Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Övladlarınızı pornoqrafiyadan qoruyun

Övladlarınızı pornoqrafiyadan qoruyun

 «Əlbəttə, biz pornoqrafiyanın nə qədər təhlükəli olduğunu başa düşürdük. Amma gözləmirdik ki, qızımız ona asanlıqla baxa bilər» (Nikol).

Bu məqalədə

 Nəyi bilməlisiniz?

 Uşaqlar pornoqrafiyaya lap gənc yaşlarından baxa bilərlər. Araşdırmalar göstərir ki, indiki dövrdə uşaqlar ilk dəfə pornoqrafiyaya təxminən 11 yaşında baxırlar.

 Uşaqlar istəmədən pornoqrafiyaya baxa bilərlər. Məsələn, onlar internetdə axtarış apararkən və ya sosial mediadan istifadə edərkən qarşılarına pornoqrafik materiallar çıxa bilər. Onlayn video oyunlar zamanı uşaqlar pornoqrafik məzmunlu reklamlarla qarşılaşa bilərlər. Pornoqrafiya müxtəlif formatlarda olur, amma ona ən çox şəkil və video formatda rast gəlinir. Bununla belə, internetdə erotik məzmunlu məlumatlar yazılı və ya audio formatda da geniş yayılıb.

 Həmçinin nəzərə almaq lazımdır ki, uşaqlara pornoqrafik məzmunlu mesajlar da göndərilə bilər. 900 gənc arasında aparılan araşdırma zamanı məlum olmuşdur ki, qızların təxminən 90 faizinə, oğlanların isə təxminən 50 faizinə sinif yoldaşlarından mütəmadi olaraq çılpaq şəkil və videolar gəlir.

 Asan tapılan pornoqrafik materiallar, adətən, zorakılıqla dolu olur. Geniş yayılmış və asan tapılan pornoqrafiyada tez-tez zorakı səhnələr olur, xüsusilə də qadınlara qarşı.

 Pornoqrafiya uşaqlara zərər yetirir. Araşdırmalar göstərir ki, pornoqrafiyaya baxmış uşaqlar çox vaxt

  •   məktəbdə dərslərindən geri qalır

  •   narahatlıq, depressiya və dəyərsizlik hissindən əziyyət çəkir

  •   cinsi təcavüzə normal bir şey kimi baxır

 Nəticə. Uşaqlar pornoqrafiyaya baxsalar, çox yəqin, bu onlara pis təsir edəcək. Onları bu təhlükədən ən yaxşı valideynləri qoruya bilər.

 Müqəddəs Kitab prinsipi: «Bu gün sənə əmr etdiyim sözlər ürəyinə həkk olub qalsın, onları övladına aşıla, evdə oturanda, yol gedəndə, yatanda, duranda onlardan danış» (Qanunun təkrarı 6:6, 7).

 Övladınızı pornoqrafiyadan necə qoruya bilərsiniz?

 Məlumatlı olun. Düşünün, övladınız nə vaxt və harada pornoqrafiyaya baxa bilər. Məsələn, məktəbdə tənəffüs zamanı nəzarət olmadan internetə girə bilir?

Övladınız pornoqrafiya ilə müxtəlif yerlərdə rastlaşa bilər

 Övladınızın telefonundakı təhlükəsizlik parametrlərini araşdırın və onun istifadə etdiyi tətbiqləri və oynadığı oyunları yoxlayın. Məsələn, mesajlaşma üçün istifadə olunan bəzi tətbiqlərdə mesajın «pozulması» funksiyası var. Bu funksiya pornoqrafik məzmunlu mesajları, şəkilləri və videoları qısa müddətdən sonra silir. Həmçinin bir çox video oyunlarda istifadəçilər pornoqrafiyaya baxa, hətta oyunda virtual cinsi münasibətə girə bilərlər.

 «Təcrübəmdən deyə bilərəm ki, əgər uşağın telefonu varsa, ondan necə istifadə etməyi, “valideyn nəzarəti” funksiyasını qoşmağı bilməliyik və onun elektron cihazda nəyə baxdığına nəzarət etməliyik» (Deyvid).

 Müqəddəs Kitab prinsipi: «Dərrakəli insanın ürəyi elm qazanar» (Məsəllər 18:15).

 Övladınızın pornoqrafiyaya baxmaması üçün əlinizdən gələni edin. Riski azaltmaq üçün lazımi addımlar atın. Övladınızın telefonunda və evdəki bütün elektron cihazlarda elə parametrlər seçin ki, pornoqrafik məzmunlu məlumatları göstərməsin. «Valideyn nəzarəti» funksiyasını qoşun. Övladınızın istifadə etdiyi bütün şifrələri bilin.

 «Elektron cihazlarda “valideyn nəzarəti” funksiyasını qoşmaq, oğlumun televizorda baxa biləcəyi proqramlara məhdudiyyət qoymaq və onun telefonunun şifrəsini bilmək köməyimə çatır» (Maurisio).

 «Oğlanlarım otaqlarında nəyəsə baxanda onlara qapını bağlamağa icazə vermirəm. Həmçinin yatmaq vaxtı gələndə onlar telefonlarını özləri ilə yataq otağına apara bilməzlər» (Canluka).

 Müqəddəs Kitab prinsipi: «Uzaqgörən bəlanı duyub gizlənər» (Məsəllər 22:3).

 Övladınızı qabaqcadan hazırlayın. Flaviya adında bir ana deyir: «Bəzi valideynlər övladları ilə pornoqrafiyanın təhlükəsi haqqında danışmaqdan çəkinir. Onlar özlərini inandırırlar ki, övladları heç vaxt belə bir problemlə üzləşməyəcək». Başqa valideynlər düşünür: «Əgər bu mövzunu açsam, uşaqda pornoqrafiyaya maraq yarana bilər». Bu cür düşünmək düzgün deyil. Hikmətli valideynlər övladlarını pornoqrafiyanın təhlükəsi barədə əvvəlcədən xəbərdar edir. Bunu necə edə bilərsiniz?

 Qarşılarına pis məzmunlu nə isə çıxanda necə davranmalı olduqlarını azyaşlı övladlarınıza öyrədin. Məsələn, öyrədin ki, gözlərini yumsunlar və ya elektron cihazlarını söndürsünlər. Həmçinin onları gördükləri və eşitdikləri barədə danışmağa təşviq edin a.

 «Oğlum uşaq olanda onunla pornoqrafiyanın zərərləri barədə danışmağa başladıq. On bir yaşı olanda telefonuna yüklədiyi bir oyunda pornoqrafik məzmunlu reklamlar çıxırdı. Reklam təşviq edirdi ki, oğlum şəkillərini göndərsin. Bu mövzunu əvvəlcədən müzakirə etdiyimiz üçün o, dərhal yanıma gəlib nə baş verdiyini danışdı» (Maurisio).

 Müqəddəs Kitab prinsipi: «Uşağa düzgün yolu öyrət, qocalanda da o yoldan çıxmaz» (Məsəllər 22:6).

 Bir az böyük övladlarınıza isə pornoqrafik məzmunlu materiallara baxmaq, qulaq asmaq və ya oxumaq istəyi ilə mübarizə aparmağa kömək edin. Məsələn, onunla yazılı razılaşma bağlayın. Qoyun övladınız bu razılaşmada qarşısına pornoqrafik məzmunlu nə isə çıxanda hansı addımları atacağını qeyd etsin. Həmçinin bilə-bilə pornoqrafiyaya baxmağın gətirəcəyi nəticələri yazsın. Məsələn, qeyd etsin ki, pornoqrafiyaya baxsa, özünə hörmət hissini, valideynlərinin etibarını itirəcək və Allah ilə münasibətlərinə zərər vuracaq b.

 «Uşaqlar böyüdükcə onlara izah edin ki, pornoqrafiyaya baxmaq istəyinin gətirdiyi acı nəticələr barədə fikirləşsinlər» (Laureta).

 «Övladlarınız pornoqrafiyanın təkcə təhlükəsini deyil, həm də bunun Yehovaya necə təsir etdiyini dərk etsələr, bu onları pornoqrafiyaya baxmaqdan çəkindirəcək» (Deyvid).

 Müqəddəs Kitab prinsipi: «Hikmət də pul kimi insanın sipəridir» (Vaiz 7:12).

 Müntəzəm söhbət edin. Əslində, uşaqlar valideynləri ilə pornoqrafiya da daxil olmaqla, cinsi münasibət mövzusunda danışmaq istəyirlər. İngiltərənin Uşaqların Məsələləri üzrə Müvəkkili Reyçl de Souza deyir: «Uşaqlar lap gənc yaşlarındanmümkün qədər tez-tez valideynləri ilə cinsi münasibət mövzularında danışmaq istəyirlər. Onların istəyi odur ki, bu söhbətlər yaşlarına uyğun olsun. Böyüdükcə isə bu mövzunun fərqli yönlərini müzakirə etmək ehtiyacları yaranır».

 «Elə mövzular var idi ki, valideynlərim onları mənimlə heç vaxt müzakirə etməmişdilər. Kaş daha açıq və rahat danışardıq. İndi özüm anayam. Çalışıram, uşaqlarımla cinsi münasibətlər barədə mütəmadi və rahat şəkildə danışım» (Flaviya).

 Övladınız pornoqrafiyaya baxıbsa

 Təmkininizi qoruyun. Övladınızın pornoqrafik materiala baxdığını, qulaq asdığını və ya oxuduğunu öyrənəndə çalışın hisslərinizi cilovlayasınız. Ola bilsin ki, o artıq buna görə özünü pis, günahkar hiss edir. Onun üstünə hirslənsəniz, özünü daha da pis hiss edəcək və çox yəqin ki, gələcəkdə sizinlə bu barədə daha danışmayacaq.

 Müqəddəs Kitab prinsipi: «Çox bilən az danışar, ağıllı adam təmkinini pozmaz» (Məsəllər 17:27).

 Faktları öyrənin. Nəticə çıxarmazdan əvvəl suallar verərək uşağınızdan öyrənin, necə oldu ki, o, pornoqrafiyaya baxdı. Məsələn, kimsə ona pornoqrafik məzmunlu şəkil göndərib, yoxsa o özü tapıb? Birinci dəfə idi ki baxırdı, yoxsa əvvəllər də baxıb? Elektron cihazında bu cür məzmunlu məlumatların qarşısını alan hər hansı funksiya və ya «valideyn nəzarəti» funksiyası quraşdırılıb? Əgər quraşdırılıbsa, bu funksiyalardan yayınaraq pornoqrafiyaya baxmağın yolunu tapıb? Unutmayın ki, məqsədiniz uşağınızın içindəkiləri üzə çıxarmaqdır, onu sorğu-sual etmək yox.

 Müqəddəs Kitab prinsipi: «Ürəyin düşüncələri dərin sulara bənzər, bəsirətli adam onları çəkib çıxarar» (Məsəllər 20:5).

 Tədbir görün. Əgər pornoqrafiya istəmədən övladınızın qarşısına çıxıbsa, ola bilsin, telefonunda bu cür məzmunlu məlumatların qarşısını alan funksiyaları yenidən yoxlamaq lazımdır.

 Övladınızın bilə-bilə pornoqrafiyaya baxdığını öyrənsəniz, məhəbbətlə, amma qəti tədbir görərək ona düzəliş edin. Pornoqrafiyaya baxmamaq əzmini möhkəmləndirmək üçün onunla Əyyub 31:1, Zəbur 97:10 və Zəbur 101:3 ayələrini oxuyun və müzakirə edin c. Ona deyin ki, bu istiqamətdə hansı irəliləyişlərin olduğunu yoxlamaq və əlavə köməyə ehtiyac olub-olmadığını müəyyən etmək üçün hər həftə onunla danışacaqsınız.

 Müqəddəs Kitab prinsipi: «Uşaqlarınızı qəzəbləndirməyin, onları Yehovanın tərbiyəsi və öyüd-nəsihətilə böyüdün» (Efeslilərə 6:4).

a Cinsi münasibətlər barədə övladınızla yaşına uyğun necə danışa biləcəyinizə dair məsləhətlər üçün «Valideynlər övladlarına necə cinsi tərbiyə verə bilərlər?» məqaləsinə baxın.

b Razılaşmaya nələri daxil etmək barədə «Pornoqrafiyadan necə uzaq durmaq olar?» adlı çalışma vərəqəsinə baxın.

c Həmçinin «Niyə pornoqrafiyadan uzaq durmalısan?» məqaləsini birgə müzakirə edə bilərsiniz.