Kontentə keç

Mündəricatı göstər

AİLƏLƏRƏ KÖMƏK | GƏNCLƏR

Valideyn itkisi

Valideyn itkisi

PROBLEM

Atası anevrizma xəstəliyi ucbatından həyatını itirəndə Daminin cəmi altı yaşı var idi. Derikin doqquz yaşı olanda atası ürək xəstəliyindən vəfat etmişdi. Uzun sürən xərçəng xəstəliyi yeddi yaşlı Ceninin anasını əlindən almışdı *.

Bu uşaqların üçü də valideynini itirib. Əgər bu, səninlə də baş veribsə, onda bu məqalə onların itkisi ilə barışmağına kömək edə bilər *. Gəl əvvəl kədər hissi ilə bağlı bəzi faktlara nəzər salaq.

NƏYİ BİLMƏLİSƏN?

Kədər hamıda eyni olmur. Bu, o deməkdir ki, hərə kədərini bir cür büruzə verir. Bir kitabda deyilir: «Kədərin öhdəsindən gəlməyin düsturu yoxdur» («Helping Teens Cope With Death»). Əsas odur ki, könlündəki dərd-qəmi boğmayasan. Nəyə görə? Çünki...

Kədəri gizlətmək zərərlidir. Haqqında danışdığımız Ceni deyir: «Düşünürdüm ki, yaşca kiçik olan bacıma görə möhkəm olmalıyam, buna görə də hisslərimi boğurdum. Günü bu gün də qəm-qüssəmi gizlətməyə çalışıram, bu isə sağlamlığa ziyandır».

Mütəxəssislər də belə hesab edir. Bir kitabda yazılıb: «İnsan hisslərini heç vaxt tamamilə boğa bilməz. Bu hisslər nə vaxtsa özünü büruzə verəcək: insan ya bir gün hisslərini cilovlaya bilməyib özündən çıxacaq, ya da səhhətində problemlər yaranacaq» («The Grieving Teen»). Kədərini boğmağa çalışan insan qəlb ağrısını unutmaq üçün içkiyə və ya narkotikə aludə ola bilər.

Kədər qarışıq hisslərlə müşayiət olunur. Məsələn, bəziləri ölən insanı «niyə məni atıb getdin» sözləri ilə günahlandırır. Digərləri «ey Allah, niyə qoydun o ölsün» deyib Allahı təqsirləndirir. Bir başqaları isə həyatını itirən insana dedikləri hansısa sözə və ya etdikləri hansısa hərəkətə görə özlərini qınayırlar, çünki səhvlərini düzəltmək artıq mümkün deyil.

Bəli, kədər özünü müxtəlif cür büruzə verir. Bəs sən özünü ələ alıb həyata davam etmək üçün nə edə bilərsən?

SƏN NƏ EDƏ BİLƏRSƏN?

Ürəyini kiməsə boşalt. Sənin üçün ağır bir dövr olduğuna görə, bəlkə də, tək qalmaq istəyəcəksən. Amma ailə üzvünə və ya dostuna ürəyini boşaltsan, hisslərinlə mübarizə apara biləcəksən və kədərin səni üstələməsinə yol verməyəcəksən (Müqəddəs Kitab prinsipi: Məsəllər 18:24).

Gündəlik tut. Vəfat etmiş valideynin haqqında ən xoş xatirələrini, onda bəyəndiyin xüsusiyyətləri yaz. Sən ona nədə bənzəmək istəyərdin?

Əgər mənfi fikirlər səni rahat buraxmırsa, məsələn, valideynin ölməzdən bir müddət əvvəl ona qarşı kobudluq etmisənsə, keçirdiyin hissləri səbəbini yaz. Belə başlaya bilərsən: «Özümü günahkar hiss edirəm, çünki atam ölməzdən bir gün əvvəl onunla mübahisə etmişdim».

Sonra özünü günahlandırmağının nə üçün əsassız olduğunu düşün. Bir kitabda yazılır: «Üzr istəmək üçün daha heç vaxt imkanının olmayacağını bilə bilməzdin, buna görə də özünü günahlandırma. Mümkün deyil ki, insan həyatı boyu sonradan peşman olacağı hər hansı bir söz deməsin» («The Grieving Teen») (Müqəddəs Kitab prinsipi: Əyyub 10:1).

Sağlamlığına fikir ver. Kifayət qədər istirahət et, idmanla məşğul ol, düzgün qidalan. Əgər iştahan yoxdursa, heç olmasa, iştahan olana kimi gün ərzində bir neçə dəfə sağlam qəlyanaltı et. Kədərini qeyri-sağlam qidalarla və spirtli içkilərlə boğmağa çalışma. Onların ziyandan başqa heç bir xeyri yoxdur.

Allaha dua elə. Müqəddəs Kitabda deyilir: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar» (Zəbur 55:22). Dua insanın özünü sakitləşdirməsi üçün bir vasitə deyil. Bu, «hər dərdimizdə bizə təsəlli» verən Allahla söhbətdir (2 Korinflilərə 1:3, 4).

Məsələn, Allah bizə təsəllini Öz Kəlamı vasitəsilə verir. Buna görə də məsləhət görərdik ki, ölən insanın hal-hazırda harada olduğu haqda və dirilmə ümidi barədə Müqəddəs Kitabda nə deyildiyini araşdırasan * (Müqəddəs Kitab prinsipi: Zəbur 94:19).

^ abz. 4 Dami, Derik və Ceninin yaşadıqları haqda növbəti məqalədən daha ətraflı öyrənə bilərsən.

^ abz. 5 Bu məqalədə söhbət atanın və ya ananın ölümündən getsə də, yaxın qohumunu və ya dostunu itirən hər kəs buradakı məsləhətlərdən faydalana bilər.

^ abz. 19 «Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1» kitabının 16-cı fəslinə bax. Kitabı www.pr418.com/az saytından pulsuz yükləyə bilərsən. NƏŞRLƏR bölməsinə daxil ol.