dəfə kilsəmin bəzi üzvləri mənim haqqımda yalanlar yaymağa başladı: guya mən əyyaşam və arvadıma xəyanət edirəm. Mən məyus oldum və bərk qəzəbləndim. Çox keçməmiş Patrisiya ilə birlikdə kilsəni tərk etdik.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ

 Yehovanın Şahidləri tez-tez Patrisiyaya və mənə baş çəkirdi, amma biz heç vaxt onlara qulaq asmırdıq. Kilsəni tərk edəndən sonra isə Patrisiya Müqəddəs Kitabı öyrənməyə razılaşdı. Ona Tomas və Lisi adlı ər-arvad dərs keçirdi. Onların kar olmasalar da, jest dilini bilməyi mənə böyük təsir bağışlamışdı. Odur ki, mən də tezliklə dərsə qatıldım.

 Bizə bir neçə ay Amerika jest dilində olan videoların vasitəsilə dərs keçdilər. Amma dostlarımızdan bəziləri Yehovanın Şahidlərinin insanların ardıcılı olduğunu deyəndə dərs keçməyi dayandırdıq. Tomas Yehovanın Şahidlərinin insan rəhbərlərinin ardınca getmədiyinə sübutlar gətirsə də, ona inanmadım.

 Bir neçə ay sonra Patrisiya güclü depressiyaya düşdü. O, Allaha dua edirdi ki, Yehovanın Şahidləri yenidən bizə baş çəksinlər. Çox keçməmiş Yehovanın Şahidi olan qonşumuz Patrisiyanın yanına gəldi və təklif etdi ki, istəyirsə, Lisiyə desin, ona baş çəksin. Lisi əsl dost idi. O, hər həftə gəlib Patrisiyanı ruhlandırır, onunla dərs keçirdi. Amma mən hələ də Şahidlərə tam etibar etmirdim.

 2012-ci ildə Yehovanın Şahidləri Honduras jest dilində «Həqiqəti öyrənmək istəyirsinizmi?» adlı videonu təklif etmək üçün xüsusi kampaniya keçirdilər. Lisi bizə də videonun bir nüsxəsini gətirdi. Video məni sarsıtdı. Sən demə öyrətdiyim təlimlərin çoxu, məsələn, cəhənnəm, ölməz ruh təlimi heç Müqəddəs Kitaba əsaslanmırmış.

 Növbəti həftə Tomasla danışmaq üçün Yehovanın Şahidlərinin ibadət evinə getdim. Ona dedim ki, Müqəddəs Kitab barədə həqiqəti karlara öyrətmək istəyirəm, amma Yehovanın Şahidi olaraq yox. Mən karlar üçün özümün yeni, ayrıca bir kilsəmi yaratmaq istəyirdim. Tomas məni yenidən həvəsləndiyim üçün təriflədi, lakin sonra Efeslilərə 4:5 ayəsini göstərdi. Bu ayə həqiqi məsihi yığıncağında birliyin vacibliyini vurğulayır.

 Tomas mənə həm də Amerika jest dilində «Yehovanın Şahidləri — İmanı əməldə görünən xalq, I hissə: Zülmətdən qurtuluş» adlı videonu verdi. Bu videoda göstərilir ki, bir qrup adam əsas ehkamlar barədə həqiqəti başa düşmək üçün Müqəddəs Kitabı necə araşdırmışdı. Videoya baxanda o adamları başa düşürdüm. Mən də onlar kimi həqiqəti axtarırdım. Həmin video məni əmin etdi ki, Yehovanın Şahidləri həqiqəti öyrədir, çünki etiqadları sırf Müqəddəs Kitaba əsaslanır. Beləliklə, mən yenidən Müqəddəs Kitabı öyrənməyə başladım. 2014-cü ildə Patrisiyayla birlikdə Yehovanın Şahidi kimi vəftiz olundum.

MƏNƏ FAYDASI

 Yehovanın Şahidlərinin yığıncağından çox xoşum gəlir, çünki təmizdir. Allah təmiz olduğu kimi, Ona ibadət edənlər də danışıqda, başqaları ilə rəftarda təmizdirlər. Onlar sülhpərvərdirlər və bir-birini ruhlandırırlar. Yehovanın Şahidləri arasında birlik hökm sürür və hansı ölkədə yaşamalarından, hansı dildə danışmalarından asılı olmayaraq, hamısı Müqəddəs Kitabdan eyni təlimləri öyrədir.

 Müqəddəs Kitabdakı təlimləri öyrənmək mənə zövq verir. Məsələn, mən öyrəndim ki, Yehova Qadir Allahdır, bütün dünyanın Hökmdarıdır. O, həm eşidənləri, həm də karları sevir. Mənim üçün Allahın məhəbbəti çox dəyərlidir. Həm də öyrəndim ki, yer kürəsi gözəl cənnət olacaq, canımız sağlam, əbədi yaşayacağıq. Bunların gerçəkləşəcəyi vaxtı həsrətlə gözləyirəm!

 Patrisiya ilə mənim kar insanlarla Müqəddəs Kitab haqda söhbət etmək çox xoşumuza gəlir. Hazırda əvvəlki kilsəmizin bəzi üzvləri ilə Müqəddəs Kitab dərsi keçirik. Ancaq pastor olduğum vaxtdan fərqli olaraq, indi öyrətdiyim təlimlərlə bağlı heç bir sualım yoxdur. Axır ki, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyin sayəsində bütün suallarıma cavab tapdım.