Kontentə keç

Mündəricatı göstər

BÖLMƏ 3

Problemləri necə həll etməli?

Problemləri necə həll etməli?

«Bir-birinizi hərarətlə sevin, çünki məhəbbət çoxlu günahın üstünü örtür» (1 Butrus 4:8).

Ailə həyatı özü ilə yeni çətinliklər gətirir. Bu problemlər hisslərinizin, müəyyən şeylərə və həyata baxışlarınızın müxtəlifliyindən irəli gələ bilər. Yaxud da onlar kənar və gözlənilməz səbəblərdən qaynaqlana bilər.

Əlbəttə, həyatın reallıqlarından qaçmaq insana asan gələ bilər, ancaq Müqəddəs Kitab bizə problemlərimizlə üzləşməyi məsləhət görür (Mətta 5:23, 24). Problemlərin həllində Müqəddəs Kitab prinsipləri ən yaxşı köməkdir.

1 PROBLEMİ MÜZAKİRƏ EDİN

MÜQƏDDƏS KİTAB DEYİR: «Danışmağın öz vaxtı [var]» (Vaiz 3:1, 7). Problemi müzakirə etmək üçün vaxt ayırın. Məsələ ilə bağlı hisslərinizi və düşündüklərinizi səmimi olaraq həyat yoldaşınızla bölüşün. Ona həmişə «həqiqəti söyləyin» (Efeslilərə 4:25). Hirsinizdən alışıb-yansanız belə, hisslərinizi cilovlayın. Həlim cavab vermək közün üstünə su tökmək kimidir (Məsəllər 15:4; 26:20).

Hətta nə iləsə razılaşmayanda belə güzəştə getməyi bacarın, həyat yoldaşınıza məhəbbət və hörmət göstərməyi unutmayın (Koloslulara 4:6). Problemi mümkün qədər tez həll etməyə çalışın, ağzınıza su alıb oturmayın (Efeslilərə 4:26).

MƏSLƏHƏT

  • Problemi müzakirə etmək üçün münasib vaxt seçin

  • Həyat yoldaşınız danışanda sözünü kəsməyin. Növbə sizə də çatacaq

2 DİQQƏTLƏ QULAQ ASIN VƏ BAŞA DÜŞMƏYƏ ÇALIŞIN

MÜQƏDDƏS KİTAB DEYİR: «Bir-birinizə nəvazişlə qardaşlıq məhəbbəti bəsləyin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın» (Romalılara 12:10). Necə qulaq asmağınız olduqca vacibdir. Həyat yoldaşınızın nöqteyi-nəzərini başa düşməyə, eyni zamanda da dərdinə şərik olmağa və təvazökarlıq göstərməyə çalışın (1 Butrus 3:8; Yaqub 1:19). Yalandan özünüzü dinləyirmiş kimi göstərməyin. Mümkünsə, əlinizdəki işi bir kənara qoyub həyat yoldaşınıza diqqətlə qulaq asın, yaxud da yaranan problemi daha sonra müzakirə edib-edə bilməyəcəyinizi soruşun. Əgər rəqib yox, bir komandanın üzvü olduğunuzu yadda saxlasanız: «Küsəyən olma», — prinsipinə əməl etmək asan olacaq (Vaiz 7:9).

MƏSLƏHƏT

  • Həyat yoldaşınızın dedikləri xoşunuza gəlməsə də, ona qulaq asın

  • Deyilən sözlərin arxasında nə durduğunu anlamağa çalışın. Həyat yoldaşınızın mimikasına, jestlərinə və səs tonuna diqqət yetirin

3 VERDİYİNİZ QƏRARLARA UYĞUN DAVRANIN

MÜQƏDDƏS KİTAB DEYİR: «Hər zəhmətdə fayda var, boş-boş söhbətlər isə insanı ehtiyaca salar» (Məsəllər 14:23). Problemi necə həll etməklə bağlı razılığa gəlmək kifayət deyil. Hər ikiniz də verdiyiniz qərara uyğun davranmalısınız. Bunun üçün çoxlu güc sərf etsəniz də, buna dəyər (Məsəllər 10:4). Əgər bir komanda kimi çiyin-çiyinə çalışsanız, «[çəkdiyiniz] zəhmətin mükafatı gözəl olacaq» (Vaiz 4:9).

MƏSLƏHƏT

  • Problemin həlli üçün hər birinizin ayrı-ayrılıqda nə etməli olduğuna qərar verin

  • Vaxtaşırı olaraq nələrə nail olduğunuzu nəzərdən keçirin