Kontentə keç

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

«Müqəddəs Kitabdan aldığım aydın, məntiqli cavablar məni heyran qoydu»

«Müqəddəs Kitabdan aldığım aydın, məntiqli cavablar məni heyran qoydu»
  • DOĞULDUĞU İL: 1948

  • ÖLKƏ: MACARISTAN

  • KEÇMİŞDƏ: HƏYATIN VACİB SUALLARINA CAVAB AXTARIB

KEÇMİŞİM.

Mən Macarıstanın 1000 ildən artıq zəngin tarixə malik Sekeşfexervar şəhərində anadan olmuşam. Təəssüf ki, ikinci dünya müharibəsi burada dəhşətli dağıntılara səbəb olmuşdu. Bu hələ də yadımdadır.

Balaca olanda nənə-babamla qalırdım. Onlarla bağlı xoş xatirələrim var, xüsusilə də nənəm Elizabetlə bağlı. O mənə Allaha güclü iman aşılayıb. Üç yaşımdan hər axşam nənəmlə bir yerdə Rəbbin duası adlanan duanı təkrarlayırdım. Bununla belə, haradasa 30 yaşıma qədər duadakı sözlərin mənasını bilmirdim.

Anamla atam ev almaq üçün gecə-gündüz işləyib pul yığırdılar, ona görə də mənə nənəmlə babam baxırdı. Hər iki həftədən bir şənbə günü yığışıb birlikdə yemək yeyirdik. Bu anlar mənim üçün çox dəyərli idi.

1958-ci ildə valideynlərimin arzusu çin oldu: onlar ev aldılar. Artıq üçümüz bir yerdə qala bilərdik. Mən çox sevinirdim, nəhayət, valideynlərimlə birlikdə yaşayacaqdım! Ancaq altı aydan sonra bu xoşbəxtlik qəfildən sona çatdı. Atam xərçəngdən öldü.

Çox sarsılmışdım. Yadımdadır necə dua eləmişdim: «Ay Allah, mən sənə yalvarmışdım ki, atamı qoruyasan. Ona ehtiyacım var. Mənim dualarıma nə üçün cavab vermədin?» Narahat idim, atamın harada olduğunu bilmək istəyirdim. Düşünürdüm: «Görəsən, O, göyə gedib? Yoxsa sadəcə ölüb və daha heç vaxt yaşamayacaq?» Ataları olan uşaqlara paxıllığım tuturdu.

Uzun illər, demək olar ki, hər gün qəbiristanlığa gedirdim. Atamın qəbrinin yanında diz çöküb dua edirdim: «Ay Allah, nə olar, de atam haradadır». Mən həmçinin həyatın mənasını başa düşmək üçün də dua edirdim.

13 yaşım olanda qərara gəldim ki, alman dilini öyrənim. Fikirləşirdim ki, suallarımın cavabını zəngin alman ədəbiyyatında tapa bilərəm. 1967-ci ildə Şərqi Almaniyanın Yena şəhərində oxumağa başladım. Alman fəlsəfəsi barədə kitabları həvəslə oxuyurdum, xüsusilə də insanın mövcudluğu ilə bağlı olanları. Bəzi maraqlı fikirlər tapsam da, heç biri məni tam qane etmədi. Suallarıma cavab tapmaq üçün dua eləməyə davam etdim.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.

1970-ci ildə Macarıstana qayıtdım və orada gələcək həyat yoldaşım Rouzla tanış oldum. O vaxtlar Macarıstan kommunist rejimi altında idi. Evləndikdən qısa müddət sonra Rouzla birgə Avstriyaya qaçdıq. Məqsədimiz dayımın yaşadığı Sidney (Avstraliya) şəhərinə köçmək idi.

Avstriyada tez bir vaxtda iş tapdım. Bir gün iş yoldaşım mənimlə söhbət etdi və dedi ki, bütün suallarımın cavabını Müqəddəs Kitabda tapa bilərəm. O mənə Müqəddəs Kitaba əsaslanan kitablar verdi. Mən dərhal bu kitabları oxudum və daha çox öyrənmək istədim. Buna görə də bu kitabları nəşr edənlərə, Yehovanın Şahidlərinə yazıb xahiş etdim ki, mənə yenə ədəbiyyat göndərsinlər.

Rouzla evliliyimizin ilk ildönümündə avstriyalı gənc Yehovanın Şahidi bizə gəldi. O istədiyim ədəbiyyatı gətirdi və Müqəddəs Kitabı araşdırmağı təklif etdi, mən də razılaşdım. Mənim öyrənməyə böyük marağım var idi, ona görə də həftədə iki dəfə dərs keçirdik. Hər dərs təxminən dörd saat çəkirdi!

Şahidlərin Müqəddəs Kitabdan öyrətdikləri məni heyran qoymuşdu. Onlar mənim macar dilində olan Müqəddəs Kitabımdan Allahın adının Yehova olduğunu göstərəndə gözlərimə inana bilmədim. Mən düz 27 il kilsəyə getmişəm, amma orada bir dəfə də olsun Allahın adını çəkməyiblər. Müqəddəs Kitabdan aldığım aydın, məntiqli cavablar məni heyran qoydu. Məsələn, öyrəndim ki, ölülər sanki dərin yuxudadır, heç nə bilmirlər (Vaiz 9:5, 10; Yəhya 11:11—15). Həmçinin öyrəndim ki, Allah ölümün mövcud olmayacağı yeni bir dünya vəd edir (Vəhy 21:3, 4). Ümid edirəm ki, yeni dünyada bütün ölülər diriləndə mən də atamı yenidən görəcəyəm (Həvarilərin işləri 24:15).

Rouz da can-dildən Müqəddəs Kitab dərsinə başladı. Biz tez inkişaf edirdik və cəmi iki aya dərs vəsaitini bitirdik! Yehovanın Şahidlərinin ibadət evində keçirilən hər görüşdə iştirak edirdik. Onların arasındakı sevgi, xeyirxahlıq və birlik bizə güclü təsir etdi (Yəhya 13:34, 35).

1976-cı ildə bizə Avstraliyaya giriş icazəsi verildi. Burada dərhal Yehovanın Şahidlərini tapdıq. Onların sayəsində özümüzü evimizdəki kimi hiss etdik. 1978-ci ildə özümüz də Yehovanın Şahidi olduq.

MƏNƏ FAYDASI.

Nəhayət, uzun müddət məni narahat edən sualların cavabını tapdım. Yehova Allaha yaxınlaşdıqca, ən yaxşı Ataya yaxınlaşırdım (Yaqub 4:8). Üstəlik, yeni dünyada doğma atamı yenidən görmək kimi möhtəşəm bir ümidim oldu (Yəhya 5:28, 29).

1989-cu ildə Rouzla birgə qərara gəldik ki, Macarıstana qayıdıb, əqidəmizi dostlarımızla, qohumlarımızla və başqaları ilə bölüşək. Bizim yüzlərlə insana Müqəddəs Kitabı öyrətmək imkanımız oldu. 70-dən çoxu Yehovaya ibadətdə bizə qoşuldu, onların sırasında anam da var.

Mən 17 il suallarıma cavab tapmaq üçün dua etmişəm. Bunun üstündən 39 il keçib və mən hələ də dua edirəm, amma indi duada belə deyirəm: «Şükür olsun sənə, ey səmavi Atam, uşaqlığımda etdiyim dualara cavab verdiyin üçün».