Kontentə keç

Düzgün qərarlar necə verə bilərəm?

Düzgün qərarlar necə verə bilərəm?

Müqəddəs Kitabın cavabı

 Müqəddəs Kitabda bizə düzgün qərarlar verməyə kömək edən mükəmməl rəhbərlik verilir. Bu kitab bizə hikmət və dərrakə qazanmağa kömək edir (Məsəllər 4:5). Bəzi vəziyyətlərdə orada hansı qərarın ən düzgün olduğu deyilir. Digər vəziyyətlərdə isə düzgün qərar vermək üçün məsləhətlər verilir.

Bu məqalədə

 Düzgün qərar verməyə kömək edən məsləhətlər

  •   Tələsik qərar verməyin. Müqəddəs Kitabda deyilir: «Uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15). Tələsik qərar verəndə vacib məqamlar nəzərdən qaça bilər. Bütün variantları yaxşıca götür-qoy edin (1 Salonikililərə 5:21).

  •   Hisslərə qapılaraq qərar verməyin. Müqəddəs Kitab bizi xəbərdar edir ki, ürəyimizə həmişə etibar etmək olmaz (Məsəllər 28:26; Ərəmya 17:9). Məsələn, qəzəbli, kefsiz, dilxor, səbirsiz və hətta çox yorğun olanda verdiyimiz qərar səhv ola bilər (Məsəllər 24:10; 29:22).

  •   Allahdan hikmət diləyin (Yaqub 1:5). Allah belə dualara məmnuniyyətlə cavab verir. O, Qayğıkeş Ata kimi istəmir ki, xidmətçilərinin başı daşdan-daşa dəysin. «Hikmət verən Yehovadır, elmlə bəsirət Onun dilindən çıxır» a (Məsəllər 2:6). O bu hikməti əsas etibarı ilə Öz Kəlamı vasitəsilə verir (2 Timutiyə 3:16, 17).

  •   Araşdırma aparın. Düzgün qərar vermək üçün sizə etibarlı məlumatlar lazımdır. Müqəddəs Kitabda deyildiyi kimi, «hikmətli qulaq asar, elmini artırar» (Məsəllər 1:5). Bəs etibarlı və lazımi məlumatı haradan tapmaq olar?

     İlk növbədə görün qərar verməli olduğunuz məsələ barədə Müqəddəs Kitabda nə deyilir. Yaradanımız bizim üçün nəyin ən yaxşı olduğunu bilir. Bu səbəbdən Onun Kəlamındakı məsləhətlər ən etibarlı məsləhətlərdir (Zəbur 25:12). Bəzi vəziyyətlərdə Müqəddəs Kitabda bizim nə etməli olduğumuz aydın şəkildə bildirilir, məsələn, qanunlar və əmrlər vasitəsilə (Əşiya 48:17, 18). Əksər hallarda isə Müqəddəs Kitabda konkret göstərişlər deyil, prinsiplər verilir. Bu prinsipləri əldə rəhbər tutaraq şəxsən bizim vəziyyətimizə uyğun olan düzgün qərarlar verə bilərik. Lazımi Müqəddəs Kitab ayələrini tapmaq üçün Müqəddəs Kitaba əsaslanan məqalə və nəşrlərdə axtarış aparın. Bu vəsaitlər pulsuzdur və siz onları bu saytda tapa bilərsiniz b.

     Bəzi qərarlar üçün digər etibarlı mənbələrdə axtarış aparmaq lazım gələ bilər. Məsələn, nəsə almazdan əvvəl, xüsusilə də alacağınız məhsul çox bahadırsa, məhsul, istehsalçı, zəmanətlər və məhsulun geri qaytarılması qaydaları barədə nə qədər çox məlumat tapsanız, bir o qədər yaxşıdır. Həmçinin əmin olun ki, məhsul sizin tələbatlarınıza cavab verir.

     Müqəddəs Kitabda deyilir: «Məsləhətsiz niyyət boşa çıxar» (Məsəllər 15:22). Buna görə də qərar verməzdən əvvəl, etibarlı insanlarla məsləhətləşin. Məsələn, sağlamlıqla bağlı qərar verməlisinizsə, həkimə müraciət etmək düzgün olardı (Mətta 9:12). Bəzi hallarda sizin vəziyyətinizə oxşar vəziyyətlə üzləşmiş insanla danışmaq olar. Amma yadda saxlayın ki, qərarı məsləhət üçün müraciət etdiyiniz insanlar deyil, siz verməlisiniz, çünki onun nəticələri ilə siz yaşayacaqsınız (Qalatiyalılara 6:4, 5).

  •   Bütün amilləri ölçüb-biçin. Lazımi məlumatları topladıqdan sonra variantlardan ibarət siyahı tutun və hər birinin yanında müsbət və mənfi tərəflərini qeyd edin. Qərarınızın mümkün nəticələrini dürüstcəsinə təhlil edin (Qanunun təkrarı 32:29). Məsələn, verəcəyiniz qərar sizə, ailənizə və başqalarına necə təsir edəcək? (Məsəllər 22:3; Romalılara 14:19). Müqəddəs Kitab prinsiplərini nəzərə alaraq bu kimi suallar üzərində düşünmək sizə müdrik və düşünülmüş qərar verməyə kömək edəcək.

  •   Qərar verin. Bəzən qətiyyətsizlik ucbatından qərar verməyə tərəddüd edirik. Amma onda biz yaranmış imkanı əldən verə və ya xoşagəlməz vəziyyətə düşə bilərik. Başqa sözlə, qərar verməmək pis qərar vermək qədər ağılsız ola bilər. Kənd təsərrüfatından nümunə gətirərək Müqəddəs Kitab bunu belə izah edir: «Küləyin və havanın əlverişli olmasını gözləsəniz, heç nə əkməyəcəksiniz və heç vaxt biçməyəcəksiniz» (Vaiz 11:4, «Good News Translation»).

 Nəhayət, unutmayın ki, ən yaxşı qərar belə mükəmməl olmaya bilər. Çox vaxt nəyisə seçəndə başqa bir şeyi qurban verməli olursan və ya hansısa gözlənilməz vəziyyət yaranır (Vaiz 9:11). Belə isə ən etibarlı məlumatdan istifadə edin və uğurla nəticələnəcəyi ehtimalı yüksək olan variantı seçin.

 Verdiyim qərarı dəyişməliyəm?

 Qərarların hamısı son qərar deyil. Vəziyyətiniz dəyişə və ya verdiyiniz qərarın gözlənilməz nəticələri üzə çıxa bilər. Belə olduqda, məsələyə yenidən baxmaq və istədiyiniz nəticəni əldə etməyə kömək edəcək başqa bir variantı seçmək müdrik olardı.

 Amma elə qərarlar var ki, onları dəyişmək olmaz (Zəbur 15:4). Məsələn, Allah evli cütlüklərdən tələb edir ki, nikah andlarına sadiq qalsınlar c (Məlaki 2:16; Mətta 19:6). Ər-arvad aralarında problemlər yarananda onları həll etmək və ayrılmamaq üçün əllərindən gələni etməlidir.

 Dəyişə bilmədiyim səhv qərar vermişəmsə, nə edim?

 Bəzən hər birimiz səhv və ya ağılsız qərarlar veririk (Yaqub 3:2). Hətta buna görə peşmançılıq çəkə və özümüzü günahkar hiss edə bilərik. Belə vəziyyətlərdə bu cür hissləri keçirmək normaldır (Zəbur 69:5). Əgər bu hisslər bizi eyni səhvləri təkrarlamaqdan çəkindirəcəksə, onda onların müəyyən mənada faydası var (Məsəllər 14:9). Lakin Müqəddəs Kitabda məsləhət görülür ki, özümüzü həddən artıq günahlandırmayaq, çünki bu bizə psixoloji və emosional zərər vura bilər (2 Korinflilərə 2:7) d. Müqəddəs Kitabda deyilir: «Yehova mərhəmət, şəfqət sahibidir» (Zəbur 103:8—13). Odur ki, dəyişə bilmədiyiniz pis qərardan nəticə çıxarın və vəziyyəti düzəltmək üçün əlinizdən gələni edin.

a Müqəddəs Kitaba əsasən, «Yehova» Allahın adıdır (Zəbur 83:18).

b Siz həmçinin jw.org saytında qəbul etməli olduğunuz qərarla bağlı hansısa söz və ya ifadəni yazaraq axtarış edə bilərsiniz. Bu saytda bir çox mövzularda Müqəddəs Kitaba əsaslanan məsləhətlər var. Bundan əlavə, «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ndə olan «Sözlər göstəricisi»ndən də istifadə edərək axtarış etmək olar.

c Allah istəyir ki, ər-arvad ömür boyu bir yerdə qalsın. Yalnız onlardan biri cinsi əxlaqsızlıq edərsə, Allah boşanmağa və yenidən ailə qurmağa icazə verir (Mətta 19:9). Əgər nikahınızda problemlər varsa, Müqəddəs Kitab onları hikmətlə və məhəbbətlə həll etməyə kömək edə bilər.

d Əlavə məlumat üçün «Vicdan əzabından qurtulmaq olar?» adlı məqaləyə baxın.