Kontentə keç

Mündəricatı göstər

ON ÜÇÜNCÜ FƏSİL

O, səhvlərindən dərs aldı

O, səhvlərindən dərs aldı

1, 2. a) Yunus peyğəmbərin səhvi ucbatından nə baş verir? b) Yunus peyğəmbərin əhvalatından nə öyrənirik?

YUNUS PEYĞƏMBƏRİN əlində olsaydı, bu dəhşətli səsləri kəsərdi. Bir tərəfdən gəminin kəndirləri arasından vıyıldayan şiddətli küləyin səsi, digər tərəfdən gəmiyə hücum çəkərək onun taxta örtüyünü cırıldadıb inlədən nəhəng dalğaların səsi ona əzab verir. Amma ona ən çox əzab verən gəmini suyun üzündə saxlamağa çalışan gəmiçilərin, kapitanın və ekipajın harayıdır. Peyğəmbər əmindir ki, bu adamları ölüm gözləyir və buna bais odur!

2 Axı o, nə edib? O, Allahı Yehovanın sözündən çıxıb. Görəsən, onun bu səhvi Allahla münasibətinə son qoymayıb? Bu sualın cavabından özümüzə çox şey götürə bilərik. Məsələn, Yunus peyğəmbərin əhvalatından görəcəyik ki, hətta güclü imanı olan insan belə, səhv edə bilər, amma sonra səhvini düzəldə bilər.

Cəliləli peyğəmbər

3—5. a) Yunus peyğəmbərin adı çəkiləndə adətən çoxlarının yadına nə düşür? b) Yunus peyğəmbərin mənşəyi haqda nə məlumdur? (Həmçinin haşiyəyə bax.) c) Nəyə görə İsraildə peyğəmbər olmaq Yunus peyğəmbərə asan və xoş deyildi?

3 Adətən Yunus peyğəmbərin adı çəkiləndə çoxlarının yadına onun itaətsizliyi və tərsliyi düşür. Lakin onun müsbət cəhətləri mənfi cəhətlərindən çox idi. Bildiyimiz kimi, o, peyğəmbər olub. Əgər sadiq və saleh insan olmasaydı, Yehova Allah onu Öz peyğəmbəri seçməzdi.

Yunus peyğəmbərin müsbət cəhətləri mənfi cəhətlərindən çox idi

4 Müqəddəs Kitabda Yunus peyğəmbərin mənşəyi haqda cəmi bir-iki söz yazılıb. (2 Padşahlar 14:25 ayəsini oxu.) O, Nasirə şəhərindən dörd kilometr aralıda yerləşən Cat-Həfərdən idi *. (Yunus peyğəmbərdən təxminən səkkiz yüz il sonra yaşamış İsa peyğəmbər Nasirə şəhərində boya-başa çatmışdı.) Yunus peyğəmbər onqəbiləli İsrail padşahlığının hökmdarı II Ərubamın hakimiyyəti dövründə peyğəmbər olub. O, peyğəmbər olanda İlyas peyğəmbərin vaxtından uzun illər keçmişdi. İlyas peyğəmbərin xələfi Əlyəsə peyğəmbər Ərubamın atasının hakimiyyəti dövründə vəfat etmişdi. Yehova Allah bu iki peyğəmbər vasitəsilə İsraildən Baal dininin kökünü kəsmişdi, amma xalq yenə də yolunu azmışdı. İndi ölkəni Yehova Allahın bəyənmədiyi işlər görən padşah idarə edirdi, camaat da onun yolu ilə gedirdi (2 Pad. 14:24). Bu səbəbdən Yunus peyğəmbərə belə mühitdə peyğəmbər olmaq nə asan idi, nə də xoş. Amma o, heç nəyə baxmayaraq, Allahın həvalə etdiyi işi sədaqətlə yerinə yetirirdi.

5 Bir gün Yunus peyğəmbərin həyatı köklü şəkildə dəyişdi. Yehova Allah ona bir tapşırıq verdi. Bu tapşırıq ona çox çətin gəldi. Gəlin görək Allah Yunus peyğəmbərə nə buyurdu.

«Dur, Neynəvaya... get»

6. Yehova Allah Yunus peyğəmbərə hansı tapşırığı verdi və nəyə görə bu tapşırıq onu qorxutdu?

6 Yehova Allah Yunus peyğəmbərə dedi: «Dur, Neynəvaya, o böyük şəhərə get və hökm xəbərini orada bəyan et, çünki onların şər əməlləri dərgahıma yetişib» (Yun. 1:2). Bu tapşırıq peyğəmbəri qorxuya saldı. Onu başa düşmək olar. Neynəva 800 kilometr şərqdə yerləşirdi. Ora çatmaq üçün piyada haradasa bir ay yol getmək lazım idi. Lakin əsas problem yolun uzaqlığı deyildi, Yunus peyğəmbər Allahın hökm xəbərini aşşurlulara, qəddar, qaniçən bir xalqa çatdırmalı idi. Əgər Allahın xalqının arasında ona qulaq asan az idisə, bu bütpərəstlərdən nə gözləmək olardı?! Peyğəmbər o boyda Neynəvada, «qanlar şəhərində» Allahın tapşırığını təkbaşına necə yerinə yetirəcəkdi? (Nah. 3:1, 7).

7, 8. a) Allahın tapşırığını yerinə yetirməmək üçün Yunus peyğəmbər nə etməyə hazır idi? b) Nəyə görə Yunus peyğəmbərin qorxaq olduğunu düşünməməliyik?

7 Biz bilmirik, bəlkə də, Yunus peyğəmbərin ağlından bu cür fikirlər keçmişdi. Müqəddəs Kitabda təkcə bu yazılıb ki, Yunus peyğəmbər qaçıb getdi. Yehova Allah onu şərqə göndərdi, o isə qərbə doğru, mümkün qədər uzağa üz tutdu. Dəniz sahilindəki Yaffa adlanan liman şəhərinə enib Tarşişə gedən bir gəmi tapdı. Bəzi alimlərin fikrincə, Tarşiş İspaniyanın ərazisində yerləşirdi. Əgər belədirsə, onda Yunus peyğəmbər Neynəvadan təxminən 3500 kilometr uzağa üz tutmuşdu. Böyük dənizin o biri tayına səyahət haradasa bir il çəkirdi. Allahın tapşırığını yerinə yetirməmək üçün peyğəmbər bu qədər yol getməyə hazır idi! (Yunus 1:3 ayəsini oxu.)

8 Belə çıxır ki, Yunus peyğəmbər qorxaq idi? Gəlin nəticə çıxartmağa tələsməyək. İrəlidə görəcəyik ki, o, bir sıra cəsarətli addımlar atmışdı. Amma Yunus peyğəmbər də bizim kimi zəif cəhətləri ilə mübarizə aparırdı (Zəb. 51:5). Məgər elə insan var ki, heç vaxt heç nədən qorxmasın?!

9. Hərdən bizdə Yehova Allahın tapşırığına necə münasibət yarana bilər və bu vaxt nəyi yadda saxlamalıyıq?

9 Hərdən bizə elə gələ bilər ki, Allahın tapşırığını yerinə yetirmək çətindir, hətta mümkün deyil. Allahın Padşahlığını müjdələmək bizim ən ümdə işimizdir. Amma bəzən bu işi icra etməyə qorxa bilərik (Mət. 24:14). Bu zaman İsa peyğəmbərin dediyi bu sözlər asanlıqla yaddan çıxa bilər: «Allah üçünsə mümkün olmayan şey yoxdur» (Mark 10:27). Belə anlarda Yunus peyğəmbərin nə hisslər keçirdiyini başa düşmək olar. Bəs yaxşı, Yunus peyğəmbər gəmiyə minəndən sonra nə oldu?

Yehova Allah itaətsiz peyğəmbərini tənbeh edir

10, 11. a) Gəmi sahildən uzaqlaşanda Yunus peyğəmbər nə fikirləşir? b) Gəmidəkiləri hansı təhlükə gözləyirdi?

10 Gəlin bu səhnəni xəyalımızda canlandıraq: Yunus peyğəmbər ehtimal ki, finikiyalıların yük gəmisinə minir. Kapitan, gəmi heyəti yola çıxmağa hazırlaşır. Gəmi yavaş-yavaş sahildən uzaqlaşır, sahil gözdən itir. Ola bilsin, Yunus peyğəmbər düşünür ki, Neynəvaya getməkdən canını qurtarıb. Amma birdən hava dəyişir.

11 Güclü külək başlayır. Külək dənizi çalxalayır, dalğalar şahə qalxır. Bu dalğalar hətta müasir gəmiləri belə, oyuncaq kimi atıb-tutardı. Bəs ucsuz-bucaqsız dənizdə bapbalaca görünən, taxtadan düzəldilmiş bu gəmi nəhəng dalğalar qarşısında nə qədər davam gətirəcək? Yunus peyğəmbər sonralar yazmışdı ki, dənizin üzərinə güclü külək göndərən Yehova Allah idi. Görəsən, həmin an o, bunu bilirdi? Dəqiq deyə bilmərik. Amma bir şey məlumdur: gəmiçilərin hərəsi öz allahına yalvaranda Yunus peyğəmbər başa düşürdü ki, bunun heç bir xeyri yoxdur (Lav. 19:4). Müqəddəs Kitabda yazılıb: «Gəmi az qala batacaqdı» (Yun. 1:4). Bəs Yunus peyğəmbər hansı üzlə Yehova Allaha dua etsin?! O ki Allahın sözündən çıxmışdı.

12. a) Nə üçün Yunus peyğəmbəri fırtına vaxtı yatdığına görə qınamamalıyıq? (Həmçinin haşiyəyə bax.) b) Fırtınaya kimin səbəbkar olduğunu Yehova Allah necə açır?

12 Yunus peyğəmbər görəndə ki, əlindən heç nə gəlmir gəminin anbarına enib yatır, dərin yuxuya gedir *. Gəminin kapitanı gəlib onu oyadır və deyir ki, durub hamı kimi allahına dua etsin. Gəmiçilər başa düşürlər ki, bu, adi fırtına deyil, buna görə də püşk atıb səbəbkarı tapmaq qərarına gəlirlər. Şübhəsiz, hər dəfə püşk kimdənsə yan keçəndə Yunus peyğəmbərin ürəyi daha da sürətlə döyünür. Tezliklə hər şey aydın olur. Yehova Allah fırtınanın səbəbkarını üzə çıxarır, püşk Yunus peyğəmbərə düşür. (Yunus 1:5—7 ayələrini oxu.)

13. a) Yunus peyğəmbər nəyi boynuna alır? b) Yunus peyğəmbər gəmiçilərə nə deyir və nə üçün?

13 Yunus peyğəmbər hər şeyi açıb gəmiçilərə danışır. Deyir ki, o, Qadir Allah Yehovanın quludur və Allahın verdiyi tapşırıqdan boyun qaçırıb Onu acıqlandırdığı üçün bu fəlakət onların başına gəlib. Hamını dəhşət bürüyür, gözlərdə qorxu oxunur. Gəmiçilər Yunus peyğəmbərdən soruşurlar ki, xilas olmaq üçün nə etsinlər. Peyğəmbər deyir: «Məni qaldırıb dənizə atın, dəniz sakitləşəcək. Çünki bilirəm, bu güclü fırtına mənim ucbatımdan sizi yaxaladı» (Yun. 1:12). Yəqin peyğəmbər coşqun dənizdə, bumbuz suda batdığını gözünün qabağına gətirir, canına titrətmə düşür. Amma onları xilas etməlidir, bu, onun əlindədir. Axı bilə-bilə bu qədər adamı necə ölümə versin?!

14, 15. a) Yunus peyğəmbərin imanını necə örnək ala bilərik? b) Peyğəmbərin sözlərindən sonra gəmiçilər nə etdilər?

14 Sizcə, qorxaq adam deyə bilərdi ki, onu götürüb dənizə atsınlar? Yəqin Yunus peyğəmbərin bu çətin anda göstərdiyi cəsarət və fədakarlıq Yehova Allahı sevindirmişdi. Buradan peyğəmbərin güclü iman sahibi olduğu da görünür. Biz ondan örnək alıb başqalarının rifahını özümüzünkündən üstün tutmalıyıq (Yəh. 13:34, 35). Kiminsə köməyə, təsəlliyə, yaxud ruhani dəstəyə ehtiyacı olanda gəlin fədakarlıq göstərib onlara kömək edək. Onda Yehova Allahı şad etmiş olarıq!

Yunus peyğəmbərin təkidi ilə gəmiçilər onu dənizə atdılar

15 Ola bilsin, Yunus peyğəmbərin sözlərini eşidəndə gəmiçilərin ona yazığı gəldi, çünki əvvəlcə onu dənizə atmaq istəmədilər. Onlar fırtınalı dənizdə yollarına davam etmək üçün əllərindən gələni etdilər, amma xeyri olmadı. Fırtına get-gedə güclənirdi. Axırda gördülər ki, başqa çıxış yolu yoxdur. Yunus peyğəmbərin Allahı Yehovanı çağırıb Ondan mərhəmət dilədilər və peyğəmbəri qaldırıb dənizə atdılar (Yun. 1:13—15).

Mərhəmət və qurtuluş

16, 17. Dənizə atılandan sonra Yunus peyğəmbərin başına nə gəlir? (Həmçinin şəkillərə bax.)

16 Yunus peyğəmbər coşqun dalğaların ağuşuna düşür. Yəqin o, batmamaq üçün çapalayır və köpüklərin, ətrafa sıçrayan damcıların arasından sürətlə uzaqlaşan gəmiyə baxır. Budur, nəhəng dalğalar üstünə aşıb onu suya batırır. Peyğəmbər yavaş-yavaş suya qərq olur və düşünür ki, artıq sonu çatıb.

17 Yunus peyğəmbər həmin vaxt keçirdiyi hissləri sonralar qələmə almışdı. O vaxt bütün həyatı bir an içində gözünün qabağından gəlib keçmişdi. O, Yehova Allahın Yerusəlimdəki gözəl məbədini bir daha görməyəcəyini düşünüb kədərlənirdi. Ona elə gəlirdi ki, get-gedə dənizin dibinə çökür, dağların dibinə enir, yosunlar ona sarılır, bura onun qəbri olacaq. (Yunus 2:2—6 ayələrini oxu.)

18, 19. a) Dənizin dibində Yunus peyğəmbərin başına nə gəlir? b) Peyğəmbəri hansı canlı udur və bu canlını kim yetirmişdi? (Həmçinin haşiyəyə bax.)

18 Amma birdən gözlənilməz bir şey baş verir. Nəhəng, qara bir şey ona sarı üzür. Onun üstünə şığıyır və iri ağzını açıb onu udur!

«Yehova nəhəng bir balıq yetirdi və balıq Yunusu uddu»

19 Bu da son! Amma yox, o, sağdır! Onu heyrət bürüyüb. Onun nə sümükləri sınıb, o nə həzm olunur, nə də boğulur. Əslində, bu yer onun qəbri olmalıdır, amma o, burada diri qalıb. Get-gedə Yunus peyğəmbərin heyrəti daha da artır. Şübhəsiz, bu nəhəng balığı Yehova Allah yetirmişdi * (Yun. 1:17).

20. Yunus peyğəmbərin duasından onun haqqında nə öyrənirik?

20 Saatlar dəqiqələri əvəz edir. Hər yan zülmət qaranlıqdır. Yunus peyğəmbər olub-keçənləri düşünməyə başlayır, Yehova Allaha dua edir. Onun duası «Yunus» kitabının ikinci fəslində yazılıb. Bu duadan Yunus peyğəmbər barədə çox şey öyrənmək olar. Məsələn, onun duasını oxuyanda aydın olur ki, o, Müqəddəs Yazıları yaxşı bilirdi, belə ki, duasında «Zəbur»dan çoxlu sitatlar gətirmişdi. Həmçinin bu ayələrdən görünür ki, o, hər şeyə görə Allaha şükür edirdi. Peyğəmbər deyirdi: «Mən isə Sənə şükranlarla qurban gətirəcəyəm, nəzirimi yerinə yetirəcəyəm, qurtuluş Səndəndir, ey Yehova» (Yun. 2:9).

21. Yunus peyğəmbər nəyi başa düşdü və biz bundan hansı vacib şeyi öyrənirik?

21 Yunus peyğəmbər başa düşdü ki, Yehova Allah hətta «balığın qarnında» onu qorudusa, deməli, xidmətçisi harada olursa-olsun, hansı vəziyyətə düşürsə-düşsün, Allah onun dadına çatacaq (Yun. 1:17). Yalnız Yehova Allah insanı nəhəng balığın qarnında üç gün-üç gecə sağ saxlaya bilər. Biz də yadda saxlamalıyıq ki, nəfəsimiz Yehova Allahın əlindədir (Dən. 5:23). Aldığımız nəfəsə görə, həyatımıza görə Allaha borcluyuq. Bəs buna görə Allaha şükür edirik? Ona tabe oluruq?

22, 23. a) Yunus peyğəmbər Allaha minnətdar olduğunu necə göstərdi? b) Səhvə yol verəndə Yunus peyğəmbərdən necə örnək almalıyıq?

22 Bəs Yunus peyğəmbər haqda nə demək olar? O, Yehova Allaha minnətdar olduğunu əməldə göstərdi? Ona itaət etdi? Bəli. Üç gün-üç gecə keçəndən sonra balıq Yunus peyğəmbəri sahilə, «quruya qaytardı» (Yun. 2:10). Bu qədər şeydən sonra Yehova Allah yenə Yunus peyğəmbərə kömək etdi. Ona üzüb quruya çıxmaq lazım gəlmədi. Amma sahildən o yana gedəcəyi yolu özü tapmalı idi. Çox keçməmiş Yunus peyğəmbər Allaha doğrudan da minnətdar olduğunu sübut etməli oldu. Yunus 3:1, 2 ayələrində deyilir: «Yehovanın sözü ikinci dəfə Yunusa nazil oldu: “Dur, Neynəvaya, o böyük şəhərə get. Sənə deyəcəyim sözləri car çəkib onlara söylə”». Yunus peyğəmbər bu dəfə nə etdi?

23 Müqəddəs Kitabda yazılıb: «Yunus Yehovaya itaət etdi və durub Neynəvaya getdi» (Yun. 3:3). Bəli, o, sözsüz-sovsuz Allaha tabe oldu. Göründüyü kimi, o, səhvindən dərs götürmüşdü. Burada da Yunus peyğəmbərin imanını örnək ala bilərik. Hamımız günahlıyıq və hamımız səhv edirik (Rom. 3:23). Amma ruhdan düşməməliyik, səhvlərimizdən dərs götürməli, Allaha itaətkar olub xidmətimizə davam etməliyik.

24, 25. a) Yunus peyğəmbər hansı mükafatı aldı? b) Gələcəkdə onu hansı nemətlər gözləyir?

24 Allah Yunus peyğəmbərə itaətkarlığının əvəzini verdi. Əvvəla, Yunus peyğəmbər sonralar xəbər tutmuşdu ki, gəmiçilər sağ qalıblar. Onun fədakar addımından dərhal sonra fırtına yatmış, gəmiçilər Yehova Allahdan bərk qorxmuşdular və öz allahlarını qoyub Ona qurban gətirmişdilər (Yun. 1:15, 16).

25 Ən böyük mükafatı isə peyğəmbər sonralar aldı. İsa Məsih özünün qəbirdə neçə gün qalacağını deyərkən Yunus peyğəmbərin nəhəng balığın qarnında qaldığı günləri misal çəkmişdi. (Mətta 12:38—40 ayələrini oxu.) Yunus peyğəmbər Cənnətdə dirilib bunu eşidəndə, sözsüz ki, çox sevinəcək (Yəh. 5:28, 29). Yehova Allah hər birimizə mükafat vermək istəyir. Gəlin Yunus peyğəmbər kimi səhvlərimizdən dərs alaq, Allaha itaətkar olaq və başqalarının rifahını düşünək.

^ abz. 4 Yunus peyğəmbərin Cəlilə bölgəsindən olması maraqlı məqamdır. Çünki fərisilər İsa peyğəmbər barədə təkəbbürlə belə sözlər demişdilər: «Axtarsan, görərsən ki, Cəlilədən peyğəmbər çıxmayacaq» (Yəh. 7:52). Bir çox tərcüməçilərin və tədqiqatçıların fikrincə, fərisilər Cəliləni əhəmiyyətsiz hesab etdikləri üçün düşünürdülər ki, oradan peyğəmbər çıxmayıb və çıxmayacaq. Bu cür düşünməklə fərisilər həm tarixi, həm də peyğəmbərliyi inkar edirdilər (Əşy. 9:1, 2).

^ abz. 12 Yunus peyğəmbərin bərk yatdığını göstərmək üçün Septuagintada onun xoruldadığı yazılıb. Amma bu, o demək deyil ki, onu nə özünün, nə də başqalarının həyatı maraqlandırmırdı. Bir şeyi nəzərə almalıyıq ki, bəzən kədərli olanda insanı yuxu basır. Məsələn, Müqəddəs Kitabda yazılıb ki, İsa peyğəmbər Getsemani bağında əzablı anlar yaşayanda onun həvariləri Butrus, Yaqub və Yəhya kədərdən üzülüb yuxuya getmişdilər (Luka 22:45).

^ abz. 19 «Balıq» sözünün ibrani ekvivalenti yunan dilinə «dəniz əjdahası», «nəhəng balıq» kimi tərcümə olunub. Bunun hansı su heyvanı olduğu məlum deyil. Amma Aralıq dənizində adamı diri-diri uda biləcək qədər böyük olan köpəkbalıqlarına rast gəlmək olar. Başqa yerlərdə bundan da böyük köpəkbalıqları var. Balina köpəkbalığının uzunluğu 15 metrə çatır, hərdən bundan da uzun olur.