Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Görəcəyin işləri Rəbbə ver» (Məsəllər 16:3)

«Görəcəyin işləri Rəbbə ver» (Məsəllər 16:3)

 «Hər işini Yehovaya tapşır, onda niyyətin baş tutar» (Məsəllər 16:3, «Yeni Dünya Tərcüməsi»).

 «Görəcəyin işləri Rəbbə ver, onda niyyətlərin yerinə yetər» (Məsəllər 16:3, Müqəddəs Kitab şirkəti, 2009).

Məsəllər 16:3 ayəsinin mənası

 Bu ayə həqiqi Allaha ibadət edənləri əmin edir ki, Onun rəhbərliyini axtarmaqla və bu rəhbərliyə əməl etməklə Allaha etibar etdiklərini göstərsələr, niyyətləri baş tutar.

 «Hər işini Yehovaya tapşır». Yehovaya a ibadət edənlər qərar verməzdən əvvəl rəhbərlik üçün Ona üz tuturlar (Yaqub 1:5). Nəyə görə? Çünki insanlar həyatlarında baş verən hadisələri, demək olar ki, idarə edə bilmirlər, onların qarşısında aciz qalırlar (Vaiz 9:11; Yaqub 4:13—15). Üstəlik, niyyətlərini həyata keçirmək üçün kifayət qədər hikmətə sahib deyillər. Buna görə də çoxları hikmətli davranıb işlərini Allaha həvalə edirlər. Onlar bunu duada Allahdan rəhbərlik istəməklə və Onun Müqəddəs Kitabda yazılmış iradəsinə uyğun davranmaqla edirlər (Məsəllər 3:5, 6; 2 Timutiyə 3:16, 17).

 «Görəcəyin işləri Rəbbə b ver» ifadəsi hərfi olaraq «görəcəyin işləri Rəbbə yuvarla» mənasını daşıyır. Bir mənbəyə əsasən bu ifadə «bir nəfərin üzərindəki yükü daha güclü, onu daşımağa qadir olan birinə ötürməsini» təsvir edir. Təvazökarlıqla Allaha etibar edənlər əmin ola bilərlər ki, Allah onlara kömək edəcək, onları qoruyacaq (Zəbur 37:5; 55:22).

 «Hər işini» ifadəsi o demək deyil ki, Yehova insanların bütün işlərini avand edəcək. Yehovanın razılığını qazanmaq üçün insanın niyyəti Onun normalarına və iradəsinə uyğun olmalıdır (Zəbur 127:1; 1 Yəhya 5:14). Allah itaətsiz insanların qərarlarını dəstəkləmir. O, «[pislərin] niyyətini alt-üst edir» (Zəbur 146:9). Amma Müqəddəs Kitabda yazılan prinsiplərə hörmət edən və onlara tabe olan insanlara dayaq olur (Zəbur 37:23).

 «Onda niyyətin baş tutar». Bəzi tərcümələrdə bu ifadə «onda niyyətlərin yerinə yetər» kimi verilib. Azərbaycan dilinə «yerinə yetər» kimi tərcümə olunmuş bu söz İbranicə Müqəddəs Yazılarda təməl qoymaq mənasını da verir və bu, adətən Allahın yaratdığı şeylərin möhkəmliyinə, sarsılmazlığına aid işlənir (Məsəllər 3:19; Ərəmya 10:12). Eynilə, Allah Onun gözündə düzgün iş görən insanların niyyətlərinin təməlini qoyacaq və onlara daha xoşbəxt, təhlükəsiz və stabil həyata sahib olmağa kömək edəcək (Zəbur 20:4; Məsəllər 12:3).

Məsəllər 16:3 ayəsinin konteksti

 Bu ayə «Məsəllər» kitabının çox hissəsini qələmə alan Süleyman padşah tərəfindən yazılıb. Allahın ona verdiyi hikmət sayəsində Süleyman minlərlə məsəl söyləmişdi (1 Padşahlar 4:29, 32; 10:23, 24).

 Süleyman 16-cı fəslə Allahı hikmətinə görə ucaltmaqla və Onun təkəbbürlü insanlara olan nifrətini göstərməklə başlayır. Sonra isə «Məsəllər» kitabında dəfələrlə təkrarlanan vacib bir mövzu ilə yekun vurur: insanlar yalnız təvazökarlıq göstərib Allahın onların addımlarını yönəltməyə yol verdiyi təqdirdə hikmətli olub uğur qazana bilərlər (Məsəllər 16:3, 6—8, 18—23). Bu vacib həqiqət Müqəddəs Kitabda dəfələrlə vurğulanır (Zəbur 1:1—3; Əşiya 26:3; Ərəmya 17:7, 8; 1 Yəhya 3:22).

 Bu qısa videoya baxın və «Məsəllər» kitabı ilə tanış olun.

a Yehova Allahın şəxsi adıdır (Zəbur 83:18). «Yehova kimdir?» adlı məqaləyə baxın.

b Bir çox Müqəddəs Kitab tərcümələrində «Yehova» adının əvəzinə «Rəbb» sözü yazılıb. Nəyə görə bunun Müqəddəs Kitab oxucularını çaşdırdığını bilmək üçün bu silsilədən «“Mən Rəbbəm” (Əşiya 42:8)» (türk.) adlı məqaləni oxuyun.