Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Yaxşılıq edərkən ruhdan düşməyək» (Qalatiyalılara 6:9)

«Yaxşılıq edərkən ruhdan düşməyək» (Qalatiyalılara 6:9)

 «Gəlin yaxşı iş görməkdən yorulmayaq, çünki taqətdən düşməsək, vaxtında biçəcəyik» (Qalatiyalılara 6:9, «Yeni Dünya Tərcüməsi»).

 «Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik» (Qalatiyalılara 6:9, Müqəddəs Kitab şirkəti, 2009).

Qalatiyalılara 6:9 ayəsinin mənası

 Həvari Bulus məsihiləri Allahın nəzərində yaxşı, doğru olan şeyləri etməyə təşviq edir. Bu cür davranan məsihilər əmin ola bilərlər ki, Allah onları mükafatlandıracaq.

 «Gəlin... yorulmayaq». Bu ifadə həmçinin «əldən düşməyək» kimi də tərcümə oluna bilər. Orijinal dildəki ifadə ruhdan və ya həvəsdən düşməmək fikrini də verir. Bu sözləri özünə də aid etməklə həvari Bulus göstərmişdir ki, onun da ruhdan düşdüyü vaxtlar olub (Romalılara 7:21—24).

 «Yaxşı» və ya doğru işlərə məsihinin Allaha xidmətdə görməli olduğu bütün işlər daxildir. Buna məsihinin dindaşlarının və başqa insanların rifahı üçün etdikləri də aiddir (Qalatiyalılara 6:10).

 «Taqətdən düşməsək, vaxtında biçəcəyik». Bulus oxucularına xatırladır ki, necə əkinçi məhsulun yetişməsini gözləməli olur, eləcə məsihiyə də yaxşı işlərinin nəticəsini görmək üçün vaxt lazımdır. Biçin nümunəsini gətirməklə Bulus bu ayəni 7-ci ayədəki vacib həqiqətlə əlaqələndirir: «İnsan nə əkərsə, onu da biçəcək». Başqa sözlə desək, məsihi Allahın nəzərində düzgün olanı etsə, böyük mükafat, o cümlədən əbədi həyatı biçəcək (Romalılara 2:6, 7; Qalatiyalılara 6:8).

Qalatiyalılara 6:9 ayəsinin konteksti

 Həvari Bulus Qalatiyada yaşayan məsihilərə ünvanlanmış bu məktubu eramızın 50—52-ci illərində yazmışdı. Bu məktubu yazmaqda məqsəd yığıncaqdakıları özünü məsihi adlandırıb, amma əslində İsa haqqındakı həqiqəti təhrif edənlərin təsirindən qorumaq idi (Qalatiyalılara 1:6, 7). Bu yalançı müəllimlər iddia edirdilər ki, məsihilər Allahın Musa vasitəsilə qədim İsrail xalqına verdiyi Qanuna riayət etməlidirlər (Qalatiyalılara 2:15, 16). Bulus izah etdi ki, Qanun müəyyən məqsədə xidmət edirdi və bu məqsədə çatdığı üçün Allahın xidmətçilərindən artıq həmin Qanuna tabe olmaq tələb olunmur (Romalılara 10:4; Qalatiyalılara 3:23—25).

 Bulus məsihiləri «yaxşı iş görmə»yə təşviq edəndə Musanın qanununa riayət etməyi nəzərdə tutmurdu, əksinə, onları «Məsihin qanununu icra» etməyə təşviq edirdi. Buna İsanın başqalarının xeyri üçün görülən yaxşı işlər barədə öyrətdikləri də daxildir (Qalatiyalılara 6:2; Mətta 7:12; Yəhya 13:34).

 Bu qısa videoya baxın və «Qalatiyalılara» kitabı ilə tanış olun.