Kontentə keç

İMAN ÖRNƏKLƏRİ | MƏCDƏLLİ MƏRYƏM

«Mən Ağanı gördüm!»

«Mən Ağanı gördüm!»

 Məcdəlli Məryəm göz yaşlarını silə-silə göylərə baxırdı. Çox istədiyi Ağası dirəkdə asılmışdı. Bahar fəsli idi. Günün günorta çağı olsa da, bütün yer üzünə qaranlıq çökmüşdü! (Luka 23:44, 45). Məryəm şalına bürünüb, yanındakı qadınlara qısılmışdı. Adətən günəş tutulması cəmi bir neçə dəqiqə çəkir. Ona görə də üç saat davam edən bu qaranlıq günəş tutulması ola bilməzdi. Yəqin ki, Məryəm də, İsanın yanında duran başqa adamlar da səsi yalnız gecələr gələn heyvanların səsini eşidirdilər. Bəziləri «bərk qorxdular və dedilər: “Bu insan, doğrudan da, Allahın Oğlu imiş”» (Mətta 27:54). Bəlkə də, İsanın davamçılarının və başqalarının ağlından keçdi ki, Yehova Oğlu ilə qəddar rəftar olunduğuna görə Öz kədərini və narazılığını bildirir.

 Məcdəlli Məryəmə bütün bunları görmək çox çətin idi, amma çıxıb gedə də bilmirdi (Yəhya 19:25, 26). İsa Məsih dözülməz iztirablar çəkirdi. Onun anasına da dayaq olmaq, təsəlli vermək lazım idi.

 İsa Məsihin etdiyi yaxşılıqların müqabilində Məryəm özünü borclu bilirdi ki, onun üçün əlindən gələni etsin. Bir zamanlar Məryəm miskin, biçarə qadın idi. Amma İsa ona yeni, mənalı həyat bəxş etmişdi. Onda özünə hörmət hissi oyatmışdı. Məryəm böyük iman sahibi olmuşdu. Necə? Onun imanından nə öyrənə bilərik?

«Nələri vardısa onlarla bölüşürdülər»

 Müqəddəs Kitabda Məcdəlli Məryəm haqqında ilk dəfə söhbət açılanda ona lütf göstərildiyi qeyd olunur. İsa Məsih ona azadlıq bəxş etmiş, qara qüvvələrdən xilas etmişdi. O dövrdə cinlərin təsiri çox güclü idi. Onlar insanlara hücum edir, bəzən insanın içinə girib, onu idarə edirdi. Cinlərin Məcdəlli Məryəmə necə təsir etdiyini bilmirik. Amma bilirik ki, yeddi vəhşi, azğın cin ona hakim kəsilmişdi. İsa Məsih isə onları Məryəmdən uzaqlaşdırmışdı (Luka 8:2).

 Cinlərdən yaxasını qurtarmış, canı rahatlıq tapmış Məryəmin qarşısında yeni həyat açılmışdı. O öz minnətdarlığını göstərmək üçün İsa Məsihin sadiq davamçısı oldu. Həm də lazım olanda kömək əlini uzadırdı. İsa ilə həvarilərinə yemək, geyim və gecələr yatmağa yer lazım olurdu. Onlar varlı deyildilər. Həm də həmin vaxt işləmirdilər. Təbliğdən, şagird hazırlamaqdan yayınmamaq üçün maddi köməyə ehtiyacları var idi.

 Məryəm və bir neçə başqa qadın bu sahədə onlara kömək əllərini uzadırdılar. Onlar «İsa ilə şagirdlərinə qulluq edir, nələri vardısa onlarla bölüşürdülər» (Luka 8:1, 3). Görünür, bu qadınlardan bəziləri imkanlı idi. Müqəddəs Kitabda onların yemək bişirdiyi, paltar yuduğu, yaxud getdikləri kəndlərdə yer tapdığı yazılmayıb. Amma yazılıb ki, onlar təxminən iyirmi nəfərdən ibarət yolçulara ürəkdən kömək edirdilər. Qadınların əməyi sayəsində İsa ilə həvarilər bütün diqqətlərini təbliğ işinə cəmləyə bilirdi. Məryəm başa düşürdü ki, İsanın etdiyi yaxşılığın altından heç vaxt çıxa bilməyəcək. Ancaq İsanın yolunda əlindən gələni etmək ona böyük məmnunluq gətirirdi.

 Bu gün çoxları başqası üçün aşağı səviyyəli işlər görənlərə həqarətlə baxırlar. Ancaq Allah belə fikirləşmir. Məryəmin əlindən gələni edərək İsaya və həvarilərə kömək etməsi Allaha çox xoş gedirdi. Bu gün də sadiq məsihilər işin necəliyinə baxmayaraq, başqalarına xidmət edirlər. Bəzən bir xeyirxah əməlin, yaxud xoş sözün insana çox böyük köməyi olur. Yehova bu cür əməlləri çox qiymətləndirir (Məsəllər 19:17; İbranilərə 13:16).

«İsanın edam olunduğu işgəncə dirəyinin yanında»

 İsa eramızın 33-cü ilində Pasxa bayramını qeyd etmək üçün Yerusəlimə gedəndə Məryəm onun yanında olan qadınlardan biri idi (Mətta 27:55, 56). O, İsanın həbs olunduğunu, bütün gecəni işgəncə çəkdiyini eşidəndə, sözsüz ki, dəhşətə gəlmişdi. Amma indi aldığı xəbər lap pis idi. Vali Ponti Pilat yəhudi din rəhbərlərinin və onların təsiri altında olan izdihamın təzyiqinə uyaraq İsanın dirəkdə amansızca edam olunmasına fitva vermişdi. Yəqin ki, Məryəm qan içində olan, taqətdən düşmüş ağasının edam olunacağı uzun dirəyi necə əzab-əziyyətlə daşıdığını görmüşdü (Yəhya 19:6, 12, 15—17).

 İsa işgəncə dirəyində olarkən günorta vaxtı qaranlıq düşəndə Məcdəlli Məryəm və başqa qadınlar işgəncə dirəyinin yanında durmuşdular (Yəhya 19:25). Axıra kimi orada qalan Məryəm İsanın öz anasını sevimli həvarisi Yəhyaya tapşırmasının şahidi oldu. İsanın səmavi Atasına etdiyi fəryadı eşitdi. Həmçinin canını tapşırarkən zəfərlə «tamam oldu» dediyini eşitdi. Məryəmin ürəyi parçalanırdı. Ancaq o, İsa canını tapşırandan sonra da, görünür, çıxıb getmədi. Sonra arimataylı Yusif adlı varlı kişinin İsanın cəsədini qoyduğu təzə sərdabənin yanında qaldı (Yəhya 19:30; Mətta 27:45, 46, 57—61).

 Məryəmin nümunəsindən görürük ki, dindaşlarımız çətin sınaqlarla üzləşəndə nə etməliyik. Faciənin qarşısını almaq, yaxud insanı iztirablardan azad etmək gücümüz daxilində olmasa da, ona şəfqətlə yanaşa bilərik, cəsarətli ola bilərik. Dar gündə dostun yanında olduğunu hiss etməyin özü nəyə desən dəyər. Bu, insan üçün çox böyük təsəllidir. Çətinlikdə olan insanın dadına yetişən məsihi də böyük iman sahibi olduğunu göstərir (Məsəllər 17:17).

Məcdəlli Məryəmin yanında olması İsanın anası üçün böyük təsəlli idi

«Gedim onu götürüm»

 İsanın cəsədini sərdabəyə qoyandan sonra Məryəm başqa qadınlarla bir yerdə gedib ətirli ot aldı ki, sonra cəsədə çəksinlər (Mark 16:1, 2; Luka 23:54—56). Şənbə günündən sonra Məryəm sübh tezdən qalxdı. Başqa qadınlarla birlikdə qaranlıq küçələri keçib, İsanın sərdabəsinə getdi. Yolda onlar fikirləşirdilər ki, sərdabənin ağzındakı ağır daşı kim qırağa çəkəcək (Mətta 28:1; Mark 16:1—3). Amma geri qayıtmadılar. İman onları əllərindən gələni etməyə, qalanını isə Yehovanın öhdəsinə buraxmağa təşviq etdi.

 Məryəm o biri qadınlardan əvvəl sərdabəyə çatdı. Ancaq heyrətdən yerində donub qaldı. Daşı qırağa çəkmişdilər, sərdabə isə boş idi. Qətiyyətli qadın olan Məryəm qaçıb gördüklərini Butrusla Yəhyaya xəbər verdi. Təsəvvür etmək olar o necə tənginəfəs halda deyir: «Ağanı sərdabədən götürüblər, bilmirik aparıb hara qoyublar». Butrus və Yəhya qaçıb sərdabənin yanına gəldilər və gördülər ki, doğrudan da sərdabə boşdur, sonra çıxıb evlərinə getdilər (Yəhya 20:1—10) a.

 Məryəm sərdabənin yanına qayıdıb orada tək qaldı. Səhər sübhdən boş sərdabədəki sükut onu vahimələndirdi. Göz yaşlarını saxlaya bilməyib ağlamağa başladı. Hələ də inana bilmirdi ki, ağasının cəsədi yoxdur. Bir də içəri boylananda inanılmaz bir mənzərə ilə rastlaşdı. İçəridə ağ libaslı iki mələk oturmuşdu. Onlar soruşdular: «Niyə ağlayırsan?» O, çaşqınlıq içində həvarilərə dediyi sözü təkrarladı: «Ağamı aparıblar, bilmirəm hara qoyublar» (Yəhya 20:11—13).

 Sonra geri çevrildi, arxada bir kişi dayanmışdı. Onu tanımadı, elə bildi ki, həmin əraziyə baxan bağbandır. Kişi mülayimcəsinə ondan soruşdu: «Bacım, niyə ağlayırsan? Kimi axtarırsan?» Məryəm dedi: «Ağa, əgər onu sən aparmısansa, de hara qoymusan, mən gedim onu götürüm» (Yəhya 20:14, 15). Onun sözlərinə fikir verin. Qadın xeylağı cüssəli, güclü kişi olan İsa Məsihin cəsədini təkbaşına necə apara bilərdi? Məryəm fikrini buna cəmləmədi. O, sadəcə bilirdi ki, əlindən gələni etməlidir.

«Gedim onu götürüm»

 Bəzən bizə elə gələ bilər ki, çəkdiyimiz əzablara, üzləşdiyimiz çətinliklərə dözməyə gücümüz yoxdur. Bu zaman Məcdəlli Məryəmdən nümunə götürməliyik. Diqqətimizi yalnız zəifliklərimizə, məhdudiyyətlərimizə yönəltsək, qorxu və qeyri-müəyyənlik bizi iflic edəcək. Amma əlimizdən gələni edib, qalanını Yehovanın öhdəsinə buraxsaq, ağlımıza belə gəlməyən nailiyyətlər əldə edəcəyik (2 Korinflilərə 12:10; Filippililərə 4:13). Ən əsası, Yehovanı razı salacağıq. Məryəm bu cür davrandı və gözləmədiyi bir mükafatı aldı.

«Mən Ağanı gördüm!»

 Məryəmin qarşısında duran bağban deyildi. O, bir zamanlar dülgər, sonralar isə müəllim olmuşdu. Daha sonra isə Məryəmin çox istədiyi Ağası olmuşdu. Amma Məryəm onu tanımadı, üzünü ondan çevirdi. Məryəm gerçəkliyi dərk edə bilmirdi: İsa qüdrətli ruhani varlıq kimi dirilib. İndi insan kimi Məryəmə görünüb, sadəcə bədəni əvvəlki bədən deyil. Ancaq İsanı tanıya bilməyən təkcə Məryəm deyildi. Diriləndən sonra dəfələrlə olmuşdu ki, onunla yaxından tanış olan adamlar onu tanıya bilməmişdi (Luka 24:13—16; Yəhya 21:4).

 Bəs İsa özünü Məryəmə necə tanıtdı? Təkcə bir sözlə, «Məryəm!» deyə çağırmaqla. Məryəm çevrilib, «Rabbuni» deyə səsləndi. Bu sözlə o, İsaya dəfələrlə müraciət etmişdi. Bu onun çox sevdiyi Müəllimi idi! Onun sevinci yerə-göyə sığmırdı. Məryəm İsadan tutub buraxmırdı, qorxurdu ki, birdən gedər (Yəhya 20:16).

 İsa onun fikirlərini oxudu. Ona dedi: «Tutma məni!» Təsəvvür etmək olar, İsa üzündə xoş təbəssüm, mehriban səslə bu sözləri necə deyir və özünü ehmalca onun əlindən azad etməyə çalışır, sonra onu arxayın edərək deyir: «Mən ki hələ Atamın yanına qalxmıram». Onun hələ göyə getmək vaxtı deyildi. Yerdə görüləsi işi var idi. İstəyirdi ki, Məryəm ona kömək etsin. Məryəmin, sözsüz ki, bütün diqqəti İsada idi. İsa ona dedi: «Qardaşlarımın yanına get və onlara de: “Mən öz Atamın və sizin Atanızın, öz Allahımın və sizin Allahınızın yanına gedirəm”» (Yəhya 20:17).

 Məryəm üçün Ağasının bu tapşırığı böyük şərəf idi! O, dirilmiş İsanı görən ilk şagirdlərdən biri idi, indi isə bu müjdəni başqalarına çatdırmaq şərəfinə layiq görülmüşdü. Təsəvvür etmək olar, Məryəm necə böyük sevinclə, şövqlə şagirdləri axtarmağa getdi, tənginəfəs halda onlara: «Mən Ağanı gördüm!» — dedi. Yəqin bu sözlər həm onun özünün, həm də şagirdlərin qulağında uzun müddət cingildədi. Məryəm sevincək halda, tələsə-tələsə İsanın dediklərini onlara çatdırdı (Yəhya 20:18). Onun sözləri şagirdlərin İsanın sərdabəsinə getmiş digər qadınlardan eşitdiklərini təsdiqlədi (Luka 24:1—3, 10).

«Mən Ağanı gördüm!»

«Onlara inanmadılar»

 Bəs kişilər nə etdilər? Müqəddəs Kitabda yazılıb: «Həvarilər qadınların dediklərini boş şey sanıb onlara inanmadılar» (Luka 24:11). Bu kişilərin ürəyi təmiz idi, sadəcə, qadına etibar edilməyən bir cəmiyyətdə böyümüşdülər. Ravvinlərin təlimlərinə əsasən, qadın məhkəmədə şəhadət verə bilməzdi. Həvarilər özləri də anlamırdılar ki, bu düşüncə onlara nə qədər təsir edib. Amma İsa da, Atası da bu cür qərəzdən uzaqdır. Onlar bu mömin qadına çox böyük şərəf nəsib etmişdilər!

 Məryəm kişilərin belə münasibətindən kədərlənmədi. O bilirdi ki, Ağası ona etibar edir. Bu ona bəs idi. İsanın ardınca gedənlərin hamısına müjdə çatdırmaq həvalə olunub. Bu, Müqəddəs Kitabda «Allahın Padşahlığı haqqında müjdə» adlanır (Luka 8:1). İsa davamçılarına vəd etməyib ki, hər kəs onlara inanacaq, yaxud onların gördüyü işi dəyərləndirəcək. Əslində, bunun tam əksini deyib (Yəhya 15:20, 21). Beləliklə, məsihilər Məcdəlli Məryəmi həmişə yadda saxlamalıdırlar. Hətta ruhani qardaşlarının ona inanmaması belə, onu İsanın dirilməsi barədə müjdəni söyləməyin sevincindən məhrum etmədi.

 Vaxt keçdikcə İsa həvarilərə və başqa şagirdlərinə göründü. Bir dəfə hətta bir yerə yığışmış 500-dən çox davamçısına göründü (1 Korinflilərə 15:3—8). İstər öz gözü ilə görsün, istərsə də başqalarından eşitsin, İsa hər dəfə göründükcə Məryəmin imanı lap möhkəmlənirdi. Yerusəlimdə Əllinci gün bayramında İsanın davamçıları bir yerə toplaşmışdı. Həmin gün onlara müqəddəs ruh verildi. Yəqin ki, Məryəm də orada olan qadınların arasında idi (Həvarilərin işləri 1:14, 15; 2:1—4).

 Bir şeyə qətiyyətlə əmin ola bilərik: Məryəm sonadək imanını qorudu. Gəlin biz də imanımızı qorumağa əzmli olaq. Gəlin Məryəmin imanını örnək alaraq İsaya bizim üçün etdiklərinə görə minnətdar olaq və Allahın köməyinə arxalanıb, başqalarına təvazökarlıqla xidmət edək.

a Görünür, o biri qadınlar Məryəm çıxıb gedəndən sonra mələklə rastlaşmışdılar və mələk onlara Məsihin dirildiyini xəbər vermişdi. Əks halda Məryəm mütləq Butrusla Yəhyaya deyərdi ki, ona mələk görünüb və cəsədin hara yoxa çıxdığını deyib (Mətta 28:2—4; Mark 16:1—8).