Kontentə keç

Mündəricatı göstər

HOKEN DAVİDSON | BİOQRAFİYA

Müqəddəs Kitab həqiqətlərinin geniş vüsət almasına töhfə veririk

Müqəddəs Kitab həqiqətlərinin geniş vüsət almasına töhfə veririk

 Mən İsveçdə doğulub, boya-başa çatmışam. Yeniyetmə olanda Allahın varlığına inanmırdım. Buna görə də atam, anam və kiçik bacım Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdıranda bu mənə maraqlı gəlmirdi.

 Atam həmişə məni bu dərslərə dəvət edirdi, ona görə də qərara gəldim ki, oturub dərsə qulaq asım. Müqəddəs Kitabın elmi məsələlərdə necə dəqiq olduğunu görəndə heyran qaldım. Zamanla əmin oldum ki, Müqəddəs Kitab Allahın Kəlamıdır və Yehovanın Şahidləri onu dəqiq izah edirlər, həmçinin özləri də buna müvafiq yaşayırlar. Mən 1970-ci ildə atamla birgə vəftiz olundum. Anam və iki bacım isə bir neçə il sonra vəftiz olundular.

 Yaşıdlarımdan çoxunu əyləncədən başqa heç nə maraqlandırmırdı. Etiraf edim ki, 17 yaşım olanda onların qayğısız, şən keçən həyatı məni cəlb edirdi. Lakin mənimlə Müqəddəs Kitab dərsi keçən ər-arvadın tamvaxtlı xidmətdən duyduqları sevinci görəndə mən də onlar kimi olmaq istədim. 21 yaşım olanda mən də tamvaxtlı xidmətçilərin sıralarına qoşuldum.

Atamla (solumda) eyni gündə vəftiz olundum

 Öncül xidmətindən çox böyük sevinc duyurdum və daha tez başlamadığıma görə təəssüflənirdim. Qöteborqda xidmət etdiyim vaxtlar xarici dildə danışan gəmi heyətlərinə təbliğ edirdim və bu mənə xüsusilə zövq verirdi.

  Son əlli ildə müxtəlif dillərdə danışan insanlara təbliğ etmək üçün xüsusi imkanım olub. Bilirsiniz hər şey necə başladı?

MEPS ilə işləmək

 Öncül kimi xidmət etdiyim vaxtlar dolanmaq üçün yarım gün mətbəəçi işləyirdim. Vaxt ötdükcə çap texnikası yenilənməyə başladı. Artıq mətn və şəkillər hazır qəliblərlə deyil, fotoyığım vasitəsilə hazırlanırdı. Mən son model çap avadanlıqları vasitəsilə çap lövhələri hazırlamağı öyrəndim.

Toy günümüz

 1980-ci ildə Helen adlı öncül bacıyla ailə qurdum. O da mənim kimi dünyanın fərqli yerlərindən olan insanlarla və yeni mədəniyyətlərlə tanış olmağı sevirdi. İkimizin də məqsədi Gilad məktəbi keçib xüsusi təyinatlı müjdəçi olmaq idi.

 Lakin çap işindən başım çıxdığı üçün məni və Heleni İsveçdəki Beyteldə xidmət etməyə dəvət etdilər. Təşkilatımız çap işinin daha səmərəli olması üçün yeni texnologiyalardan istifadə etməyə üstünlük verirdi. Buna görə də 1983-cü ildə bizi Nyu-Yorka Volkil Beytelinə göndərdilər ki, bacı-qardaşlarımızın hazırladığı və üzərində işlər apardığı çoxdilli elektron fotoyığım sistemini (MEPS) a öyrənək.

Honkonq, Meksika, Nigeriya, İspaniya üçün MEPS avadanlıqları ilə işləyirik

 Belə başa düşdük ki, MEPS fərqli şrift, yaxud əlifbaları eyni səhifədə şəkillərlə birlikdə çap etməyə imkan verən kompüter sistemidir. Biz MEPS-dən istifadə edərək yeni şrift hazırlamalı və beləcə nəşrlərimizin daha çox dildə çap olunmasına kömək etməli idik. Onilliklər sonra, yəni müasir dövrdə Yehovanın Şahidləri müjdəni mindən çox dildə təbliğ edir.

 Sonralar mən və Helen Asiyaya təyin olunduq. Orada MEPS-ə daha çox dilin əlavə edilməsi ilə bağlı işlər görməli idik. Biz buna hazır idik və müjdənin daha çox dildə car çəkilməsini ürəkdən arzulayırdıq.

Fərqli mədəniyyətə uyğunlaşmağa çalışırıq

 1986-cı ildə Helen və mən Hindistanda xidmət edirdik. Mədəniyyətlər arasındakı fərq bizi şoka salmışdı. Biz Bombeyə (indiki adı Mumbai) çatanda tamamilə yad mühitlə qarşılaşdıq və narahatlıq keçirdik. Belə ki, İsveç və Hindistan mədəniyyətləri bir-birindən yerlə-göy qədər fərqlənirdi. Artıq ilk həftədən ciddi şəkildə evə qayıtmaq haqqında düşünürdük.

 Amma elə həmin həftə keçəndən sonra ikimiz də ortaq fikrə gəldik: «Axı biz həmişə xüsusi təyinatlı müjdəçi olmaq istəmişik. Hal-hazırda xarici ölkədə xidmət etmək təyinatı almış ikən, bundan necə imtina edə bilərik? Bu çətinliklərin öhdəsindən gəlməyi bacarmalıyıq».

 Çətinliklərdən qaçmaqdansa, bu fərqli həyat haqda daha çox şey öyrənmək qərarına gəldik. Bundan sonra biz Hindistana heyran olmağa başladıq. Beləliklə, orada danışılan qucarat və pəncab dillərini öyrəndik.

Myanmaya yollanırıq

Myanmada ibadət evində milli geyimdə

 1988-ci ildə bizi Çin, Hindistan və Tayland arasında yerləşən Myanmaya göndərdilər. Myanmada siyasi vəziyyət qarmaqarışıq idi və ölkədə hərbi qanunlar daha böyük qüvvəyə malik idi. MEPS hələ «nonroman» şriftini dəstəkləmirdi və onu əvəz edə biləcək başqa bir proqram da yox idi. İlk işimiz yeni şrift hazırlamaq və hazır qovluqları MEPS-ə yükləmək üçün Volkilə gətirmək idi.

 Hava limanında olarkən Helen hazırladığımız şriftin şəkillərini əl çantasına qoymuşdu. Ölkədəki siyasi vəziyyətə görə Myanma dilində nəşr daşıdığımız üçün sərhədi keçərkən həbs olunmaq ehtimalımız var idi. Lakin Helenin üzərində axtarış aparılarkən, o sadəcə çantanı əlində saxlayaraq qollarını qaldırdı və heç kim çantaya fikir vermədi.

MEPS sayəsində çap işi inkişaf edir

 Yeni şriftlə yanaşı Myanmadakı tərcüməçilər notbuk, çap maşınları ilə təmin olundu və onlara MEPS-lə bağlı təlim keçirildi. Tərcüməçilərin əksəriyyəti ömürlərində ilk dəfə idi ki, kompüter görürdülər, buna baxmayaraq, yeni şeyləri həvəslə öyrənirdilər. Artıq onlar köhnə üsulla, yəni əllə yığılan qəliblər vasitəsilə çap etmirdilər. Bunun sayəsində nəşrlərimizin keyfiyyəti birə-beş artdı.

Nepala yollanırıq

 1991-ci ildə Helen və mən Himalay dağlarının cənub yamacları boyunca yerləşən Nepala təyin olunduq. Həmin vaxt orada cəmi bir yığıncaq fəaliyyət göstərirdi və Nepal dilində məhdud sayda nəşrimiz çap olunurdu.

 Çox keçməmiş tərcümə olunan və paylanılan nəşrlərin sayı çoxaldı. Bu gün Nepalda 40-dan çox yığıncaqda təxminən 3000 Yehovanın Şahidi xidmət edir. 2022-ci ildə keçirilən İsa Məsihin ölümünü anma mərasimində 7500-dən çox adam iştirak etmişdi.

Lahu dilində broşür

 1990-cı illərin ortalarında Çianqmay (Tailand) şəhərindəki xüsusi təyinatlı müjdəçilər dağlıq ərazilərdə yaşayan Lahu tayfalarına təbliğ etməyə başladılar. Lahu dilində Çin, Laos, Myanma, Tailand və Vyetnam sərhədlərində yaşayan insanlar danışırlar. Lakin bu dildə bir dənə də olsun nəşrimiz yox idi.

 Xüsusi təyinatlı müjdəçilərin Müqəddəs Kitab dərsi keçdiyi bir gənc oğlan «Budur, Mən hər şeyi yeniləşdirirəm» broşürünü tay dilindən lahu dilinə tərcümə etmişdi. Sonra həmin gənc və kənd camaatı birgə yığdıqları pulu və tərcümə olunmuş bu broşürü filiala göndərmişdilər. Onlar məktub yazaraq bildirmişdilər ki, broşürdəki həqiqətləri bütün lahudilli insanların bilmələrini istəyirlər.

 Bir neçə il sonra lahudilli tərcüməçilərə MEPS-lə bağlı təlim keçmək imkanımız oldu. Tərcüməçilərdən biri Çianqmay ofisində xidmət edən yeni vəftiz olunmuş qardaş idi. Biləndə ki, o, broşürü tərcümə edən həmin gənc oğlan imiş, çox sevindik.

 1995-ci ildə Hindistana geri qayıtdıq. Vaxtilə buradakı tərcüməçilərə kömək edirdik ki, MEPS alətlərindən istifadə edərək tərcümə işini irəli apara bilsinlər. Bu gün yerli ərazidə danışılan dillərdə kifayət qədər nəşrimiz mövcuddur. Bu da insanlara bilik almağa və vəftizə doğru addımlamağa kömək edir.

Mükafat dolu həyat

 1999-cu ildən bəri Helenlə birlikdə Britaniya Beytelində xidmət edirik. Biz Baş idarədə MEPS proqramlaşdırma qrupunda işləyirik. Çox xoşbəxtik ki, Londonda vaxtımızın çoxunu qucarat və pəncabdilli sahədə xidmətə sərf edirik. Hər dəfə jw.org saytında yeni dildə nəşrlərin çıxdığını görəndə çalışırıq ərazimizdə həmin dildə danışan insanlara təbliğ edək.

 Çox şadam ki, əyləncəni yox, ruhani məqsədlərimin dalınca getməyi seçdim. Helen və mən arxaya boylananda tamvaxtlı xidmət etmək qərarını verdiyimizə görə əsla təəssüf etmirik. 30-dan çox ölkədə xoş xəbərin hər xalqa, tayfaya, dilə məxsus insanlara car çəkildiyinin şəxsən şahidi olduğumuza görə çox sevinirik (Vəhy 14:6).

a İndi o, çoxdilli elektron nəşriyyat sistemi adlanır. MEPS həmçinin elektron nəşrlərin çap olunması üçün də istifadə olunur.