Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDA

Duanın önəmi varmı?

Duanın önəmi varmı?

«Əgər Allah hər şeyi, o cümlədən mənim fikirlərimi, nəyə ehtiyac duyduğumu bilirsə, onda dua etmək nəyə lazım?» — deyə soruşa bilərsiniz. Yaxşı sualdır. Məgər İsa peyğəmbər də deməmişdi ki, Allah «Ondan bir şey istəməzdən əvvəl, sizin nəyə ehtiyac duyduğunuzu bilir»? (Matta 6:8). Bu, Davud peyğəmbərə də məlum idi. O yazmışdı: «Sözlərimi dilə gətirməmişdən əvvəl, ya Rəbb, hamısını bilirsən» (Məzmur 139:4). Bəs onda Yaradana niyə dua etməliyik? Bunun cavabını bilmək üçün gəlin Müqəddəs Kitabda Allahın sadiq bəndələrinin duaları haqda deyilənlərə fikir verək *.

«Allaha yaxınlaşın,O da sizə yaxınlaşacaq» (Yaqub 4:8).

DUA İNSANI ALLAHA YAXINLAŞDIRIR

Müqəddəs Kitabda deyilir ki, Yehova * Allah sadiq bəndələri haqda hər şeyi bilir. Amma Onu maraqlandıran təkcə quru faktlar deyil (Məzmur 139:6; Romalılara 11:33). Allahın hədsiz yaddaşı insanlar haqda məlumatların saxlanıldığı kompüter yaddaşından olduqca fərqlidir. O, bizim ən dərin fikirlərimizlə yaxından maraqlanır, çünki istəyir ki, biz Ona yaxınlaşaq (Məzmur 139:23, 24; Yaqub 4:8). Buna görə İsa peyğəmbər Allahın bizim zəruri ehtiyaclarımızdan agah olduğunu bildiyi halda, öz davamçılarını Allaha dua etməyə təşviq edirdi (Matta 6:6—8). Biz nə qədər Yaradanımızla ürəyimizdən keçənləri bölüşsək, bir o qədər Ona yaxınlaşarıq.

Bəzən elə anlar olur ki, biz duada nə deyəcəyimizi bilmirik. Belə vaxtlarda Allah hətta bizim dilə gətirə bilmədiyimiz hissləri bilir. O, vəziyyətimizə tam bələd olduğundan ehtiyaclarımızı buna uyğun ödəyir (Romalılara 8:26, 27; Efeslilərə 3:20). Biz biləndə ki, Allah bizim şəxsi həyatımızla, hətta ən cüzi şeylərlə belə yaxından maraqlanır, özümüzü Ona yaxın hiss edirik.

ALLAH BÜTÜN DUALARA CAVAB VERİR?

Müqəddəs Kitab bizi əmin edir ki, Allah-Taala sadiq bəndələrinin dualarına cavab verir, amma elə dualar var ki, Allah onlara cavab vermir. Bunun da səbəbləri Müqəddəs Kitabda açıqlanır. Misal üçün, qədimdə İsraildə zorakılıq baş alıb gedəndə Allah Öz peyğəmbəri Yeşayaya xalqına növbəti sözləri deməyi tapşırmışdı: «Siz əl açıb Mənə yalvaranda göz yumacağam. Nə qədər çox dua etsəniz də, yenə qulaq asmayacağam. Əlləriniz qanla doludur» (Yeşaya 1:15). Aydındır ki, Allahın qanunlarına saymazyana yanaşanlar və ya yanlış niyyətlə dua edənlər Allahın onların dualarına cavab verəcəyini gözləməməlidirlər (Süleymanın məsəlləri 28:9; Yaqub 4:3).

Müqəddəs Kitabda deyilir: «O, iradəsinə müvafiq olan hər bir diləyimizi eşidir» (1 Yəhya 5:14). Bu o deməkdirmi ki, Allah Ona ibadət edən hər kəsin diləyini avtomatik olaraq yerinə yetirir? Əlbəttə ki yox. Məsələn, götürək Allaha sədaqətlə xidmət edən həvari Paveli. O, üç dəfə Allaha yalvarmışdı ki, bədənini deşən tikanı ondan uzaqlaşdırsın (2 Korinflilərə 12:7, 8). Ola bilsin ki, Pavel xroniki göz xəstəliyindən əziyyət çəkirdi. Kim bilir, bu, ona necə ağrı verirdi! Allah Pavelə şəfa vermək ənamı vermişdi, hətta bir adamı diriltdiyi belə məlumdur, amma öz xəstəliyinə dözməli olmuşdu (Həvarilərin işləri 19:11, 12; 20:9, 10). Allahın dualarına verdiyi cavab istədiyi kimi olmasa da, Pavel cavabı minnətdarlıqla qəbul etdi (2 Korinflilərə 12: 9, 10).

Düzdür, qədimdə yaşamış Allahın bəzi xidmətçiləri öz dualarına möcüzəvi şəkildə cavab almışdılar (2 Padşahlar 20:1—7). Amma o dövrdə belə bu çox nadir hallarda olurdu. Allahın qədimdəki bəzi sadiq bəndələri dualarının uzun müddət cavabsız qaldığını sananda narahat olmağa başlayırdılar. Peyğəmbər Davud Allaha demişdi: «Ya Rəbb, nə vaxtadək, yoxsa əbədilikmi məni unudacaqsan?» (Məzmur 13:1). Ancaq sadiq Davud Yehova Allahın dəfələrlə onun dadına yetdiyini, xilas etdiyini yadına salanda yenidən ürəyində Allaha qarşı etibar yaranmışdı. Elə həmin duada o deyir: «Sənin məhəbbətinə güvənirəm» (Məzmur 13:5). Davud peyğəmbər kimi, bu gün Allaha ibadət edən insanların da dualarına cavab alanadək əzmlə dua etmələri lazım gələ bilər (Romalılara 12:12).

«Biz Allaha müraciət edəndə əminik ki, O, iradəsinə müvafiq olan hər bir diləyimizi eşidir» (1 Yəhya 5:14).

ALLAH DUALARA NECƏ CAVAB VERİR?

Allah zəruri ehtiyaclarımıza laqeyd deyil

Əsaslı səbəblərə görə sevən valideyn hər dəfə uşağının istədiyi şeyi istədiyi vaxt vermir. Buna bənzər tərzdə, Allah da dualarımıza düşündüyümüz kimi və ya gözlədiyimiz anda cavab verməyə bilər. Lakin əmin ola bilərik ki, Yaradanımız qayğıkeş ata kimi, bizim, həqiqətən də, ehtiyac duyduğumuz şeyi lazım olan vaxta və lazımi tərzdə verəcək (Luka 11:11—13).

Allah dualarımıza Müqəddəs Kitab vasitəsilə də cavab verir

Allahın dualarımıza verdiyi cavab ilk baxışdan sezilməyə bilər

Tutalım, uzun müddətdir ki, sizi narahat edən bir problem haqda dua edirsiniz. Dualarımıza möcüzəvi şəkildə cavab almadığımız üçün düşünməliyikmi ki, Yehova onları cavabsız qoyub? Yaxşı olardı ki, biz Allahın ilk baxışdan sezilməyən dəstəyini görməyə çalışaq. Misal üçün, elə ola bilər ki, qayğıkeş dostumuz düz vaxtında dadımıza çatsın (Süleymanın məsəlləri 17:17). Ola bilsin, onu sizin yanınıza Allah yönəldib. Allah dualarımıza Müqəddəs Kitab vasitəsilə də cavab verir. Onun Kəlamını oxuyarkən qarşımıza çətin vəziyyətin öhdəsindən gəlməyə kömək edəcək hikmətli məsləhət çıxa bilər (2 Timoteyə 3:16, 17).

Allah bizə dəstək olacaq dostlarımızı düz vaxtında yanımıza göndərə bilər

Çox vaxt Allah Ona dua edənlərin şəxsi problemlərini aradan qaldırmır, əksinə, həmin problemə tab gətirmələri üçün onlara güc verir (2 Korinflilərə 4:7). Məsələn, İsa peyğəmbər üzləşəcəyi dəhşətli bir sınağın Allahın adını rüsvay edəcəyindən qorxurdu. Buna görə Ondan xahiş etdi ki, bu sınağın qarşısını alsın. Lakin Yehova onu ürəkləndirmək üçün yanına bir mələk göndərdi (Luka 22:42, 43). Buna bənzər tərzdə, Yehova bizə təsəlli verəcək dostumuzu düz vaxtında yanımıza göndərə bilər (Süleymanın məsəlləri 12:25). Bu kömək ilk baxışdan sezilmədiyi üçün Yehovanın dualarımıza verdiyi bu cür cavabları görməyə çalışmalıyıq.

Allah dualarımıza cavab verməyin vaxtını bilir

Müqəddəs Kitabda deyilir ki, Külli-İxtiyar Allah təvazökar insanlara «vaxtı gələndə» lütf göstərir (1 Peter 5:6). Əgər bizə elə gəlirsə ki, ürəkdən etdiyimiz duaların cavabı gecikir, Yehovanın bizə qarşı etinasız olduğu qənaətinə gəlməməliyik. Bizdən fərqli olaraq, hər şeydən xəbərdar olan Yaradanımız dualarımıza cavab verməyin münasib vaxtını gözləyir.

«Təvazökar olub qüdrətli Allaha boyun əyin. Vaxtı gələndə O, sizi ucaldacaq» (1 Peter 5:6).

Bir nümunəyə baxaq. Deyək ki, balaca oğlunuz velosiped istəyir. Siz onun xahişini dərhal yerinə yetirəcəksiniz? Əgər uşağınıza velosiped almaq hələ tezdirsə, düşünə bilərsiniz ki, onu indi yox, vaxtı çatanda alsanız yaxşıdır. Əgər biz dua etməyə davam etsək, Yehova da vaxtı gələndə bizi ürəyimizin istəklərinə çatdıracaq (Məzmur 37:4).

ƏMİN OLUN Kİ, YEHOVA DUALARINIZI DİNLƏYİR

Allah istəmir ki, sadiq bəndələri usanmadan dua etməyin əbəs olduğunu düşünsünlər. Fikirləşə bilərsiniz ki, bunu demək etməkdən asandır. Həqiqətən də, əgər biz uzun müddət hansısa problemdən, yaxud da ədalətsizlikdən əziyyət çəkiriksə, Allahdan cavab gözləməyə səbrimiz çatmaya bilər. Amma yaxşı olardı ki, İsa Məsihin davamlı şəkildə dua etmək barədə dediyi sözləri unutmayaq.

İsa peyğəmbər ədalətsiz hakimdən durmadan öz haqqını tələb edən bir kasıb qadını nümunə çəkdi (Luka 18:1—3). Hakim bir müddət ona kömək etməkdən imtina etsə də, sonra ürəyində fikirləşdi: «Gərək onun işi ilə əlaqədar ədalətli hökm çıxarım ki, daha gəlib baş-beynimi aparmasın» (Luka 18:4, 5). Orijinal mətnə əsasən, hakim dul qadının işinə ona görə ədalətlə baxdı ki, qadın «onun gözünün altını qaraltmasın» və ya məcazi dillə desək, «onun adına xələl yetirməsin *». Əgər hakim öz adına görə kasıb dul qadına kömək etdisə, onda qayğıkeş Yaradanımızın «Ondan gecə-gündüz imdad diləyən seçilmişləri üçün ədaləti» bərpa edəcəyi nə qədər yəqindir? İsanın dediyi kimi, Allah «onlar üçün ədaləti tezliklə bərpa edəcək» (Luka 18:6—8).

«Durmadan diləyin, sizə veriləcək» (Luka 11:9).

Bəzən Allahdan imdad və ya lütf diləməkdən yorulsaq da, heç vaxt təslim olmamalıyıq. Durmadan dua etməklə Allahın bizə kömək etməsini səmimi-qəlbdən arzuladığımızı göstəririk. Biz həmçinin Yehovanın dualarımıza necə cavab verdiyini öyrənirik və nəticədə Ona daha da yaxın oluruq. Bəli, əmin ola bilərik ki, əgər diləməyə davam etsək, Yehova dualarımızı cavabsız qoymayacaq (Luka 11:9).

^ abz. 3 Əgər biz istəyiriksə ki, Allah dualarımızı qəbul etsin, gərək Onun buyruğuna səmimi-qəlbdən əməl edək. Belə etdiyimiz təqdirdə, bu məqalədə deyildiyi kimi, dua etməyin bizə xeyri olacaq. Əlavə məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 17-ci fəslinə baxa və ya www.pr418.com/az-latn saytına daxil ola bilərsiniz.

^ abz. 5 Müqəddəs Kitabda açıqlanır ki, «Yehova» Allahın adıdır.

^ abz. 22 Qədim dövrlərdə Allah İsrail hakimlərindən dul qadınlara və yetim uşaqlara xüsusi diqqətlə yanaşmağı tələb edirdi (Qanunun təkrarı 1:16, 17; 24:17; Məzmur 68:5).