Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Siz qüvvə alacaqsınız» (Həvarilərin işləri 1:8)

«Siz qüvvə alacaqsınız» (Həvarilərin işləri 1:8)

 «Müqəddəs ruh üzərinizə gələndə siz qüvvət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudiyyədə və Səməriyyədə, hətta yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həvarilərin işləri 1:8, «Yeni Dünya Tərcüməsi»).

 «Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız» (Həvarilərin işləri 1:8, Müqəddəs Kitab şirkəti, 2009).

Həvarilərin işləri 1:8 ayəsinin mənası

 İsa Məsih vəd edir ki, davamçıları dünyanın ucqarlarına qədər təbliğ edə bilsinlər deyə Allahın müqəddəs ruhu onlara güc verəcək.

 «Müqəddəs ruh üzərinizə gələndə siz qüvvət alacaqsınız». İsa bu sözlərlə bir daha vurğulamışdı ki, göylər həyatına qayıdandan sonra Allah Məsihin davamçılarına müqəddəs ruh a verəcək (Yəhya 14:16, 26). Eramızın 33-cü ilində İsa göyə qalxandan on gün sonra davamçıları vəd olunmuş müqəddəs ruhu aldılar (Həvarilərin işləri 2:1—4). Bu ruh onlara nəyinki müxtəlif dillərdə danışmaq, möcüzələr göstərmək ənamı verdi, həmçinin İsaya imanları barədə cəsarətlə təbliğ etməyə kömək etdi (Həvarilərin işləri 3:1—8; 4:33; 6:8—10; 14:3, 8—10).

 «Mənim şahidim olacaqsınız». «Şahid» kimi tərcümə olunan söz öz biliyinə, yaxud əldə etdiyi məlumatlara əsasən «şəhadət verən» və ya «nəyisə təsdiqləyən» mənalarını verir. Həvarilər İsanı öz gözləri ilə gördükləri üçün onun xidməti, eləcə də ölümü və dirilməsi zamanı baş vermiş hadisələri təsdiqləyə bilərdilər (Həvarilərin işləri 2:32; 3:15; 5:32; 10:39). Onların təkzibedilməz şəhadəti bir çoxlarını İsanın vəd edilmiş Məsih olduğuna əmin etdi (Həvarilərin işləri 2:32—36, 41). Həvarilərə inanan insanlar İsanın şahidi oldular və onlar da İsanın həyatı, ölümü və dirilməsi barədə bəyan etməyə başladılar (Həvarilərin işləri 17:2, 3; 18:5).

 «Yerin ucqarlarınadək». Bu ifadə «yerin qurtaracağınadək» və ya «başqa ölkələrdə» kimi tərcümə oluna bilər. İsanın bu sözləri göstərirdi ki, davamçıları bu işi hansı miqyasda görəcəkdilər. Onlar imanları haqqında Yəhudiyyə və Səməriyyədən də uzaqlarda təbliğ edəcəkdilər. Belə ki, onlar İsadan daha çox ərazidə təbliğ edəcək və daha çox insanla söhbət edəcəkdilər (Mətta 28:19; Yəhya 14:12). İsanın bu sözləri deməsindən təxminən 30 il sonra həvari Bulus yazmışdı ki, «bu müjdə səma altında yaşayanların hamısına təbliğ edilib», hətta Roma, Parfiya (Xəzər dənizinin cənub-şərqi) və Şimali Afrika kimi uzaq ərazilərə qədər gedib çatıb (Koloslulara 1:23; Həvarilərin işləri 2:5, 9—11).

Həvarilərin işləri 1:8 ayəsinin konteksti

 «Həvarilərin işləri» kitabı «Lukanın yazdığı müjdə»nin sonundakı hadisələrin təsviri ilə başlayır (Luka 24:44—49; Həvarilərin işləri 1:4, 5). Bu kitabı yazan Luka əvvəldə İsanın dirilib şagirdlərinə görünməsindən danışır (Həvarilərin işləri 1:1—3). Daha sonra o, məsihi yığıncağının necə qurulduğundan və eramızın 33-cü ilindən 66-cı ilinə kimi keçdiyi inkişaf yolundan söz açır (Həvarilərin işləri 11:26).

 Həvarilərin işləri 1:8 ayəsinin konteksti göstərir ki, İsanın davamçıları həyatları boyu fikirləşirdilər, görəsən, onlar hələ sağ ikən İsa Allahın Padşahlığının Padşahı kimi hakimiyyət sürməyə başlayacaq, ya yox (Həvarilərin işləri 1:6). Amma İsa onlara demişdi ki, Allahın Padşahlığının nə vaxt qurulacağı ilə bağlı çox narahat olmasınlar. Əksinə, onlar diqqətlərini «yerin ucqarlarınadək» İsa barədə şahidlik etməyə cəmləməli idilər (Həvarilərin işləri 1:8). Məsihilər bu gün də eyni şeyi edirlər və Allahın Padşahlığı haqda müjdəni şövqlə bəyan edirlər (Mətta 24:14).

 Bu qısa videoya baxın və «Həvarilərin işləri» kitabı ilə tanış olun.

a Müqəddəs ruh Allahın fəal qüvvəsidir (Yaradılış 1:2). Daha ətraflı məlumat almaq üçün «Müqəddəs ruh nədir?» adlı məqaləyə baxın.